A

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi və UNEC-in birgə təşkilatçılığı ilə 24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Gününə həsr olunan “Çoxtərəfliliyin təşviqində gənclərin rolu” adlı panel müzakirələr keçirilib.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi katibliyinin rəhbəri Ceyran Cəfərovanın moderatorluğu ilə keçirilən müzakirələrdə UNEC-in rektoru professor Ədalət Muradov, XİN-nin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə çıxış ediblər.

UNEC rektoru professor Ədalət Muradov rəqəmsal texnologiyaların cəmiyyətdə yaratdığı köklü dəyişikliklərdən söz açaraq, gənclərin bu istiqamətdə aparıcı qüvvə olduğunu deyib. Rektor Prezident İlham Əliyevin imzaladığı “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Sərəncamın önəminə diqqət çəkib, UNEC-də QH-na üzv olan 5 ölkədən 6 tələbənin bakalavr və magistratura pilləsində, bir nəfərin isə doktorantura təhsili aldığını bildirib. Ədalət Muradov Qoşulmama Hərəkatına gənclərin təşviqini artırmaq məqsədilə UNEC-də QHGŞ-nın nümayəndəliyinin açılmasını, eləcə də QH-nın fəaliyyətinin tədqiq edilməsi üçün tədqiqat mərkəzinin yaradılmasını və hər il QH-na üzv ölkələrdən bir nəfər doktorantın universitet büdcəsi hesabına UNEC-də təhsil alması barədə təkliflərlə çıxış edib.

XİN-nin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Qoşulmama Hərəkatının yaradılmasının əhəmiyyəti və beynəlxalq münasibətlər sistemindəki rolundan danışıb. Gənclərin Qoşulmama hərəkatına təşviqi istiqamətində rektor Ədalət Muradovun səsləndirdyi təklifləri yüksək qiymətləndirib.

Çoxtərəfli diplomatiyanın əhəmiyyətindən söz açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova, Azərbaycanın xarici siyasətində çoxtərəfli diplomatiyaya önəm verildiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi vəzifəsinin bir il müddətinə artırılmasını ölkəmizin uğurlu xarici siyasəti ilə əlaqələndirib.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə isə çoxtərəfli əməkdaşlığın təşviqində və gücləndirilməsində gənclərin artan rolundan, bu istiqamətdə dünya miqyasında mövcud olan ən yaxşı təcrübələrdən, eləcə də qlobal sülh və davamlı inkişafı tərənnüm edən beynəlxalq təşəbbüslərə gənclərin təşviq edilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Müzakirələrdən sonra tələbələrin sualları cavablandırılıb, təklifləri dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay