A

AZƏRTAC

Bu günlərdə Vətənimizin hər bir yerində qədirbilən xalqımız, Türk dünyası, beynəlxalq ictimaiyyət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd edir.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də bütün dünyada tanınan, hörmət və rəğbət bəslənilən dövlət xadimi, siyasi lider kimi hər kəsi heyrətləndirə biləcək bir fenomenə çevrildi. SSRİ kimi böyük bir dövlətin ən aparıcı sahələri, çətin və mürəkkəb məsələlərin həlli ona tapşırılırdı. Yaşadığı dövrdə mürəkkəb və çətin beynəlxalq məsələlərin həllində belə ona təcrübəli və özünü təsdiqləmiş uğurlu bir siyasətçi, ən etibarlı güc mənbəyi-qüvvə kimi baxırdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov söyləyib. O bildirib ki, sovetlər birliyinin rəhbərliyinə yeni gətirilən Mixail Qorbaçov Heydər Əliyevin bilik və bacarığına, sovet xalqı arasında və beynəlxalq aləmdə olan böyük hörmət və nüfuzuna qısqanclıq hisslərini gizlədə bilmirdi. Ona görə də Sovet İttifaqı KP-nin Mərkəzi Komitəsinin Baş katibi seçilən ilk gündən Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif yollar axtarırdı. Şübhəsiz ki, bu çirkin niyyəti onun əlaltıları, xüsusilə də fürsət gözləyən erməni millətçiləri duymuşdular. Nəhayət, 1987-ci ildə Mixail Qorbaçovun təkidli israrı ilə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bununla da, bütövlükdə SSRİ hakimiyyətinin bütün rəhbər işçilərinin Azərbaycana olan təzyiqləri daha da gücləndi.

Təəssüf ki, bu təzyiqlərə müqavimət göstərməyə qadir olan bir qüvvə, lider qalmamışdı. Mixail Qorbaçovun çəkindiyi siyasətçilərin hakimiyyətdən bir-bir uzaqlaşdırılması ona çirkin ideyalarını həyata keçirməsi üçün geniş imkanlar yaratdı. Heç kəsin ağlına belə gəlməyən SSRİ-nin dağılması prosesi böyük bir sürətlə baş verdi. Hakimiyyətsizlik bütün sahələrdə özünü göstərməyə başladı. Separatizm, milli hisslər, anarxiya tüğyan edirdi. Bundan məharətlə istifadə edən ermənilərin Azərbaycana qarşı torpaq iddiaları sürətlə böyüdü, qarşıdurmaya, müharibələrə çevrildi, böyük qırğınlara səbəb oldu. Mixail Qorbaçovun komandası belə proseslərin qarşısını almağa nəinki qadir idi, əksinə, müxtəlif yollarla separatçılara dəstək də göstərirdilər. Bu da baş verən proseslərin coğrafiyasını daha da genişləndirirdi. Nəticə etibarilə sovetlər birliyi qısa bir zamanda dağıldı, milli respublikalara parçalandı, hər birinə acınacaqlı bir sosial-iqtisadi durum miras qaldı. Onlardan biri də Azərbaycan Respublikası idi. Burada vəziyyət daha acınacaqlı idi. Yaxın keçmişdə torpaqlarımızda bərqərar olan qonşu Ermənistan dövləti bizimlə müharibə aparırdı, torpaqlarımızın bir hissəsi zəbt olunmuşdu. Respublikada hakimiyyətə gələn qüvvələr isə ölkəni idarə edə bilmirdilər. Dövlət strukturları öz funksiyalarını yerinə yetirə bilmirdilər, hər yerdə özbaşınalıq hökm sürürdü. Baş verən bütün proseslər xalqımızın dövlətçiliyini süquta sürükləyirdi. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Belə bir vaxtda öz azadlıq mübarizəsini daha əzmlə davam etdirən Heydər Əliyev min bir çətinliklə Vətənə qayıtdı. Böyük xalq sevgisi ilə qarşılandı. Bundan vahiməyə düşən mövcud hakimiyyət onun Bakıda qalmasını əngəllədi. Naxçıvana getməli olan Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildi. Atılan qətiyyətli addımlar, görülən böyük işlər, tarixləşən hadisələr Azərbaycan xalqının coşqusuna səbəb oldu. Ölkədə isə vəziyyət dözülməz idi. Paytaxt Bakıda hərc-mərclik hökm sürürdü.

