A

Ümummilli liderin barəsində nə qədər yazsaq belə, sözlər yetərsiz qalar. Bu dahi şəxsiyyətin xalqımız, müstəqil Azərbaycanımız üçün etdiyi misilsiz fədakarlıqlarını, xidmətlərini saymaqla bitməz.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu, eləcə də Azərbaycan gəncliyinin dönüş nöqtəsi oldu. Onun gəlişi ilə gənc nəslə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən ən önəmlisinə çevrildi. Ulu Öndər sağlam düşüncəyə malik olan bir nəsli yetişdirməyi dövlət və cəmiyyətin ən mühüm vəzifəsi olaraq görürdü. Onun bu sahədə siyasəti gənclərin yüksək təhsil almasına, bilik və bacarıqlarının artırılmasına, sosial rifahının yaxşılaşdırılmasına, eləcə də mənəvi-əxlaqi tərbiyəsinin milli dəyərlərə əsaslanaraq formalaşdırılmasına xidmət edirdi.

Heydər Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqəti ilə seçilən, onların problemləril ilə daim maraqlanan dahi lider idi. Ulu Öndər Azərbaycanımızı gənclər ölkəsi, gənclərimizi isə Azərbaycanın gələcəyi adlandırırdı. Məhz ona görə də gənclərimizin Azərbaycan vətəndaşı, əsl şəxsiyyət, fərd olaraq formalaşmasında Ulu Öndərin misilsiz xidmətləri, xüsusi əməyi vardır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin düzgün həyata keçirilməsini çox önəmli və vacib məqam kimi görür və çıxışlarında qeyd edirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Ona görə ki, Azərbaycan Prezidenti kimi, mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə 15 mindən çox azərbaycanlı gəncin SSRİ-nin ayrı-ayrı nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün göndərilməsini təmin etmişdi. Həmin gənclər ölkəyə qayıtdıqdan sonra ali təhsilli mütəxəssis kimi ölkənin iqtisadi inkişafı istiqamətində uğurlu xidmətlər göstərirdilər. Həmin dövrdə hər il Azərbaycandan kənarda təhsil almaq üçün 800 tələbə göndərilirdi. Gənclərimiz Sankt-Peterburqda, Xarkovda, Minskdə, Kiyevdə təhsil alırdılar. Onlar doğma Azərbaycanımızın daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər. Ulu Öndərin uzaqgörən, düşünülmüş siyasəti Azərbaycanımızın istənilən problemdən alnıaçıq çıxmasını təmin etdi.

Ulu Öndər həmçinin deyirdi: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Bu gün əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş gənclər siyasəti möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, biz gənclərin idealı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həmin siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə bütün sahələrdə insan kapitalının formalaşması, savadlı gənc kadrların yetişməsi üçün hər bir şərait yaradılır, onların yenilikçi, novatorçu ideyalarının həyata keçirilməsinə dəstək verilir və dövlət qayğısı göstərilir. Hər bir Azərbaycan gəncı ona verilən bu etimadı doğrultmağa çalışır.

Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin gəncliyimizə və gənclərimizə diqqət və qayğısının yeni mərhələsindəyik. Harada yaşamasından, təhsil almasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan gəncləri onlara göstərilən bu diqqət və qayğını yüksək qiymətləndirməklə yanaşı, məsuliyyətini dərk edirək, möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm strateji vəzifələrin uğurla həyata keçirilməsinə, ölkəmizin davamlı inkişafına, müzəffər dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir.

Gənclər siyasətinin uğurlu nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin inkişafında, mühüm sosial təbəqə kimi bütün proseslərdə fəal iştirak edir, iqtisadiyyat, mədəniyyət, elm, incəsənət, bir sözlə, bütün sahələrdə böyük nailiyyətlər qazanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər.

Hazırda ölkəmizdə yüksək vətənpərvərlik hissinə, intellektual səviyyəyə, milli düşüncəyə malik olan gənc nəsil formalaşmaqdadır. Respublika gənclərinin ölkəmizin ictimai-siyasi həyatında rolu günü-gündən artmaqdadır. Ölkəmizdə mövcud olan çoxsaylı gənclər təşkilatları dövlətimizin yaratdığı xüsusi diqqət sayəsində fəaliyyətini uğurla davam etdirilir. Məhz dövlətimizin gənclərimizə göstərdiyi mühüm dəstəyinin nəticəsində Azərbaycan gəncliyində özünə, istedad və bacarığına inam hissi artmışdır. Gənclərimiz öz növbələrində dövlətimizin onlara göstərdiyi qayğısını hər zaman hiss edib, nailiyyətləri ilə onlara olan yüksək etimadı layiqincə doğrultmağa var-gücləri ilə çalışırlar.

Əminik ki, respublikamızda gənc nəslin cəmiyyətdə fəal iştirakının təmin olunması, onların problemlərinin həlli istiqamətində həyata keçirilən bütün tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Ölkəmizin sağlam gələcəyinin əsas təminatçısı olan gənclərimiz müstəqil və bütöv Azərbaycan naminə Heydər Əliyev irsinin layiqli davamçısı, dünya siyasətçiləri sırasında əvəzsiz yeri olan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan, gənclərin idealı və fəxri İlham Əliyevin ətrafında sıx birləşərək, onun siyasətini dəstəkləyirlər. Çünki onun düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin, müasir tələblərə uyğun ordu quruculuğunun və düzgün diplomatik səylərinin nəticəsində bugün ölkəmizin adı artıq dünyanın ən inkişaf etmiş dövlətləri sırasında çəkilir, əldə etdiyimiz mühüm uğurlar dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Orxan VƏLİYEV
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Maliyyə və mühasibat fakültəsinin 4-cü kurs tələbəsi

TOP XƏBƏRLƏR