UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin rəhmətə getmiş alim və əməkdaşlarının əziz xatirəsinə həsr olunan “Alimlərimizi yad edirik” rubrukasında onların həyat və fəaliyyətləri barədə materiallar təqdim olunur. Budəfəki rubrika tanınmış iqtisadçı alim, nüfuzlu pedaqoq, iqtisad elmləri doktoru, professor İslam Samil oğlu Qarayevə həsr olunur.
Azərbaycanda iqtisad elminin inkişafında i.e.d.,professor İslam Samil oğlu Qarayevin özünəməxsus yeri olmuşdur. O, 1940-cı ildə Qazax rayonu 2-ci Şıxlı kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini bitirmişdir. 1962-1963-cü illərdə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi işləmiş və 1963-1966-cı illərdə SSRİ EA-nın İqtisadiyyat İnstitutunda aspirant olmuşdur. 1966-cı ildə namizədlik dissertasiyası, 1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən professordur.
O, müyyən müddət dövlət strukturunda, 1968-1977-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda bölmə və şöbə müdiri vəzifəsində çalışmışdır. Sonralar bütün ömrünü həyatının sonuna qədər ali təhsil sistemində yüksək ixtisaslı gənc nəslin yetişdirilməsinə həsr etmişdir. 1977-1987-ci illərdə isə Azərbaycan Dövlət Pedoqoji Universitetində dosent, professor vəzifələrində çalışmışdır. O, uzun müddət ali təhsil sistemində rəhbər vəzifələrdə çalışmışdır. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda “Siyasi-iqtisad” kafedrasının müdiri olmuşdur.
1992-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hazırki UNEC) birinci prorektoru, 1994-cü ildən may 2000-ci ilədək isə həmin İnstitutun rektoru vəzifəsini icra etmişdir.O, Azərbaycan Dövlət İqtisad Universitetində çalışdığı müddətdə “Qiymətqoyma və qiymətinəmələ gəlməsi” və “Aqrar iqtisadiyyat kafedrası”na rəhbərlik etmişdir.
Professor İ.Ş.Qarayev Moskva və Azərbaycan Elmlər Akademiyasını İqtisadi Məktəbinin yetirməsi olub müasir Azərbaycan iqtisad elminin inkişafında xüsusi yeri olan iqtisadçı alimlərdəndir. O, Azərbaycanın milli iqtisadiyyatının formalaşma prinsipləri və istiqamətləri, onun nəzəri, metodoloji və praktiki məsələlərinin tədqiqi sahəsində geniş elmi araşdırmalar aparmış və xalq təsərrüfat əhəmiyyətli konkret elmi tövsiyələr və təkliflər vermişdir.
Xüsusilə Azərbaycan iqtisadiyyatının milli dəyərlər və geniş miqyasda beynəlxalq iqtisadi inteqrasiya əsasında inkişafı proqramının işlənib hazırlanması, onun yeni strukturunun müəyyənləşdirilməsi və məhsuldar qüvvələrin ölkədaxili kompleks inkişafının tədqiqi sahəsində professor İ.Ş.Qarayevin xidməti böyükdür. O, ölkədə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sahəsində aparılan fundamental tədqiqatların müəlliflərindən biridir.
Professor İ.Ş.Qarayev onlarca beynəlxalq, ümumittifaq və respublika xarakterli simpoziumlarda, konfranslarda və elmi məclislərdə iştirak edərək, Azərbaycan iqtisad elmini öz məruzə və çıxışları ilə layiqincə təmsil etmişdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış Elmi Şuranın həmsədri və bir neçə doktorluq dissertasiyası üzrə xüsusi ixtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur.
Professor İ.Ş.Qarayev 6 ildən yuxarı Azərbaycan iqtisad məktəbinin mərkəzi və böyük ali təhsil ocağı olan Azərbaycan Dövlət İqtisad İnstitutuna rəhbərlik etmiş və beynəlxalq standartlara cavab verən yüksək səviyyəli iqtisadçı kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərmişdir. Məhz, bu nüfuzlu ali təhsil ocağında tədrisdə islahatlar, yeni təhsil sisteminə keçid, dünya təhsil sisteminə inteqrasiya və müvafiq tədris bazasının yaradılması, o mürəkkəb, çətin və son dərəcə məsuliyyətli dövrdə prof. İ.Ş.Qarayevin rəhbərliyi altında aparılmışdır.
Professor İ.Ş.Qarayevin elmi fəaliyyəti təkcə respublikada deyil, onun hüdudlarından kənarda, beynəlxalq səviyyədə tanınmış və yüksək qiymətləndirilmişdir. O, 1998-ci ilin iyul ayında ABŞ-ın Nyu-York Elmlər Akademiyasının akademiki seçilmişdir.
Professor İ.Ş.Qarayevin rəhbərliyi altında Azərbaycan Dövlət İqtisad İnstitutu xarici əlaqələrini genişləndirmiş və beynəlxalq proqramlarda (TASİS, TEMPUS) yaxından iştirak etmişdir. Avropa Birliyinin TASİS proqramı çərçivəsində Amsterdam Universitetinin köməyi ilə institutda MBA proqramı üzrə magistratura yaradılmışdır və bu sahə üzrə magistrlərin ilk buraxılışı olmuşdur. TEMPUS proqramı çərçivəsində institutun Fransanın, İspaniyanın, Almaniyanın, Türkiyənin Universitetləri ilə əlaqələri yaradılmışdır və bu universitetlərin köməyi ilə institutda tədris prosesinin təkmilləşdirilməsi, onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, iqtisad yönümlü elmi-pedoqoji kadrların hazırlanması və s. sahələrdə xeyli işlər görülmüşdür.
Professor İ.Ş.Qarayev yüksək inzibati vəzifə yerinə yetirməklə yanaşı elmi fəaliyyət sahəsində də məhsuldar çalışmışdır. O, 320 çap vərəqi həcmində 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.Onun yazmış olduğu bir sıra dərsliklər bilavasitə ölkəmizdə milli iqtisadiyyatın förmalaşması prosesində bazar iqtisadiyyatının xarakterik cəhətlərinin tədqiqinə həsr olunmuşdur.
- «Ценообразование на мировом рынке» - Учебное пособие – Баку -1999;
- Aqrar bazarın formalaşmasının iqtisadi problemləri-Monoqrafiya /prof.İ.Ş.Qarayev, prof.Ə.Ç.Verdiyev/- Bakı 2000-ci il;
- “Qiymətin əmələ gəlməsi” –Dərslik (həmmüəlliflərlə) –Bakı- 2000-ci il;
- “Цена и экономическое регулирование рынка” учебник /Ислам Караев, Земфира Новрузова Баку: Игтисад Университети, 2006.
- “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” - Dərslik - Bakı 2011-ci il.
- “Aqrobiznes və ərzaq təhlükəsizliyi” - Dərslik- Bakı 2015-ci il
- ”Ərzaq təhlükəsizliyi və müasir aqrar siyasətin əsas istiqamətləri” – Tədris proqramı – Bakı 2011 il
Professor İ.Ş.Qarayev görkəmli alim, ziyalı olmaqla yanaşı həm də qayğıkeş ailə başçısı olmuşdur.
Professor İ.Ş.Qarayev 2015-ci ildə 75 yaşında Bakı şəhərində vəfat etmişdir. Professor İ.Ş. Qarayevin işıqlı xatirəsi onun dostlarının, həmkarlarının, tələbələrinin qəlbində uzun müddət yaşayacaqdır.
Ümüdvar Əliyev, iqtisad elmləri doktoru, professor,
“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri