Milli Məclisin Jurnalı (PDF)

Fundamental elm və təhsil mərkəzlərindən biri olan Azərbaycan Dövlət İqtisad  Universitetinin  rektoru professor Ədalət Muradovla söhbətimizin  əsas mövzusu bu gün ölkə həyatında ən önəmli rollardan birinə sahib olan iqtisadçı kadrların yetişdirilməsi prosesi, universitetin beynəlxalq  standartlara  əsaslanan tədris metodları barədə oldu.

- Ədalət müəllim, iqtisadçı kadrlar yetişdirən bu qocaman ali təhsil müəssisəsinə rəhbərlik etdiyiniz qısa bir müddətdə cəmiyyət uğurlu təhsil standartına şahid oldu. Universitetdə  islahatlar apararkən, əsas hədəfləriniz nə oldu?

- Biz, ilk növbədə, təhsilin və iqtisadiyyatın inkişaf strategiyalarının tələblərinə uyğun olaraq, 2030-cu ilə qədərki dövr üçün “UNEC 100” İnkişaf Strategiyasını hazırladıq. Bu strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və UNEC-in mövcud vəziyyətinin elmi əsaslarla hərtərəfli təhlili nəticəsində ərsəyə gəldi. Strategiyamızın əsas istiqamətlərini isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışı zamanı bu ali təhsi müəssisəsinin qarşısına qoyduğu vəzifələrə görə müəyyənləşdirdik. Bu istiqamətdə 7 strateji məqsəd və 31 hədəfimiz var. Həmin hədəflərə doğru inamla irəliləyirik. Deyə bilərəm ki, bir neçə strateji hədəfimizə artıq çatmışıq.

UNEC ölkədə 4 dildə (azərbaycan, türk, rus, ingilis) təhsil verən yeganə ali təhsil  müəssisəsidir və burada ali təhsilin bütün pillələri üzrə tədris həyata keçiririk. Biz həm bakalavr, həm də magistraturada ixtisasların sayını artırmış, əmək bazarının ən son tələblərinə uyğun yeni ixtisaslar müəyyən etmişik. Bütövlükdə, ölkədə magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür. Bu rəqəm MBA proqramı üzrə 37,1 faizdir.

Bir məqamı diqqətə çatdırım ki, UNEC-də təkcə iqtisadçı kadrlar hazırlanmır. Burada texniki və texnoloji ixtisasların tədris olunduğu və ixtisaslaşmış 13 laboratoriyanın fəaliyyət göstərdiyi yeni, möhtəşəm kampusumuz var. Orada abituriyentlərin daha çox maraq göstərdiyi İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə Rəqəmsal İqtisadiyyat və Mühəndislik fakültələri var. Dizayn Məktəbində həmin sahələr üzrə peşəkar mütəxəssislər hazırlanır. Biz ingilisdilli ixtisasların sayını artırmışıq. Bu il UNEC-ə bakalavr səviyyəsində ən yüksək nəticə (675 bal) ilə qəbul da yeni yaradılmış “İnformasiya təhlükəsizliyi” (ingilis dilində) ixtisası üzrə oldu.

UNEC-in 30 nəfər doktorantı Dövlət Proqramı ilə hazırda Böyük Britaniya, Portuqaliya, Türkiyə və digər Avropa ölkələrində təhsil alır. Dövlət proqramı çərçivəsində xaricdə təhsilini bitirmiş 2 doktorantımız isə bu tədris ilindən UNEC-də müəllimlik fəaliyyətinə başlayıb.

- UNEC-də elmi fəaliyyət necə qurulub?

- Universitetlərin beynəlxalq reytinq sistemlərinin qiymətləndirmə meyarları arasında elmi tədqiqat fəaliyyətinin xüsusi çəkisi vardır. Bunu nəzərə alaraq, UNEC-in elmi tədqiqat mərkəzinə çevrilməsini strateji hədəflərimizdən biri olaraq müəyyən etdik. Biz regionda ilk dəfə müəllimlərin reytinqini formalaşdıran Differensial Əmək Haqqı Sisteminini hazırladıq. UNEC-in intellektual məhsulu olan reytinq sisteminin tətbiqindən sonra keyfiyyətli elmi məqalələrin və tədqiqatların sayı artmağa başladı, müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdı. Müəllimlərlə yanaşı, tələbələrin elmi tədqiqata marağını artımaq və tədqiqatlarını stimullaşdırmaq məqsədilə nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4500 manatadək pul mükafatı təsis etmişik. İndiyədək onlarla müəllim və bir neçə tələbəmiz bu mükafatdan yararlanıb. Təsadüfi deyil ki, bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarındakı əsərlərinin sayı 2015-ci ildən sonra əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider universitetlər sırasına yüksəlmişdir.

