A

UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və UNEC İslam Maliyyə mərkəzinin birgə təşkilatçılığı ilə “COVİD-19 pandemiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadiyyatına təsiri: təhlil və qiymətləndirmə” mövzusunda onlayn Beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycan, Türkiyə və Rusiya universitetlərinin professor-müəllim heyəti və tədqiqatçıları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan İslam Maliyyə mərkəzinin rəhbəri professor Zahid Məmmədov qonaqları salamlayıb və iştirak üçün hər birinə təşəkkür edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə mövzunun aktuallığını, dünyanı narahat edən, hamımız üçün problemlər yaradan bir məsələnin müzakirəsinin vacib olduğunu qeyd edib. Əslində İslam Dünyasının uzun illər, əsrlər boyu bir çox qlobal xəstəliklərlə üzləşdiyini, amma bugünkü qloballaşan dünyada gedən proseslər baxımından qiymətləndirərkən şübhəsiz ki, islam dünyası ölkələrinin də bir çox itkilərlə üzləşəcəyini bildirib. Məruzəçi islam dünyası ölkələri arasında konsensus olmasının vacibliyini vurğulayıb. O, həmçinin XV, XVI, XVII və daha əvvəlki əsrlərdə İslam ölkələri arasında nisbətən birlik olduğunu, bu gün qloballaşan dünyada bu ölkələr arasında birliyin o qədər də olmamasını bu ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyini səbəb kimi göstərib. Ona görə İslam Ölkələri Təşkilatının ilk növbədə İslam dünyasının inkişaf strategiyası barədə düşünməli olduğunu, İslam dünyası ölkələri alimlərdən ibarət qrupun yaranmasını, İslam ölkələrinin inkişaf strategiyası barədə düşüncələrin ümumiləşdirilməsinin labüdlüyünü qeyd edib. Azərbaycanın İslam dünyası ölkələri ilə əlaqədar olaraq çox böyük təşəbbüslə çıxış etdiyini və 57 ölkənin nümayəndəsinin Azərbaycana gəlişini misal göstərib. Sonda akademik İslam Dünyası ölkələrinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, iqtisadi baxışların bir araya gətirilməsi, qısa zaman kəsiyində bu işçi qrupunun üzvləri ilə əlaqələrin yaradılması, plan əsasında bölgü aparılması, onların təklifləri nəticəsində yekun bir sənədin, yekun strateji proqramın strukturunun hazırlanması təklifi ilə çıxış edib.

Konfransın məruzəçisi, Türkiyənin Sakarya Universitetinin Siyasi Elmlər fakültəsinin professoru Selim İnançlı çıxışında pandemiyanın iqtisadiyyata təsirlərinə diqqət çəkib. Pandemiyanın 1-2 ay ərzində idarə edilə bilinməyəcəyi təqdirdə, dünyanın ciddi tənəzzül riski ilə üz-üzə qalacağını bildirən İnançlı, xammal və aralıq malların tədarükü məsələsində Çindən asılılığın bu prosesi idarə etməyi çətinləşdirdiyini vurğulayıb. O, həmçinin bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətləri inkişaf səviyyələrinə və daxili siyasi disbalansa görə böhranı daha intensiv yaşayacaqlar. İslam ölkələrinin iqtisadi gəlir mənbəyindən biri olan neftin qəfil dəyərdən düşməsini və bu ölkələrin ciddi işsizlik və iqtisadi böhran təhlükəsi keçirdiyini, bu mümkün risklərin həlli kimi İslam İnkişaf Bankı, BVF və Dünya Bankı tərəfindən epidemiyaya qarşı açılan yardım paketlərindən faydalanmağın vacib töhfə verə biləcəyini qeyd edib.

