A

İqlim dəyişikliyinin yaratdığı risklər müasir dünyada təkcə sosial baxımdan deyil, həm də investisiya, maliyyə və digər qərarların qəbul edilməsi baxımından ən vacib məsələlərdən biridir.

Son zamanlar maliyyə bazarındakı dəyişikliklər fonunda korporativ sosial məsuliyyət konsepsiyasından ESG prinsiplərinə keçidi müşahidə etmək olar. Bu prinsiplər müxtəlif layihələrin qeyri-maliyyə risklərinin və nəticələrinin qiymətləndirilməsində istifadə olunur. Bu yanaşmanı tətbiq edərək şirkətlər ekoloji, sosial, idarəetmə və digər risklərini açıqlayır, bununla da investorlar və kreditorlar üçün nə dərəcədə cəlbedici olduqlarını nümayiş etdirirlər.

ESG prinsiplərinin şirkətlərin idarə edilməsində tətbiqi müasir menecmentin ən aktual məsələlərindən biridir. Hazırda şirkətlərdə ətraf mühitin təhlükəsizliyini, vətəndaşlar üçün rahat şəraitin yaradılmasını və sosial təminatların təqdim edilməsini təmin edə biləcək qaydada fəaliyyətin təşkili xüsusi aktuallıq kəsb edir. Qeyd edilən imkanlar bu gün şirkətlərin fəaliyyətinə ESG prinsiplərinin inteqrasiyası vasitəsilə həyata keçirilə bilər. Hazırda şirkətlər qarşısında cəmiyyətin inkişafı ilə əlaqədar bir sıra tələblər (məsələn, sosial təminatlar paketini ehtiva edən innovativ idarəetmə üsullarının tətbiqi, ümumi idarəetmə prosesinin optimallaşdırılması, ətraf mühitin mühafizəsinə və dünyaya vurulan zərərin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi) irəli sürülür.

ESG abbreviaturası “Environment, Social, Governance” sözlərinin qısaltmasıdır, bu da “Ətraf mühit, Sosial, İdarəetmə” kimi tərcümə olunur. Şirkətlərin inkişafı üçün bu strateji plan menecmentin fəaliyyətinin şəffaflığını, təşkilatın qarşılıqlı əlaqədə olduğu ətraf mühitin və vətəndaşların müdafiəsini nəzərdə tutur. Öz fəaliyyətində ESG qaydalarına riayət edən şirkətlər bir sıra üstünlüklər qazanırlar, bunların arasında investisiya üçün cəlbedicilik də var. Hazırda böyük investorlar təşkilatın təbiətə, heyətə və istehlakçılara qarşı etik münasibətinə xüsusi diqqət yetirirlər.

Bu cür yanaşma təşkilatın investisiya cəlbediciliyinin artırılması və onun gələcək inkişafı üçün şərait yaradır:

– məhsuldarlığın artması;
– iqtisadi göstəricilər. ESG prinsiplərinə uyğun fəaliyyət göstərən şirkətlər kapital xərclərini azaldır, daha proqnozlaşdırıla bilən mənfəət əldə edir və riskləri azaldır;
– elastiklik. Şirkətlər bazar mühitində baş verən dəyişikliklərə vaxtında reaksiya verdiyi təqdirdə daha az zərər görürlər. Şirkətlər dəyişikliklərə uyğunlaşa bildikdə investorlar üçün daha cəlbedici olurlar;
– norma və qaydalara riayət. Hazırda ekoloji problemlərlə bağlı qanunvericilik sərtləşir, ona görə də şirkətlər qanunvericilikdəki dəyişiklikləri qabaqlamalı, məsələn, ətraf mühitin təhlükəsizliyini təmin etməli, iqlim dəyişikliyi ilə mübarizə üçün keçirilən aksiyalardan yayınmamalıdırlar;
– karbon qazı tullantılarının azaldılması. Məlum bir infrastruktur formalaşdırılmalı və bərpa olunan enerji mənbələrindən istifadə etməyə imkan verən texnologiyalar tətbiq edilməlidir;
– inkişaf. Davamlı olaraq texnologiyaların təkmilləşdirilməsinə olan ehtiyac və yeni həllərin tapılması şirkətlərin fəaliyyətinin səmərəliliyinin artmasına kömək edir;
– status. ESG qaydalarına riayət edən şirkətlər ətraf mühitin mühafizəsi və digər tədbirlərin həyata keçirilməsi ilə yanaşı, əməkdaşlar, tərəfdaşlar və istehlakçılar arasında sadiqliyi artırmağa da çalışırlar.

 Beləliklə, şirkətlərin investisiya cəlbediciliyini dəstəkləyən əsas amillərə ətraf mühitin mühafizəsi, sosial təminatlar, korporasiya daxilində etik qaydalara riayət və davamlı inkişafa yönəlmə yanaşması aid edilir. Şirkətlərin ESG prinsiplərinə riayət etmək səviyyəsindən asılı olaraq onların potensial investorlar üçün cəlbediciliyi müəyyən olunacaq.

Mail Hacıyev
Maliyyə və mühasibat fakültəsinin
“Mühasibat” ixtisası üzrə III kurs tələbəsi

TOP XƏBƏRLƏR