A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şurada UNEC İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə məlumat verib.

Bildirib ki, yaz semestrinin imtahan sessiyasının iyunun 1-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulub. Ümumilikdə 10169 nəfər bakalavriat üçün orta hesabla 5, 3070 magistrant üçün orta hesabla 3 fənn üzrə imtahan keçirilməsi, habelə bakalavriat səviyyəsi üzrə 4229 nəfər tələbə, magistratura səviyyəsi üzrə 1896 nəfər magistrant üçün yekun dövlət attestasiyasının keçirilməsinin gözlənildiyini deyib.

Sonra inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov UNEC-in  abituriyentləri arasında tanıtım kampaniyasının təşkili haqqında məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, universitetin 7 qrup, 22 nəfərdən ibarət olan professor-müəllim heyəti respublikanın 26 şəhər və rayonuna 179 məktəbinə  ezam olunaraq,  abituriyentlərlə görüşüb, UNEC barədə onlara ətraflı məlumat verib. 

Tədris üzrə prorektor dosent Gəray Musayev isə 2021/2022-ci tədris ilinin yaz semestrinin  tədrisinin  təşkili, 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti və görülən işlər haqqında hesabatla çıxış edib. Prorektor  növbəti tədris ilində UNEC Biznes Məktəbində 8 ixtisaslaşma, BMDM-də 4 ixtisaslaşma və bakalavr səviyyəsində ingilis dilində “İnformasiya təhlükəsizliyi” olmaqla yeni proqramlar üzrə tədrisin təşkil olunacağını qeyd edib. Həmçinin Təhsil Nazirliyi SABAH magistratura səviyyəsində “Qida mühəndisliyi” ixtisası və “Elektron kommersiya” ixtisaslaşması üzrə növbəti tədris ilindən magistrların proqrama qəbulunun nəzərdə tutulduğunu bildirib. 

Prorektor humanitar fənlərin tam distant, ixtisas üzrə nəzəri fənlərin bir qisminin isə tədrisinin hibrid qaydada təşkil edilməsini, hibrid qaydada təşkil olunan müəyyən fənlərin tədrisinə nüfuzlu xarici universitetlərin professorlarının cəlb olunmasını nəzərə çatdırıb. 

UNEC-də ilk dəfə olaraq, 2021/2022-ci tədris ilindən UDİD və Minor proqramlarının tətbiqinə başlanıldığı, hazırda 8 tələbənin UDİD, 5 tələbənin isə Minor proqramında təhsil aldığı bldirilib. Hesabatlar dinlənildikdən sonra şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şura elmi katib dosent Ərəbiyyə Mustafayevanın cari məsələlərlə bağlı müzakirəsi ilə davam edib. Cari məsələlərdə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlının  “Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin, professor-müəllim heyətinin və əməkdaşlarının beynəlxalq akademik mobilliyi haqqında Qaydalar”ında dəyişikliyin edilməsi, rektorun müşaviri Elşən Bağırzadənin Nobel mükafati laureatı Aziz Sancar adına  tədqiqat  mükafatı  haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “UNEC dosenti” vəzifəsi və onun tutulması Qaydalarının təsdiq olunması haqqında, “UNEC-də inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında” Qaydaların təsdiq edilməsi barədə, "Azərbaycan Dövlət İqtisad Universitetində müəllim assistenti vəzifəsi və onun tutulması haqqında” çıxışları dinlənilib.

Elmi Şurada UNEC rektoru, professor Ədalət Muradov bir sıra dəyişikliklər barədə təkliflər səsləndirib.

İqtisadiyyat fakültəsinin adı dəyişdirilərək, “İqtisadiyyat və idarəetmə” fakültəsi adlandırılıb.  “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası İqtisadiyyat və idarəetmə fakültəsinin tərkibinə verildi. O cümlədən, bir sıra kafedralar- “Beynəlxalq iqtisadiyyat”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi”, “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə”, “Ticarət və gömrük işinin təşkili”, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”, “İqtisadi nəzəriyyə”  ləğv edilib. Ləğv edilən kafedraların bazasında “İqtisadiyyat”, “İctimai idarəetmə və sosial innovasiyalar” adlı yeni kafedralar yaradılıb. “Beynəlxalq ticarət və logistika” kafedrası ilə “Menecment” kafedrası ləğv edilərək, “Biznesin idarəedilməsi” kafedrasına birləşdirilib. O cümlədən, Magistratura mərkəzi Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə birləşdirilib.

UNEC-in kafedralarında “Müəllim assistenti” və “İcraçı assistent” ştatları, həmçinin 2 “UNEC professoru” və  5 “UNEC dosenti” ştatı, 10 “Tədqiqatçı” ştatı yaradılıb. 

Gənc Müəllimlər Şurasının üzvü Aygün Abdulova  UNEC Akademik İnkişaf Mərkəzinin yaradılması və UNEC-də “İlin gənc müəllimi” mükafatının təsis edilməsi haqqında təklif irəli sürüb.

 Şura üzvlərinin səsverməsi ilə UNEC-də yeni qərarlar qəbul edilib.

TOP XƏBƏRLƏR