Sakarya Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin müdiri, Doç.Dr. Köksal Şahin pandemiyanın dünya siyasətinə və iqtisadiyyatına təsirlərini qiymətləndirib, bildiyimiz dünya sisteminin ciddi bir dönüş ərəfəsində olduğunu, milli dövlətlərin və sərhədlərin yaxın gələcəkdə artacağını və qloballaşmanın ciddi bir problemlə üzləşəcəyini vurğulayıb. İqtisadiyyatda Keyns siyasətinə dönüşü gözlədiyini qeyd edən Köksal Şahin bunun ilk əlaməti olaraq səhiyyə sektorunda ciddi milliləşdirmə və dövlətləşdirmə tədbirlərinin olacağını bildirib. Səhiyyə sektorundan əlavə qida və kənd təsərrüfatı sektorunun müdafiə kimi strateji sektorlardan birinə çevriləcəyini, bununla yanaşı, bu mövzuda müdafiəni prioritet sayan və səhiyyə sektorunu ikinci plana atan ölkələrin bu epidemiyada yaxşı bir imtahan verə bilməyəcəyini vurğulayıb.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, dosent Elşad Səmədzadə çıxış edərək bəşəriyyətin davamlı  inkişafının təmini uçun gərəkli olan iqtisadi modelin islam prinsipləri üzərində qurulan “Halal iqtisadi model” olduğunu bildirib. İslam ölkələrində təbii sərvətlər əsasında yaradılan rifah fondları vəsaitinin bir hissəsinin islam ölkələrinə yatırılmasının vacib oldugunu vurğulayıb. Bunun üçün İƏT nəzdində makro iqtisadi vəziyyəti təhlil edəcək reytinq agentliyinin yaradılması zəruriliyini əsaslandırıb.

UNEC İslam Maliyyə mərkəzinin üzvü Əfqan Musayev İslam ölkələrinin “vahid islam normalarına” riayət etmədiyini, bu müxtəlifliyin siyasi həyatlarında olduğu kimi iqtisadi həyatlarında da əks olunduğunu, bu baxımdan islam ölkələrinin altı şərti kateqoriya üzrə təhlil edildiyini bildirib. Asiya, Afrika və Avropa qitələrində yerləşən islam ölkələrinin dünya dövlətlərinin 4/1-ni əhatə etməsinə baxmayaraq ümumislam siyasətinin qurulmadığını, neft-qaz emalı və xammal satışı ilə məşğul olan dövlətərin iqtisadiyyatında eniş olacağı,  daxili istehsalını gücləndirərək, eksport yönümlü iqtisadiyyata malik ölkələrdə isə tərəqqi olacağı fikrində olduğunu bildirib. Məruzəçi cıxışında  bütün islam ölkələrinin iştirakı ilə “işçi qrupu” yaradılmasını və tədqiqatların genişləndirilməsinin əhəmiyyətli olacağı fikrində olduğunu bildirib. Bu istiqamətdə müvafiq islam ölkələrinin  regional-iqtisadi fəaliyyəti üzrə mütəxəssislərə ehtiyac olduğunu, əsasən islam ölkələrinin ərazisindən keçən “bir kəmər bir yol” layihəsindən səmərəli istifadə etmək, rəqabətə davamlı məhsul istehsal etməli olduqlarını da xüsusilə qeyd edib.

UNEC Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı, İqtisadi Resursların öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev beynəlxalq aləmdə vüsət alan koronavirus pandemiyasının hər keçən gün daha çox insanın xəstələnməsinə və ölümünə səbəb olmaqla yanaşı, dünya iqtisadiyyatına ağır zərbələr vurmasından söz açıb,  bütün bunların  qlobal səviyyədə kasıbçılığın, səfilliyin  və onun  ən ağır nəticələri olan aclığın  artmasına gətirib  çıxaracağını  vurğulayıb. Çıxış yolu kimi İƏT-in üzvü olan kasıb ölkələrə yönəldilmiş daxili yardımlaşmanın daha da genişləndirilməsini, o cümlədən, İƏT-in üzv olan ölkələr arasında investisiyanın, əmtəələrin və xidmətin daha da asanlaşdırılması istiqamətində təcili institusional addımlar atılmasını, İƏT ölkələri arasında texnologiyaların, innovasiyaların yayılmasının   gücləndirilməsini təklif edib.

Rusiya Federasiyasının Kabardin-Balkar Dövlət Aqrar Universitetinin Maliyyə Tədqiqatlar Mərkəzinin tədqiqat laboratoriyasının müdiri, dos. Tənzilə Sozayeva COVID-19 pandemiyasının ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət olaraq eyni zamanda həm iqtisadi böhran, həm sosial böhran və nəticədə insan haqları böhranına gətirib çıxardığını qeyd edib. Pandemiyanın fəsadlarını aradan qaldırmaq, o cümlədən səhiyyə və maliyyələşdirmədə ikiqat sarsıntılarla üzləşən ölkələrə yardım etmək üçün intensiv çoxtərəfli əməkdaşlıq tələb olunduğunu, virusun yayılmasını yavaşlatmaq və COVID-19 üçün peyvənd və müalicə hazırlamaq üçün ölkələrin dərhal birlikdə işə başlamalarının zəruri olduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay