UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində Ekoloji Maarifləndirmə və Monitorinq İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dosent Elçin Eyvazov konfransın həsr olunduğu mövzunun aktuallığından bəhs edib.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov “Heydər Əliyevin zəngin siyasi irsində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpasının prioritetliyi” mövzusunda çıxış edərək, Ümummilli Liderin müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər haqqında ətraflı məlumat verib. Elşən Məmmədov bu gün Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması sahəsində əldə edilən uğurların əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.
Sonra, Elşən Məmmədovun moderatorluğu ilə məruzələr dinlənilib.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafında yeni dövrün başlandığını bəyan etdiyini vurğulayaraq, milli ideyaların formalaşması üçün “Yaşıl iqtisadiyyat”, “Yaşıl enerji”, “Rəqəmsal Azərbaycan” platformalarını inkişaf etdirməyin əhəmiyyətindən və ölkəmizin qlobal çağırışlara adekvat dayanıqlılıq sərgiləməsindən bəhs edib.
Ekoloji Maarifləndirmə və Monitorinq İctimai Birliyinin sədri, ekoloq Qəmzə Yusubova ermənilər tərəfindən həyata keçirilən ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, biomüxtəlifliyinə, flora və faunasına, həmçinin su mənbələrinə dəymiş zərərlərə toxunaraq Azərbaycan ərazilərində beynəlxalq hüququn prinsiplərinin pozulmasından bəhs edib. O, Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi faciələrə yol açdığını bildirib.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, c.e.n. Rövşən Həsənov “Ekologiya” ixtisasının III kurs tələbələri Könül Bayramova və Firuzə Teymurova ilə birgə hazırladıqları “İstehsal münasibətlərinin tənzimlənməsi və ekoloji risk” mövzusunda məqalənin təqdimatını ediblər.
Məruzə və çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qaşılanıb.