Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzində (KİM) UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Əsaslı kitabxanada keçirilən tədbirdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Əsaslı kitabxananın müdiri Nəzifə Bəxtiyarova və müdir müavini Yusif Musayev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında tarixi yeri, Ümummilli lider Heydər Əliyev tərəfindən hadisəyə siyasi-hüquqi qiymət verilməsinin sonrakı proseslərə təsiri və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlər haqqında çıxış edərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Eyni zamanda UNEC-in bütün tədris binalarında yerləşən kitabxanalarda oxuculara həm ənənəvi, həm də virtual sərgilər təqdim edilib. Xocalı faciəsinə həsr olunmuş virtual sərgi (https://library.unec.edu.az/virtual-s-rgi/virtual-s-rgi-5) ilə Kitabxana-İnformasiya Mərkəzinin veb səhifəsində tanış olmaq olar.
Kitabxananın əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvləri Hüseyn Şükürov və Rəfiqə Canıyeva Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib və Xocalı faciəsinə həsr olunmuş nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.