Şamaxı Hazırlıq Mərkəzinin 60 nəfərə yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Şamaxı Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in texniki və texnoloji ixtisaslarının tədris olunduğu 3 saylı binasında olublar.
Abituriyentlərlə görüşən Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov onlara fakültə və ixtisaslar barədə ətraflı məlumat verib. Həmçinin UNEC-in tədris prosesi, xarici universitetlərlə ikili diplom, UDİD, minor, beynəlxalq mübadilə proqramları, xüsusi təqaüd imkanları və digər üstünlüklərindən danışıb. Görüşdə abituriyentləri maraqlandıran suallar da cavablandırılıb.
Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar kitabxana , imtahan zalı, kompüter laboratoriyaları, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt və idman zalları ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.