Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə UNEC-in Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda “Sevməyi seç” seminarı keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu bildirib, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən danışıb, son illərdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova geniş təqdimatla çıxış edərək narkotik asılılığın yaranma səbəbləri və formalaşma mərhələləri, narkotik maddələrdən istifadənin risk amilləri və onların sağlamlığa zərərli təsiri, psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə müəllimlər və psixoloqlar tərəfindən bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü barədə ətraflı məlumat verib.
Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.