A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının müdiri dosent Suqra Hümbətova Polşanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Kazimerz Vielki Universitetinə (Kazimierz Wielki University) qonaq professor statusunda elmi səfər edib.

Səfər UNEC-in Xanım Tədqiqatçılar Şurası (XTŞ) çərçivəsində həyata keçirilən beynəlxalq əməkdaşlıq təşəbbüsləri çərçivəsində baş tutub.

İki həftə davam edən səfər zamanı dosent Suqra Hümbətova Kazimerz Vielki Universitetinin İqtisadiyyat və Hüquq fakültəsində Azərbaycanın yaşıl enerji potensialına həsr olunmuş elmi tədqiqatını təqdim edib. Təqdimatda bərpa olunan enerji mənbələrinin iqtisadi imkanları, ölkənin yaşıl keçid strategiyası və enerji təhlükəsizliyi aspektləri ətraflı şəkildə təhlil olunub. Mövzu Polşalı akademik dairələr tərəfindən maraqla qarşılanıb və müzakirələr doğurub.

Səfər çərçivəsində dosent Suqra Hümbətova  UNEC və Kazimerz Vielki Universiteti arasında elmi-tədqiqat və akademik əməkdaşlıq imkanları, birgə layihələr, ortaq nəşrlər və müəllim-tələbə mübadiləsi barədə müvafiq struktur rəhbərləri ilə müzakirələr aparıb.

Bundan əlavə, Suqra Hümbətova universitetin tanınmış tədqiqatçısı, professor Ewelina Idziak ilə görüşərək tədris planları üzrə metodoloji yanaşmaları, fakültələrarası əməkdaşlıq imkanlarını və UNEC-də tətbiq edilən təcrübələri bölüşüb. Hər iki universitetdə iqtisadiyyat ixtisası üzrə tətbiq edilən proqramlar müqayisəli şəkildə nəzərdən keçirilib.

Səfərin əhəmiyyətli nəticələrindən biri UNEC-in “İqtisadiyyat” kafedrasının iki proqramının – “Beynəlxalq İqtisadi Münasibətlər” və “Əməyin İqtisadiyyatı” fənləri üzrə hazırlanan tədris proqramlarının Kazimerz Vielki Universitetində elmi baxımdan aprobasiyası olub. Proqramlar universitetin fakültə üzvləri tərəfindən yüksək dəyərləndirilib və müsbət rəylər alıb. 

TOP XƏBƏRLƏR