Müasir dövrün tələb və ehtiyaclarını nəzərə alaraq, UNEC-də müxtəlif istiqamətləri əhatə edən 40 elmi-tədqiqat mərkəzi, eləcə də UNEC Tədqiqat Fondu yaradılıb. Tədqiqat mərkəzlərinin fəaliyyəti universitet-dövlət-sənaye əlaqələrinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox önəmlidir.

UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından ilk dəfə olaraq universitetin daxili vəsaiti hesabına qrant müsabiqəsi elan etdik və 6 layihə müsabiqədə qalib oldu.

UNEC bu illər ərzində mühüm elmi müzakirələrin keçirildiyi beynəlxalq platforma kimi də özünü təsdiqləyib.

- Bu gün UNEC tələbələrinin xaricdə müxtəlif mübadilə proqramlarında iştirakı, universitetin həyata keçirdiyi beynəlxalq layihələr, dünyanın qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlığı çox böyük maraqla qarşılanır. Bu layihələr barədə oxucularımıza məlumat verməyinizi istərdik. 

- UNEC-in beynəlmiləlləşməsi bizim strateji hədəflərimizdəndir. Hazırda ABŞ-ın Linkoln, Fransanın Montpellier və ICD, İsveçin UBİS, Litvanın Mikolas Romeris, Türkiyənin Ege Universiteti, Rusiya Ali İqtisad Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr və magistratura səviyyəsi üzrə 9 ikili diplom proqramı həyata keçiririk və bu proqramların sayı ilbəil artmaqdadır. İndiyədək beynəlxalq ikili diplom proqramından 101 tələbəmiz məzun olub. Hazırda 15 tələbəmiz Montpellier, 1 tələbəmiz isə ABŞ-ın Linkoln Universitetində ikili diplom proqramı üzrə təhsilini davam etdirir. Proqramı uğurla bitirənlər məzun olduqda UNEC diplomu ilə yanaşı, həmin xarici universitetlərin də diplomlarını qazanacaqlar. 2016-cı ildən Qərbi Makedoniya Universiteti ilə birgə magistr proqramı da reallaşdırmaşa başlamışıq.

Bu ildən Türkiyənin Ege Uiversiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramına başlamışıq. Proqrama 19 tələbə qəbul olub. Onlar 1-ci və 4-cü kurslarda UNEC-də, 2 və 3-cü kurslarda isə Türkiyədə təhsil alacaqlar.

Hazırda 30-a yaxın tələbəmiz Macarıstan, İsveçrə və digər ölkələrdə Erasmus mübadilə proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində bir semestrlik təhsillərini davam etdirirlər. Bu ilin sentyabr ayında isə İsveçrənin HES-SO Universiteti ilə əməkdaşlıq çərçivəsində 12 isveçrəli tələbə UNEC-də 2 həftəlik təcrübə proqramında uğurla iştirak etmişdir.

UNEC iki ildir ki, türk dünyası ölkələrinin ali təhsil müəssisələri arasında qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafını nəzərdə tutan Orhun mübadilə proqramını reallaşdırır.

Tələbələrlə yanaşı, UNEC-in müəllim və əməkdaşları da beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə tez-tez xarici universitetlərdə mübadilədə iştirak edirlər. Eləcə də ABŞ, Avropa və Türkiyə universitetlərində çalışan 27 əcnəbi müəllim mübadilə proqramı ilə ötən il UNEC-də həm tədrisə cəlb olunub, həm də tədqiqat aparıb.

UNEC-də əcnəbi tələbələrin sayının artırılması da əsas hədəflərimizdəndir. Bu il universitetimizə qəbul olunan, 13 ölkəni təmsil edən xarici tələbələrin sayı keçən illə müqayisədə 51 faiz çoxdur.

- Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrə Baş ofisinin 2023 Qlobal İnnovasiya İndeksinin hesabatında UNEC ölkədə innovasiyanı ən yaxşı tətbiq edən universitetlərdən biri kimi qeydə alınıb. Ümumiyyətlə, UNEC-in beynəlxalq reytinlərdə mövqeyi necədir, hansı uğurlarınız var?

