A

 Xalq qəzeti

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf modelinin başlıca nəticələri ölkəmizin ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, iqtisadi potensialının gücləndirilməsi və əhalinin sosial rifah vəziyyətinin əhəmiyyətli yüksəldilməsi olub. Bu model ölkədə ictimai-siyasi sa­bitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə səmərəli istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb.

Növbəti strateji dövrdə Azərbaycanı qüdrətli dövlət və yüksək rifah cəmiyyətinə çevrilmək üçün mövcud sosial-iqtisadi mode­lin məzmununun və strukturunun əhəmiyyətli dərəcədə yenilənməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Bu, dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda icrası nəzərdə tutulan tədbirlərdə də öz aydın ifadəsini tapıb.

Xatırladım ki, həmin inkişaf strategiyası müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin baza­sında həyata keçiriləcək. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

Yeni sosial-iqtisadi inkişaf modeli ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasi­yaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.

Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə reallaşdırılması nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosi­al-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaq. Bundan başqa, 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq.

Xatırladım ki, 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyənləşdirəcək. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisa­di artım templərini bərpa etməklə, hər bir Azərbaycan vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaq.

Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı gerçəkləşdirən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq.

Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə sabit artmasına və insanların həyat standar­tının yüksəldilməsinə imkan yaradacaq. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırı­lacaq. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiya­lar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcək.

İnkişafın əsas qüvvəsi sahibkar olduğun­dan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühi­tinin dəstəklənməsinə yönəldəcək. Bu model, eyni zamanda, hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaq. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaq.

Yeni inkişaf modeli çərçivəsində, işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə va­hid iqtisadiyyat ‒ müasir dəyər zənciri qurula­caq. Milli iqtisadiyyat dərindən şaxələnməklə qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevriləcək.

Modelin aparıcı qüvvəsi olan Azərbaycan vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcək.

Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Strateji dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilən nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşan yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır.

Arif ŞƏKƏRƏLİYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,

Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay