A

UNEC-in nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin əməkdaşları tərəfindən hazırlanmış və UNEC nəşriyyatında işıq üzü görmüş “İqtisadi və maliyyə savadlılığı” adlı ilk dərs vəsaitinin təqdimatı keçirililib.

Tədbirdə universitet və kollec əməkdaşları, eləcə də, kitabın müəllifləri və Azərbaycanda fəaliyyət göstərən bir sıra orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edib.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru,  prof. Rövnəq Rzayev tədbiri giriş nitqi ilə açaraq, kollecin əməkdaşları tərəfindən ilk dərs vəsaitinin hazırlanmasını kollecdə elmi fəaliyyətin genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Prorektor qeyd edib ki, təqdim olunan dərs vəsaiti tələbələrin ixtisas biliklərinin genişləndirməsinə və peşə hazırlığının keyfiyyətinin artırılmasına xidmət etməklə bərabər, həm də elmin populyarlaşdırılmasına və UNEC-in 95 illik yubileyinə əhəmiyyətli töhfədir.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru dos. Davud Davudov reallaşdırılan təşəbbüsün ilk olduğunu diqqətə çatdıraraq layihənin kollec təhsilinin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və tələbələrin peşəkar inkişafına yönəlmiş strategiyanın tərkib hissəsi olduğunu qeyd edib.

Tədbirdə həmçinin, kitabın rəyçisi UNEC-in “Karyera planlaşdırılması və inkişafı kafedrası”nın müdiri,  dos. Rəşad Məhərrəmovun həmmüəllifi olduğu "Yumşaq bacarıqlar" kitabının təqdimatı olub. R.Məhərrəmov kitab haqqında iştirakçılara ətraflı məlumat verib. O, çıxışında kitabın  yazılmasında istifadə olunan metodoloji yanaşma, elmi və bədii keyfiyyətləri haqqında fikirlərini bölüşərək dərs vəsaitini orta ixtisas təhsili müəssisələrində müvafiq istiqamət üzrə təhsil alan tələbələr üçün əmək bazarının tələblərinə uyğun hazırlanmış ədəbiyyat kimi xarakterizə edib.

Sonra kitabın həmmüəllifləri Könül Büyüker və Zərifə Orucova və digər çıxış edənlər vəsaitin kollecin müəllim heyətinin elmi-metodik araşdırmaları və pedaqoji təcrübəsi əsasında hazırlandığını diqqətə çatdırıblar. Müəlliflər kitabda nəzəri biliklərlə yanaşı, tələbələrin biliklərini real iş şəraitində tətbiqetmə imkanlarını təmin etmək üçün praktiki tapşırıqlar və nümunələrə də yer verildiyini bildiriblər.

Sonda nəşr məhsullarının müvafiq nüsxələri UNEC Kitabxana-İnformasiya Mərkəzinin fonduna hədiyyə edilib.

TOP XƏBƏRLƏR