A

UNEC ilə Kapital Bank arasında əməkdaşlığın yeni istiqamətləri üzrə memorandumun imzalanması mərasimi keçirilib.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Kapital Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, universitetin və bankın əməkdaşları iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-in Kapital Bankla uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real sektorda həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor UNEC-in Bloomberq laboratoriyasının maliyyə imkanlarının, eləcə də Ömürboyu Təhsil mərkəzinin təşkil etdiyi yumşaq bacarıqlar üzrə təlimlərin bank üçün faydalı ola biləcəyini deyib.

Kapital Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bankın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.

Sonra Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə UNEC ilə Kapital Bank arasındakı mövcud vəziyyət və gələcək perspektivlər barədə təqdimatla çıxış edib.

UNEC ilə Kapital Bank arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Fərid Hüseynovun tələbəlik dövründən danışıb. Onun daim öz üzərində çalışan və fəal tələbələrdən olduğunu bildirib.

Rektor Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay