Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətin Təşkili Şöbəsinin müdiri, UNEC Qadın Tədqiqatçılar Şurasının rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva İsveçrə Səfirliyində elmi diplomatiya görüşündə iştirak edib.
Görüş İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Thomas Stähli və İsveçrə Federal Elm, Tədqiqat və İnnovasiya Departamentinin (SBFI) dəvəti ilə baş tutub. Görüşdə Azərbaycanın və İsveçrənin qabaqcıl ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi və yeni elmi təşəbbüslərin müzakirəsi məqsədilə əhəmiyyətli fikir mübadiləsi aparılıb.
Azərbaycanın ilk qadın siyasi alimi və İsvreçrə Fəxri Federal Təqaüdçqsü kimi (Swiss Excellence Programme PhD Fellowship) təqaüdçüsü kimi şəxsi dəvət alan Nərgiz Hacıyeva görüşdə UNEC-in beynəlxalq elmi layihələrdə iştirakı, eləcə də İsveçrə ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə geniş təqdimatla çıxış edib.
Təqdimat zamanı UNEC və Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin birgə layihəsi olan və HEG Arc Ali İdarəetmə Məktəbi ilə planlaşdırılan “Business in Eurasia” adlı iki həftəlik təcrübə proqramı, bakalavr və magistr səviyyələrində nəzərdə tutulan tələbə mübadilə proqramları haqqında məlumat verilib. N.Hacıyeva, həmçinin İsveçrə Siyasi Elmlər Assosiasiyası nəzdində fəaliyyət göstərən Empirik Metodlar İşçi Qrupunun həmdirektoru kimi bu istiqamətdəki elmi liderlik fəaliyyətini təqdim edib.
Görüş çərçivəsində N.Hacıyeva tərəfindən Qarabağ bölgəsində post-münaqişə dövründə aparılan tədqiqatlar və qeyri-rəsmi iqtisadi fəaliyyətlərə dair yazılmış elmi monoqrafiyanın ön sözünün bir nüsxəsi səfirə təqdim olunub. Qarabağ regionunun yenidən qurulmasında İsveçrə iqtisadi modelinin tətbiqi və SA_Partners kimi şirkətlərin Zəngilan və Qubadlı rayonlarındakı şəhərsalma layihələrində elmi-analitik dəstək imkanları da müzakirə olunub.
Səfir Thomas Stähli xanım Hacıyevanın beynəlxalq elmi təcrübəsini və elmi diplomatiya sahəsindəki fəaliyyətini “extraordinary and outstanding” kimi qiymətləndirərək gələcək əməkdaşlıqlarda İsveçrə Səfirliyinin dəstəyini davam etdirəcəyini vurğulayıb.
Nərgiz Hacıyeva sonda təşəkkürünü bildirərək, elmi diplomatiyanın regionlararası, institusional və nəzəri körpülər qurmaq baxımından əhəmiyyətini xüsusi qeyd edib.