A

azedu.az

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Bəs, görəsən yeni yaranacaq universitetin idarə heyətinə təyin olunacaq rektor hansı xüsusiyyətlərinə görə seçilir? Ümumiyyətlə cəmiyyətdə ideal rektor hansı prinsiplərə nəzərən sevilir?

Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov  universitet rektorlarının əsas xüsusiyyətlərindən danışarkən bildirib:

“Hamı, eləcə də bütün xarici qüvvələr diqqətini yeni yaradılacaq Qarabağ Universitetinə yönəldəcək. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə həmin universitetin adı ilə bağlı olmalıdır. Ali təhsil müəssisəsi mütləq qələbənin inkişafını davam etdirmək üçün güclü və zəfəryönümlü kadr yetişdirməlidir”.

Professor universitet rektorlarında əsas tələb olunan şərtlərə nəzər salıb: “Rektorun portret siyasəti olmalıdır. Təcrübələrə əsasən deyə bilərəm ki, rektorun portreti üçün yaşı ən azı 55-dən yuxarı olması daha məqsədəuyğundur. Həmçinin, rektor mütləq şəkildə professor olmalıdır. Əgər rektor müəllim, baş müəllim, dosent, eləcə də departament direktoru olmayıbsa, o necə rektor ola bilər? Rektor kişilərin faizi qadınlara nisbətən daha yüksəkdir. Ancaq bu prinsipləri ödəyən hər hansısa biri rektor kimi fəaliyyət göstərə bilər. Hər şeydən əvvəl rektor vətənpərvər ruh daşımalıdır. O, zəfərin fəlsəfəsinə bələd olmalıdır ki, Qarabağ Universitetini idarə edərkən ancaq müsbət imic formalaşdırsın. İdeal rektor mütləq elm, tədris və təhsil adamından seçilməlidir. Bu sadalananlarla yanaşı rektorun idarəetmə bacarığı onun peşəkarlığını ortaya qoyan əsas nüanslardan biridir. Müşahidələrimizə əsasən görürük ki, rektor elmi biliklərə sahibdir, amma təşkilatçılığı yoxdur. Yaxud da əksinə. İstər elm, istərsə də idarəetmə vəhdət halında birləşməlidir. Əks təqdirdə ideal rektordan söhbət gedə bilməz.

İkinci olaraq rektor kadr siyasətinə görə məsuliyyət daşımalıdır. O, hər kəsin biliyinə və qabiliyyətinə görə ədalətli bilik bölgüsü aparmağı bacarmalıdır. Bəzən görürük ki, qabiliyyətsiz adam qabiliyyətlidən daha öndədir. Bu rektor səviyyəsində çox böyük uyğunsuzluq hesab olunur. Rektor əgər uyğunsuz, qabiliyyətsiz, standartlara cavab verməyən bir adamı işə təyin edirsə, burada sistemli yanaşmadan söhbət gedə bilməz. Rektorların ən böyük yanlışlarından biri nəticəyə cavabdeh olmamalarıdır. Çox müşahidə etmişik ki, rektor vəzifədən çıxır, amma ardında böyük problemləri qoyub, gedir. Belə sual ortaya çıxır. Bəs nəticəyə kim cavab verməlidir? Nəzərə alsaq ki, əvvəllər insanlar əmək bazarına adaptasiya olurdu, indi isə elə deyil. Universitet daim axtarışda olmalıdır ki, görəsən 5 ildən sonra hansı kadrlara ehtiyac olacaq?

Üçüncü olaraq Qarabağ yaşıl ərazi olaraq elan olunduğu üçün orada “Yaşıl Universitet” fəlsəfəsini, eləcə də, ətraf mühiti və ekologiya siyasətini bilən insana ehtiyac var. Həmçinin, rektorun vacib xüsusiyyətlərindən biri kommunikasiya bacarığı və maliyyədir. Əməkdaşların maliyyə cəhətdən inkişafına dəstək olmaq məqsədi ilə rektor vəsait axtarıb-tapmalıdır. Məhsul və bilik istehsal edilib, satılmalıdır. O, universitet daxilində yaxşı kitablar nəşr etməlidir. Bu gün Azərbaycandakı gəncləri bilik cəmiyyətinə hazırlamaq məhz rektorun vəzifəsidir”.

Z.Məmmədov qeyd edib ki, Moskvada rektorların hazırlıq məktəbi var:  “Rektorlar ciddi şəkildə məktəb keçməlidir. Düşünürəm ki, ölkəmizdə də rektorlar üçün hazırlıq məktəbləri olmalıdır. Bu gün görürük ki, rektorlar bir-birlərindən fərqlənirlər. Biri çoxu uğurlu olduğu halda, digərləri uğursuzdur. Bu düzgün deyil. Bütün rektorlar yüksək səviyyədə peşəyə xidmət etməlidir. Əgər təyin olunan rektordan öncə universitetdə 10 min tələbə olub, indi isə 5 mindirsə, o, düşünməlidir ki, "niyə görə tələbələr bizi seçmir?", "Nəyi yanlış edirik?" Bu sualların cavabı tapılmalıdır”.

Müsahibimiz qeyd edib ki, rektor akademik mühit yerinə məişət problemləri yaradırsa, bu böyük problemdir: “Bir dəfə rektorlardan birinə “sizin ən böyük uğurunuz nədir?” adlı müsahibəni oxumuşdum. Hələ də, rektorun dediyi cavab yadımdadır. O, demişdi ki, "ən böyük uğurum “stolovaya” açmağımdır". Acınacaqlı vəziyyət odur ki, bu düşüncədə şəxslər rektor təyin olunur”.

"Artıq bizdə ekoloji sahələri bilən adamlara ehtiyac olacaq", -deyə iqtisad elmlər doktoru vurğulayıb: “Azərbaycanın COP29-u qazanması bizə olan etimadın göstəricisidir. Artıq köhnə energetika, ekologiya sahələri olmayacaq. Onlar yaşıl təhsillə əvəz olunacaq. Hətta bu münasibətlə 16 dekabr tarixində Gəncə Dövlət Univeristetində böyük konfrans olacaq. Bu barədə fikirlər səsləndiriləcək”.

TOP XƏBƏRLƏR