- Doğrudur. Bu xəbər bizi də çox sevindirdi. Həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatı UNEC-in fəaliyyətində QS reytinqinin göstəricilərinə istinad edib.

Sentyabr ayında açıqlanan “QS Avropa Universitetləri Reytinqləri 2024”də UNEC Azərbaycanda 1-ci, Avropada 349-cu, Qərbi Asiyada 14-cü yerə yüksəldi. Reytinq ümumilikdə 12 indikator əsasında müəyyən edilir. UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-ci oldu.

Bundan əlavə, UNEC 2023-cü ildə ilk dəfə olaraq, SCimago (SCimago Institutions Rankings) reytinqində də yer aldı və ölkə birincisi oldu. UNEC həmin reytinqdə dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cü yerə yüksəldi.

UNEC dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” “THE İmpact Ranking” reytinqində dünya universitetləri arasında “Layiqli əmək və iqtisadi artım”, “Keyfiyyətli təhsil”, “Sənaye, innovasiya və infrastruktur”, “Məqsəd üçün tərəfdaşlıq” kriteriyaları üzrə 619-cu, Azərbaycan üzrə isə birinci olmuşdur.

“UI Green Metric World University Rankings” reytinq siyahısına görə isə universitet 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanındı.

U-Multirank reytinq təşkilatı tərəfindən “A” (çox yaxşı) ilə qiymətləndirilən UNEC 2021-ci ilin reytinqində “iqtisadiyyat” ixtisası (sub­ject ranking) üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək, 250 ən yaxşı universitet sırasına daxil olmuşdur.

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10 faizliyində yer almış, ilk dəfə ölkə üzrə birinci yerə yüksəlmişdir. Təbii ki, bunlar bizim böyük uğurlarımızdır.

- Hazırda bütün dünya rəqəmsallaşmaya doğru gedir. UNEC-də bu istiqamətdə hansı yenilikləri tətbiq edirsiniz?

- Müasir texnologiyaların inkişafı bütün sahələrdə olduğu kimi, təhsil sistemində də mühüm yer tutur. Qloballaşma dövründə ali təhsil sahəsində müşahidə olunan yeniliklərə UNEC çox çevik transformasiya edə bildi. Burada həm tədris, həm də idarəetmədə bütün proseslər rəqəmsallaşdırılıb. E-universitet layihəsi əsasında “EDUMAN” platformasının tətbiqi ilə  təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq, Elektron Universitet modelini reallığa çevirdik. Bu sistem tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün geniş imkanlar yaratdı. Auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə müəllimlər elektron jurnala daxil olaraq, tələbələrin dərsə davamiyyətini yoxlayır və qiymətləndirilməni aparırlar. Mühazirələr və dərs vəsaitləri tələbələrin şəxsi e-kabinetlərinə yerləşdirilir. Tələbə məmnuniyyətini təmin etmək məqsədilə tələbələrimiz şəxsi kabinetlərindən müəllimlərin qiymətləndirilməsini da apara bilirlər. Bu da müəllimlərin reytinqdəki yerinin müəyyənləşdirilməsini asanlaşdırır.

2018-ci ildə regionda analoqu olmayan UNEC Ekstern Mərkəzini yaratdıq. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan və müasir texniki avadanlıqlarla təchiz olunan mərkəz, eyni anda, 20 min tələbəyə onlayn təhsil vermək imkanına malikdir. Pandemiya dövründə bütün dərslər, eləcə də imtahanlar həmin mərkəzin imkanları hesabına təşkil olundu.

UNEC Ömürboyu Təhsil Mərkəzinin texniki imkanları ilə universitetin pedaqoji kadr potensialının gücləndirilməsi istiqamətində 200 yeni fənn üzrə ABŞ, Avropa, Türkiyə, Rusiyanın aparıcı universitetlərinin, eləcə də yerli ekspertlərin iştirakı ilə 191 adda təlim proqramı keçirilib. Təlimlərdə 1100 nəfərə yaxın müəllim iştirak edib. Hazırda ABŞ, Avropa, Türkiyənin professorları və yerli təlimçilərin iştirakı ilə müəllimlər üçün rəqəmsallaşma ilə bağlı 10 yeni proqram üzrə təlimlərə start verilib.

