Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçid və iqlim maliyyələşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Rəsmi açılışda iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov beynəlxalq konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak etdiyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib. Ə.Muradov çıxışında UNEC-in İnkişaf Strategiyasının məqsəd və hədəflərindən söz açıb: “Bizim strateji məqsədimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir. Ən çox hədəflər də məhz elmi tədqiqatlarla bağlıdır”. Rektor UNEC-in elmi fəaliyyəti və əldə olunan nəticələr barədə metrik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb.
RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə isə iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, keyfiyyətli ətraf mühitin formalaşdırılması, yaşıl iqtisadiyyata transformasiya və bu istiqamətdə digər sahələr üzrə görülən işlərdən söz açıb.
Açılış nitqlərindən sonra çıxış edənlərə plaketlər təqdim olunub. Konfrans “Azərbaycan universitetlərində dayanıqlı inikşaf: bərpa olunan enerji və iqlim”, “Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər” adlı panel sessiyalarla davam edib.
Konfrans çərçivəsində “Bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda maraqlı müzakirələr aparılıb. Panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatların və xarici universitetlərin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edib.
Qeyd edək ki, konfransa yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən 245 tədqiqat işi məruzə olunmaq üçün qəbul edilib.
Konfransda iştirak edən yerli və xarici qonaqlara dibçəklərdə zeytun ağacları hədiyyə olunub. Aksiyanın məqsədi konfrans çərçivəsində ölkəmizin bütün guşələrində ağac əkmək və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. Konfrans çərçivəsində ağacəkmə aksiyası da keçirilib. Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağac əkilib.