UNEC-in Mühəndislik fakültəsində professor-müəllim heyətinin iştirakı ilə “Tədris prosesində gender bərabərliyi yanaşması” mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbir iştirakçılarına gender bərabərliyi mövzusunda geniş məlumat verilib və müxtəlif mühüm məsələlər müzakirə olunub.
Təlimdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Zeynəb Qiyasova çıxış edərək qlobal dünyanın XXI əsr gündəliyinin əsas hədəflərindən biri olan gender məsələlərinə diqqət çəkib. Məruzəçi gender bərabərliyi anlayışını izah edərək, tələbələrin cinsindən asılı olmayaraq bərabər imkanlara, hüquq və vəzifələrə sahib olmalarının vacibliyini vurğulayıb. Eyni zamanda, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələri qarşısında qoyulan əsas hədəflərdən biri olan gender bərabərliyinin təşviqinə dair məlumat verib və qadınların idarəetmədə və ictimai-sosial həyatda aktivliyinin təmin olunması öhdəliklərini xatırladıb.
Təlimin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçılara əlavə məlumat təqdim edilib. Tədbir müzakirələrlə davam edib.