A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, gənc siyasi tədqiqatçı Nərgiz Hacıyeva Yaponiya Xarici İşlər Nazirliyi və Yaponiya höküməti tərəfindən maliyyələşdirilən 2022-2023-cü illər üzrə MIRAI proqramı çərçivəsində bir illik Qanunun aliliyi (Rule of Law) proqramını uğurla bitirib.

Proqramın davamı olaraq, N.Hacıyeva Yaponiya XİN, Yaponiya Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Yaponiyanın ən böyük hüquq şirkəti olan Nishimura&Asahi və nüfuzlu Kyoto Universitetinin Hüquq məktəbində işguzar səfərdə olub.

Proqram çərçivəsində Yaponiya XİN-nin rəsmiləri xarici siyasət mövzularında çıxış ediblər və MIRAI məzunları ilə müzakirələr aparılıb. Görüşdə Nərgiz Hacıyeva Yaponiyanın məşhur TEPSCO şirkətinin Azərbaycanın Qarabağ bölgəsinə qoyduğu sərmayə, eləcə də Azərbaycan və Yaponiya arasındakı əməkdaşlıq barədə məlumat verib.

İşgüzar səfər zamanı N.Hacıyeva Yaponiya Ədliyyə Nazirliyi nəzdində Tədqiqat və Təlim İnstitutu və Beynəlxalq əməkdaşlıq departamentinin təşkil etdiyi tədbirdə də müzakirələrə qatılıb. UNEC-in nümayəndəsi Yaponiya Ali Məhkəməsi tərəfindən həyata keçirilən seminarlarda da iştirak edərək, Yaponiya hüququ, Saiban-in sistemi və məhkəmə prosesi ilə yaxından tanış olub.

N.Hacıyeva eyni zamanda, Kyoto Universitetinin Hüquq fakültəsinin (School of Law) Beynəlxalq hüquq üzrə professoru HAMAMOTO Şotaronun mühazirəsinə qatılaraq, yaponiyalı tələbələrlə beynəlxalq hüquqi çərçivədə ərazi münaqişələrin həllinin nə dərəcədə real olması üzrə səmərəli müzakirələrdə iştirak edib.

N.Hacıyeva Kyoto Universitetində “Siyasət və beynəlxalq hüquq qarşı-qarşıya: həqiqətən də beynəlxalq hüquq bu gün özünü doğruldurmu?” mövzusunda hesabat çıxışı edib. O, çıxışında müxtəlif dövlətlər nümunəsində ərazi münaqişələrinin həlli istiqamətində hüquq və siyasətin toqquşması, siyasi güclərin milli maraqları, dövlətlərin “üçlük neksus” strategiyası olan daxili siyasət, xarici siyasət və milli maraqlar, hüquqi konvensiyalar və çərçivə sənədlərinin icra çatışmazlığı mövzusuna toxunaraq izahlı təhlillər gətirib.

Gənc tədqiqatçı Yaponiyanın ən böyük hüquq şirkəti olan NISHIMURA&ASAHI-də tanınmış vəkillərin sessiyasında, eləcə də aktiv müzakirələrdə iştirak edib.

TOP XƏBƏRLƏR