Azərbaycan Dövlət İqtisad Universiteti Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası və UNEC Türk Dünyası Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “UNEC CLUBRARY” kitab klubunun növbəti görüşü baş tutub.
Görüşdə “Azərbaycan Ədəbiyyatında Novruz Bayramı və Çərşənbələri, Novruz Mifologiyası” mövzusu ətrafında müzakirələr edilib.
UNEC-in ilk xanım professoru, “Əməkdar müəllim”, “Tərəqqi” medalı və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru Maarifə Hacıyeva, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçiləri - dosent Sevinc Qasımova və dosent Məleykə Məmmədova iştirakçılara Novruz bayramının əhəmiyyətindən, Novruz adət-ənənələri, çərşənbələrin mahiyyəti, inanclar, el oyunları və s. haqqında geniş məlumat verib, bayramın müxtəlif bölgələrdə qarşılanması fərqliliyindən danışıblar. Kitabxananın müdiri Arzu Məmmədova xalqımızın minillik tarixini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramının qorunması istiqamətində görülən işlərdən bəhs edib.
Azərbaycan Milli Konservatoriyası tələbələrinin - İlkin Əhmədli, Rəsul Hacızadə, Rüstəm Rüstəmovun ifasında milli musiqi parçaları görüşə bayram əhvalı qatıb.
Dosent Sevinc Qasımova və dosent Məleykə Məmmədova müəllifi olduqları kitablarını kitabxanaya hədiyyə ediblər. Görüş iştirakçılarının sualları professor Maarifə xanım və folkloşünas alimlərimiz tərəfindən cavablandırılıb.
Sonda kitab klubunun prezidenti Ziyad Ağayev tərəfindən Azərbaycan Milli Konservatoriyasının tələbələrinə təşəkkürnamələr təqdim edilib.