Heydər Əliyevin bacarıqlı bir siyasətçi olduğuna qəti əmin olan ziyalılar onu öz yerində, ölkə rəhbərliyində görmək istəyirdilər. Bununla bağlı yerli və xarici mətbuatda bir çox cəsarətli çıxışlar edirdilər. Belə bir vaxtda başda ziyalılar olmaqla Azərbaycan xalqı ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdülər. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın səsinə səs verərək öz xilaskarlıq missiyasını həyata keçirdi, hakimiyyətə yenidən qayıtdı. Tarixə çevrilən bu gün xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük uğuru, dövlətimizi və xalqımızı hər cür bəlalardan xilas tarixi - Milli Qurtuluş Günü oldu.

Alim qeyd edib ki, müstəqilliyimizin ilk illərində təhsilimizin idarə olunması da səriştəsiz insanların əlinə düşdüyündən, onlar mövcud təhsil strukturlarını belə tamamilə dağıtdılar və yerinə isə heç nə yarada bilmədilər. Heydər Əliyev görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də böyük alim-pedaqoq idi. Əsl müəllim kimi dövlətin inkişafında təhsilin verə biləcəyi böyük bəhrəni, xalqın və dövlətin inkişafındakı əvəzsiz rolunu görürdü. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, - deyərək özünü müəllimliyə həsr etmiş insanı ən şərəfli insan hesab etdiyini bildirdi. Ulu Öndər elə qurtuluşun günlərindən “Təhsil millətin gələcəyidir” fəlsəfi fikrini ortaya ataraq ölkə ziyalılarını bu müqəddəs əməlin reallaşmasına dəstək verməyə səslədi. Respublikamızın əsaslı dəyişməsində və yeniləşməsində təhsil islahatlarının bütün islahatların önündə durmasını ardıcıl siyasətə çevirən Heydər Əliyev 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə Azərbaycanın müstəqil dövlət kimi öz milli ideologiya konsepsiyasını yaradaraq inkişaf etdiyini, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunu qeyd edib.

Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 24-də Azərbaycan müəllimlərinin 11-ci qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsinin zəruri və təxirəsalınmaz olduğunu vurğulayır.

“Bu gün müstəqil Azərbaycanda inkişaf etmiş bütün sahələrdə Heydər Əliyevin zəhməti və imzası vardır. Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə xüsusi qayğı və diqqət göstərib. Heydər Əliyevin gərgin əməyi, ideyaları nəticəsində qurulan müstəqil Azərbaycan dövləti əbədiliyə doğru dönməz bir yola başladı, tezliklə uğurlar bir-birinin ardınca sıraya düzüldü. Müstəqil Azərbaycan dövləti xalqına xoşbəxtlik bəxş etməklə yanaşı, dünyanın sayılıb seçilən qabaqcıl bir ölkəsinə çevrildi. İndi hər bir azərbaycanlı üçün Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu Vətən ünvanlı, Vətən sevdalı əqidə və inam məktəbinə çevrilib. Bu məktəbdə öyrədilən əsas dərslik Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan dövlətidir. Bu məktəbdə Azərbaycan xalqının işıqlı gələcəyinə sonsuz sevgi və inam nümunəsinə çevrilən Heydər Əliyevin böyük ömrü, onun keçdiyi şərəfli həyat yolunda, atdığı cəsarətli addımlarda, hər kəsi heyrətləndirən və bir çoxunun da qibtə etdiyi ilahi ağıl və gücün fövqündə daha aydın görünür. Bu məktəbdə Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinə vurulan hər kəsin düçüncəsinə, ilk növbədə, onun: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ideyası hakim kəsilir, bu müqəddəs sevdalarla da onun yolunu tutaraq dövlətinin və xalqının layiqli əsgərinə çevrilir. Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə xalq sevgisi qazanaraq Ümummilli Liderə, inam, and, qürur yerinə çevrilərək Ulu Öndər oldu. O, ölməz ideyaları, hər zaman müdrikliyi, möhtəşəmliyi ilə Azərbaycan xalqının ürəyinin ən uca yerindədir. Nə qədər ki, Azərbaycan xalqı, dövləti var, onun hər bir uğurunda Heydər Əliyevin xeyir-duası var. Elə 44 günlük müharibəsindəki Qələbədə olduğu kimi, Heydər Əliyevin hər bir ideyası bütün dövrlərdə xalqımızın gözünə işıq, qoluna qüvvət, dizinə taqət olacaqdır. Ulu Öndərin şah əsəri, çiçəklənən müstəqil Azərbaycan dövləti cahan mülkündə Günəş kimi əbədi parlayacaqdır. Bəli, gündən-günə çiçəklənən müstəqil Azərbaycan Respublikasının ən böyük uğurları isə hələ qabaqdadır”, - deyə Vidadi Orucov fikrini yekunlaşdırıb.

TOP XƏBƏRLƏR