Bundan başqa, UNEC Ömürboyu Təhsil Mərkəzinin tərəfindən universitetin 500-ə yaxın müəllim və əməkdaşı üçün “Yumşaq bacarıqlar” (Soft skills) üzrə 2 aylıq təlimlər təşkil olunub. Təlimər israilli mütəxəssislər, eləcə də İsraildə bu istiqamətdə təlim keçmiş UNEC müəllimləri tərəfindən 4 modul - “Vaxtın idarə edilməsi bacarığı”, “Ünsiyyət bacarığı”, “Komandada əməkdaşlıq bacarığı”, “Problemlərin həlli” üzrə aparılıb.

Rəqəmsallaşmanın yaratdığı imkanlardan istifadə edərək, universitetdə tədrisin demokratikləşdirilməsi məqsədilə 100-dən çox hibrid auditoriya yaradılıb. Tələbələr 50-dən çox ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilirlər. Qeyri-ixtisas fənləri isə yalnız onlayn formada aparılır, universitetə gəlməyə ehtiyac qalmır.

2016-cı ildən UNEC-də bütün sənədləşmələr və yazışmalar yalnız elektron formada aparılır, kağız daşıyıcılardan istifadə olunmur.

İnzibati işçilərin rəqabətini stimullaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə onların xidməti fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Diferensial Əmək Haqqı Sisteminin tətbiqinə başlamışıq.

Tələbə məmnuniyyətini təmin etmək məqsədilə təhsil arayışlarının, transkriptin və digər təhsil sənədlərinin operativ əldə olunması üçün 2019-cu ildən “Bir Pəncərə” sistemini qurduq və tələbələrin xidmətinə verdik. Tələbə İşləri Mərkəzi tərəfindən idarə olunan “Bir Pəncərə” xidmətindən 10-dan çox təhsil arayışını Azərbaycan dili ilə yanaşı, ingilis dilində də almaq mümkündür. Təkcə 2022/2023-cü tədris ilində həmin xidmətə 17 min tələbə müraciəti qeydə alınıb.

- Ədalət  müəllim, universitetdə nə qədər müəllim heyəti çalışır və müəllim-tələbə münasibətləri necə tənzimlənir?

-UNEC-də 860-dan çox professor-müəllim heyəti çalışır, onların da 200-dən çoxu əsasən, xaricdə təhsil almış gənclərdir. Əlbəttə ki, tədris prosesinin uğurlu təşkilində müəllim-tələbə münasibəti çox önəmlidir. Müəllimin missiyası tələbəyə yalnız bilik ötürməklə tamamlanmamalıdır. Tələbə-müəllim münasibətinin əsasında səmimiyyət, qarşılıqlı hörmət və humanistlik dayanmalıdır. Bu dəyərlər üzərində qurulmuş münasibət tələbələrin ixtisaslı mütəxəssis kimi hazırlanması ilə yanaşı, hərtərəfli inkişafına, onun şəxsiyyət kimi formalaşmasına, sağlam sosial mühitin yaranmasına xidmət edir.

UNEC-də ötən tədris ilindən pilot layihə kimi 40 fənn üzrə tətbiq etdiyimiz “Çevrilmiş” tədris metodu (Flipped education) tələbələrin bilikləri daha yaxşı mənimsəməsində və yeni bacarıqlar əldə etməsində çox uğurlu oldu.

Bu metod Harvard, Kaliforniya, Vaterloo kimi dünyanın aparıcı universitetlərində tətbiq edilir. Metodun tətbiqinin əsas məqsədi tələbələrə ixtisasları üzrə bilikləri, praktiki vərdişləri, bacarıqları daha çox aşılamaqdır. Mövzular üzrə bilik və bacarıqların tələbələr tərəfindən daha rahat mənimsənilməsi üçün  audio, video, infoqrafik və yazılı formadan istifadə edilir.

- Tələbələrin sosiallaşması prosesində universitetin tətbiq  etdiyi yeniliklərlə bağlı  nə deyə bilərsiniz?

- UNEC-də ikisi ictimai birlik olmaqla, 10-dan çox tələbə təşkilatı, intellektual klublar və Tələbə rektor institutu yaradılıb. Çox sevindiricidir ki, tələbələrimiz universitet idarəetməsinə də cəlb olunublar.

