Süni intellekt (Sİ) artıq cəmiyyətlərin düşüncə tərzinə, dəyərlərinə və gələcək inkişaf trayektoriyasına təsir edən fundamental qüvvəyə çevrilib. Bu baxımdan Sİ-in tənzimlənməsinin əhəmiyyəti artır. Azərbaycan kimi zəngin tarixi-mədəni irsə malik və kiçik ölkələr üçün isə bu məsələ xüsusilə aktualdır.
- Qlobal texnoloji platformalar standartlaşdırma üzərində qurulur. Bu isə kiçik dillər və milli mədəniyyətlər üçün risk yaradır. Süni intellekt modelləri əsasən böyük dillər üzərində öyrədildiyindən, Azərbaycan dili və milli kontekst çox vaxt ya təhrif oluna, ya da ümumiyyətlə, nəzərə alınmaya bilər. Bu reallıqda ya texnologiyanın təsiri altında assimilyasiya olmaq, ya da texnologiyanı milli maraqlara uyğun formalaşdırmaq kimi seçim tələb olunur.
- Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də düşüncə sistemidir. Əgər Sİ Azərbaycan dilini düzgün başa düşmürsə və ya onu ikinci dərəcəli kimi qəbul edirsə, bu artıq texniki yox, strateji problemdir. Bu baxımdan rəqəmsal dil mövzusu aktuallaşır.
- Süni İntellekt onu yaradan cəmiyyətlərin dəyərlərini daşıyır. Əgər bu sistemlər xarici dəyərlər üzərində qurulursa, onlar yerli mədəniyyətlə ziddiyyət yarada bilər. Azərbaycan üçün Sİ etikası ailə və sosial dəyərlərin qorunması; tarixi və milli kimliyin təhrif olunmaması; dini və mədəni həssaslıqlara hörmət kimi prinsiplərın əhəmiyyəti artır.
- Süni İntellekt üçün hüquqi çərçivənin risk əsaslı yanaşma ilə qurulması məqsədəuyğun görünür. Belə ki, aşağı riskli sistemlər minimal tənzimlənməli, orta riskli sistemlər üçün şəffaflıq tələbləri gücləndirilməli, yüksək riskli sistemlər (təhsil, səhiyyə, dövlət idarəçiliyi) ciddi nəzarət edilməlidir.
- Sİ sistemlərinin gücü məlumatdan gəlir. Əgər məlumatlar ölkə xaricində idarə olunursa, bu, müəyyən risklər yaradır. Bu səbəbdən dövlət məlumatları üzrə lokallaşdırma siyasətinin tətbiq olunması,milli bulud infrastrukturunun gücləndirilməsi faydalı görünür.
- Xarici texnologiyalardan asılılıq uzunmüddətli riskdir. Ona görə də yerli Sİ startaplarının dəstəklənməli sisteminin yaradılması, sifarişlərdə milli şirkətlərə üstünlük verilməsi, Milli Sİ platformalarının yaradılması vacibdir.
- Sİ vasitəsilə yaradılan dezinformasiya, deepfake və psixoloji təsir alətləri yeni təhlükə mühiti yaradır. Media üçün Sİ kontentinin etik yoxlama mexanizmləri, monitorinq sistemləri, hüquqi məsuliyyət mexanizmləri prioritetlər sırasında olmalıdır.
- Effektiv idarəetmə modeli, koordinasiya və nəzarət üçün ayrıca institusional mexanizm faydalı görünür. Dövlət, akademiya və özəl sektor arasında körpünün yaradılması əhəmiyyətlidir.
Beləliklə, Süni İntellekt gələcəyi müəyyən edən texnologiyadır. Lakin bu gələcəyin necə olacağını texnologiyanın özü yox, onu necə tənzimləyən cəmiyyətlər müəyyən edəcək.