19-23 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universiteti və UNEC-in birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransla bağlı UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) direktoru prof.Zahid Məmmədov Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.
Səfər zamanı prof.Zahid Məmmədov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru prof. İqor Maksimstsev ilə görüşüb. Görüşdə UNEC ilə SDİU arasındakı elmi əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin konfransın təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, 20 aprel tarixində keçiriləcək konfransda UNEC rektoru prof.Ədalət Muradov təqdimatla çıxış edəcək. Eyni zamanda UNEC ilə SPDİU arasında “Tədris, elm və innovasiya sahəsində əməkdaşlıq” müqaviləsi imzalanacaq. Səfər çərçivəsində UNEC rektorunun elmi jurnalların redaktorları ilə, dissertasiya şuralarının sədrləri və SPDİU-da təhsil alan azərbaycanlı tələbələrlə görüşü də nəzərdə tutulub.