Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə əməkdaşların təltifolunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov universitet kollektivini yubiley münasibətilə təbrik edərək onların fəaliyyətinə rəhbərlik tərəfindən yüksək dəyər verildiyini bildirib. O, UNEC-in rektoru, professor Ədalət Muradovun 18 iyun 2025-ci il tarixli, №498/3/2025 saylı əmrinə əsasən, universitetin inkişafına verdikləri töhfəyə, tələbə yönümlü fəaliyyətə və peşəkar xidmətlərinə görə bir qrup əməkdaşın “Fəxri fərman” və “Təşəkkürnamə” ilə təltif edildiyini vurğulayıb.
Ş.Əsgərov təltif olunan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların bundan sonra da universitetin strateji hədəflərinə çatması istiqamətində əzmlə çalışacaqlarından əminliyini ifadə edib.
Sonda təltif olunan əməkdaşlara “Fəxri fərman” və “Təşəkkürnamə”lər təqdim olunub.