“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti tədbir UNEC Biznes Məktəbinin (MBA) “Biznesin idarə edilməsi” kafedrasının təşkilatçılığı və Kitabxana İnformasiya Mərkəzinin (KİM) dəstəyi ilə baş tutub. Richard Brealey, Stewart Myers, Franklin Allen “Principles of Corporate Finance” (13th edition) kitabının müzakirəsi keçirilib.
“Biznesin idarəedilməsi” kafedrasının müdiri dos. Sevər Məmmədova, proqram rəhbəri Nigar Aslanova, kafedranın müəllimləri Fuad Qasımov, Emil Hacıyev, Fuad Hacıyev, Nigar Hüseynli, Cəmilə Musayeva və Tural Əbdülhəsənovun iştirakı ilə baş tutan müzakirədə kitabın dünyanın aparıcı universitetlərində tədris prosesində çox geniş istifadəsi üçün əsas dərs vəsaitlərindən biri olması, həmçinin çox anlaşılan, sadə dildə yazılması və bu səbəbdən “Korporativ maliyyə” fənninin tədrisi üçün əsas dərs vəsaiti kimi məhz bu kitabın uyğun görülməsi vurğulanıb.
Həmçinin müzakirədə kitabda hər mövzuya aid ayrıca test və məsələlər toplusunun mövcudluğunun kitabın praktiki əhəmiyyətini bir daha artırması da qeyd edilib.
Kitabın rus dilində tərcüməsinin olması, bunun rus bölməsində təhsil alanların həmin fənnin tədrisinin keyfiyyətinin artırılmasına imkan yaratması söylənilib. Həmçinin təklif olunub ki, kitabdakı müəyyən bölmələrin tədrisi üçün Universitetin Bloomberg laboratoriyasından istifadə edilsin.
Sonda “Korporativ maliyyə” fənni üzrə əsas dərslik kimi məhz bu kitabdan istifadə olunmasına qərar verilib. Eyni zamanda, kitabın Azərbaycan dilinə tərcüməsi məqsədilə müəlliflərdən icazə üçün müraciətin hazırlanması və müsbət cavab gəldiyi halda kafedra tərəfindən zəruri işlərin görülməyə başlanması qərara alınıb. Bu kitab əsas dərslik kimi istifadə olunsa da, sillabus, mühazirələrin, praktiki məsələlərin tərtibatında “Korporativ maliyyə” fənni üzrə əlavə olaraq, Conatan B. Berk, Peter M. DeMarzo “Corporate Finance” kitabından da faydalamaq məsləhət görülüb.