A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. 

Konfransda Rusiya, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı universitetlərinin rəhbərləri, millət vəkilləri, eləcə də ölkədə sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovun moderatorluğu ilə keçirilən konfransda sahibkarlıq təhsilinin ölkələrin iqtisadi inkişafına müsbət təsirləri, bu sahənin güclü bir resurs kimi istifadə olunma imkanları müzakirə olunub.

Konfrans çərçivəsində Tümen Dövlət Universitetinin rektoru dosent İvan Romançuk, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər siyasəti və tərbiyə fəaliyyəti departamentinin direktor müavini Aleksandr Vedexin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Macarıstanın Dunaujvaros Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri professor Andrea Keszi-Szeremlei,  Qazaxıstanın Kunayev Universitetinin strateji inkişaf, beynəlxalq əlaqələr və kommersiyalaşdırma üzrə prorektoru dosent Elvira Omurçiyeva, UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova konfransın açılışında  çıxış edərək UNEC-in Rusiya ali təhsil müəssisələri ilə əlaqələrindən bəhs edib. O, UNEC-in Rusiyanın bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini və ikili diplom proqramları həyata keçirdiyini vurğulayıb. Həmçinin, UNEC-in Rusiyada filialı olan yeganə Azərbaycan universiteti olduğunu xüsusi qeyd edib.

UNEC-in Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə keçirilən konfrans öz işini panel müzakirələrlə davam etdirib. Müzakirələr çərçivəsində “Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”, “Ali təhsil sistemində sahibkarlıq ekosistemi” və “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iki gün davam edəcək.

TOP XƏBƏRLƏR