Tələbə təşkilatlarımız bir çox sosial layihələrdə, eləcə də ölkədə beynəlxalq yarışlarda və tədbirlərdə fəal iştirak edirlər. Dünyanın ən böyük texnoloji yarışması olan TEKNOFEST-də, Enactus Azərbaycan yarışlarında öz startap layihələri ilə uğurla təmsil olunurlar.

Bizim tələbələr beynəlxalq layihələrlə yanaşı, yerli layihələrdə də çox aktivdirlər. Korporativ sektorların təqaüd proqramlarının qalibləri arasında tələbə sayına görə UNEC liderlik edir. PASHA Holdinqin həyata keçirdiyi “Əlaçı” tələbə təqaüdü proqramında UNEC iki il ard-arda qalib olan tələbə sayına görə üstünlük təşkil edib. Bu yaxınlarda Kapital Bankın reallaşdırdığı “Birbank” təqaüd proqramında da qalib olan tələbələrimiz böyük say çoxluğu ilə liderliklərini qoruyublar.

UNEC tələbəmərkəzli universitetə çevirə bilnmişik və bunu da böyük bir uğur sayıram.

Biz UNEC-də ötən ildən bakalavriat pilləsində 4 günlük tədrisə keçmişik. Düşünürəm ki, bu, tələbələrin sosial həyatlarına daha çox zaman ayırmaları baxımından önəmli amillərdəndir. Onların asudə vaxtlarının səmərəli təşkilini həyata keçirmək məqsədilə universitetimizdə rəqs, rəsm, vokal, bədii qiraət dərnəkləri və Tələbə Teatrından ibarət UNEC Yaradıcılıq Mərkəzi, Radio UNEC, eləcə də İdman Klubumuz fəaliyyət göstərir. Çox sayda tələbəmiz həmin imkanlardan yararlanaraq, özlərinin istedadlarını daha da inkişaf etdirirlər. Bir faktı da qeyd edim ki, UNEC Tələbə teatrı uğurla fəaliyyət göstərir və artıq iki dəfə Türkiyə böyük səhnəyə çıxıb.

-Məzunların işlə təmin olunması prosesi necə tənzimlənir?

- Məzunlarımızın işlə təmin olunması bizim üçün prioritetdir. Biz iş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B platformasını reallaşdırdıq. Platformaya əsasən, bizim məzunlar işə götürüldüyü halda, UNEC 3 il ərzində işə götürənlərin sifarişi əsasında məzunlarımız üçün ödənişsiz ixtisasartırma kursları təşkil edir.

Bundan əlavə, UNEC-də tələbələrin bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Qeyri-akademik transkript” layihəsinə start vermişik. Həmin transkriptdə iş dünyasının müəyyən etdiyi meyarlar əsasında qiymətləndirmələr aparılacaq. Məzunların işə qəbulu zamanı müsahibə mərhələsinə ehtiyac qalmayacaq. Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən daha üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir.

Ölkənin tanınmış təhsil mütəxəssislərinin iştirakı ilə qeyri-akademik transkiptin meyarları ilə bağlı müzakirələr aparmışıq, növbəti müzakirələrimiz isə iş dünyasının rəhbərləri və mütəxəssisləri ilə olacaq. Düşünürəm ki, məzunlarımızın işlə təmin olunmasında qeyri-akademik transkript önəmli rol oynayacaq.

UNEC məzunları demək olar ki, ölkənin bütün dövlət və özəl qurumlarında təmsil olunurlar. Misal üçün, bir neçəsini qeyd edə bilərəm. Dövlət Məşğulluq Agentliyində çalışanların 20 faizi, Kapital Bankda 30 faiz, Auditorlar Palatasında 21 faiz, KOBİA-da isə 31 faizi məhz UNEC məzunlarıdır və onların bəziləri həmin qurumlarda rəhbər vəzifələrdə işləyirlər. Məzunlarımız elə UNEC-in özündə də həm pedaqoji, həm də inzibati strukturlarda çalışırlar.

- UNEC-in bundan sonrakı fəaliyyəti ilə bağlı strateji hədəfləriniz  nələrdir?

-Hədəfimiz 2030-cu ildə - UNEC-in 100 illik yubileyində dünyanın 500 universiteti sırasında yer almaqdır. UNEC-in bu istiqamətdə kifayət qədər potensialı vardır və biz inamla hədəflərimizə doğru irəliləyirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay