A

"Azərbaycan müəllimi" qəzeti

1918-1920-ci illərdə Türkiyədən 20 min nüsxədən artıq dərslik, dərs vəsaiti və digər kitablar alınaraq məktəb kitabxanalarına verilib

Müsəlman Şərqində ilk demokratik dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq dövlət və cəmiyyət həyatının elə bir sahəsi olmayıb ki, orada milli quruculuq işləri yönündə ciddi addımlar atılmasın. Milli hökumətin müstəqilliyin elə ilk günlərindən atdığı belə addımlardan bir çoxunu isə mədəni-maarif işləri, o cümlədən kitabxana işi sahəsində  həyata keçirilən tədbirlər təşkil edib.

İlk demokratik cümhuriyyətimizin  fəaliyyətindən bəhs edən  məqalələrdə, adətən, parlamentin, hökumətin formalaşdırılması, dövlət təsisatlarının yaradılması, ordu quruculuğu, təhsil sahəsində, o cümlədən yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində görülmüş işlərdən daha geniş söz açıldığı halda digər sahələrə epizodik toxunma sərgilənir. Halbuki, cümhuriyyət tarixinin, milli hökumətin 23 aylıq fəaliyyətinin təhlili göstərir ki, digər sahələr kimi, milli-mədəni quruculuq və kitabxana işləri də AXC-nin diqqət mərkəzində olmuş, bu sahədə ardıcıl siyasət yeridilmiş, bir sıra əməli tədbirlər reallaşdırılmışdır.  

Bu baxımdan AXC-nin  kitabxana işinin təşkili ilə bağlı təşəbbüsləri və onları gerçəkləşdirmə cəhdləri diqqət çəkir.

Məlumdur ki, kitabxanalar  yarandığı dövrdən mühüm mədəni-maarif mərkəzləri rolunu oynamış, əsas missiyaları olan qədim və müasir əlyazma və kitabların toplanıb saxlanılması, qorunması və  gələcək nəsillərə çatdırılmasını təmin edən  qurumlar kimi tanınmışdır. Lakin zaman keçdikcə onların missiyası daha da genişlənmiş, kitabxanalar həm də elm və təhsilin təlimi və təbliğində  mühüm rol oynamağa başlamış, mədəni-kütləvi, maarifləndirici tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Bir çox dünya dövlətlərində olduğu kimi, Azırbaycanda da  kitabxanalar və kitabxana işi qədim tarixə malikdir. İlk dövrlərdə əsasən şahların saraylarında, iri şəhərlərdə mövcud olan kitabxanaların şəbəkəsi sonrakı dövrlərdə, xüsusən də  orta əsrlərdə daha da genişlənmiş, məscidlərdə, mədrəsələrdə, müxtəlif maarifçilik missiyalı cəmiyyətlərin nəzdində də kitabxanalar yaradılaraq fəaliyyət göstərmişdir. Lakin sonrakı əsrlərdə bu sahə elə də inkişaf etmədiyindən, xüsusən də çarizmin işğalı altında olduğumuz 19-cu əsrdə əhaliyə xidmət edən mütəşəkkil kitabxana şəbəkəsi yaradılmadığından AXC-yə bu istiqamətdə o qədər də  ürəkaçan miras qalmamışdır. Məlum olduğu kimi, çar Rusiyası özünə ilhaq etdiyi yerlərdə müstəmləkəçilik siyasəti yeritdiyindən yerli xalqların maariflənməsində mühüm rol oynaya bilən mədəni-maarif müəssisələrinin, o sarıdan da kitabxanaların yaradılmasında maraqlı deyildi. Mərkəzi dövlət belə müəssisələri maliyyələşdirməyə də həvəs  göstərmirdi. Ona görə də XX əsrin əvvəllərində  ölkədə dövlət kitabxanaları yox dərəcəsində idi. Bakıda və Azərbaycanın rayonlarında mövcud olan qeyri-dövlət təşkilatlarına, müxtəlif cəmiyyətlərə və şəxslərə məxsus kitabxanaların isə çoxu 1917-1918-ci illər arasında baş verən  hökumət dəyişiklikləri, vətəndaş müharibəsi və maddi çətinliklər üzündən öz fəaliyyətlərini dayandırmışdı. Buna  baxmayaraq, ölkədə xeyli kitabxana fəaliyyət göstərirdi. Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə, o dövr üçün sovet statistikası bir çox sahələrdə olduğu kimi  kitabxana işindəki real vəziyyəti də tam əks etdirmirdi. Belə ki, sovet  statistikasına görə, Azərbaycanda  1913-cü ildə 95 min nüsxə kitabı olan 25, 1920-ci ildə isə 25 min nüsxə kitaba malik 11 kitabxana olmuşdur. Sovet statistləri üçün xarakterik olan bu yanaşma-hər şeyin məhz sovet dövründə yaradıldığı, əvvəllər heç nəyin olmadığı kimi sovet sisteminin üstünlüyünə hədəflənmiş təbliğat burada da   özünü göstərmişdir.  Ona görə də müqayisə olunan rəqəmlərin ikisi də səhvdir. Kitabxana işi araşdırıcılarının, xüsusən də bu sahədə söz sahibi olan tanınmış tədqiqatçı alim Abuzər Xələfovun bildirdiyinə görə, o dövrdə Azərbaycanda 400-ə yaxın təkcə məktəb kitabxanası olmuşdur.

Məhz belə çətin bir dövrdə istiqlalını elan etmiş Azərbaycanda qurulan Milli hökumətlərin  əsas qayğılarından biri maarif və mədəniyyət sahəsini inkişaf etdirmək idi. Milli hökumətin mədəni-maarif və kitabxana işi sahəsindəki fəaliyyətini özünün “Azərbaycanda kitabxana işinin tarixi” adlı fundamental tədqiqat əsərində geniş təhlil edən kitabxanaşünaslıq sahəsində tanınmış mütəxəssis, tədqiqatçı alim Abuzər Xələfov haqlı olaraq qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə  mədəni quruculuq sahəsində həyata keçirdiyi tədbirlər içərisində  kitabxana işi ilə bağlı tədbirlər mühüm yer tutmuşdur.

Cümhuriyyətin tarixindən məlumdur ki, ilk milli dövlətimizdə bütün maarif və mədəniyyət  müəssisələrinə rəhbərliyi  Xalq Maarif Nazirliyi həyata keçirmişdir. Bu da təbii idi. Çünki o vaxt kitabxanaların böyük  əksəriyyətini məktəb kitabxanaları təşkil edirdi. A. Xələfov  qeyd etdiyimiz kitabında yazır: “Bu vaxt  respublikada 700-ə qədər məktəb var idi. Məktəblərin əksəriyyətində kitabxanaların olmasını nəzərə alsaq Maarif Nazirliyinin böyük təhsil kitabxana şəbəkəsinə malik olması aydınlaşar”.

Nazirliyin həyata  keçirdiyi  tədbirlər içərisində kitabxanaların qeydiyyatının aparılması, onların şəbəkələrinin bərpa edilməsi, kitabxanaların avadanlıqla, kitablarla, dərs vəsaitləri və digər ədəbiyyatla təmin edilməsi mühüm yer tuturdu. Hökumət məktəb şəbəkəsini qaydaya salarkən onunla birlikdə məktəb kitabxanalarının bərpa və inkişaf etdirilməsi qayğısına da qalırdı. Məsələn, A.Xələfovun qeyd etdiyi kimi, 1918-1920-ci illərdə təkcə Türkiyədən 20 min  nüsxədən artıq dərslik, dərs vəsaiti və digər kitablar alınaraq məktəb kitabxanalarına verilmişdir. Ölkədə olan maliyyə çətinliklərinə baxmayaraq, parlament 1919-cu il sentyabrın 18-də xalq məktəbləri kitabxanalarına türk dilində kitablar almaq üçün  1 milyon manat pul buraxılması haqqında qərar qəbul etmişdi. Həmin vəsait hesabına  təkcə Türkiyədən deyil, qonşu Rusiya, Gürcüstan və Avropa ölkələrindən də xeyli kitab alınıb məktəblərə verilmişdi.

Ölkənin mədəni inkişafında xalq kitabxana-qiraətxanalarının təşkilinə böyük əhəmiyyət verən Xalq Cümhuriyyəti hökuməti yenu kitabxanaların açılması, mövcud olanların öz fəaliyyətlərini daha uğurla davam etdirməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, ilk növbədə, kitablarla təmin edilməsinə qayğı göstərirdi. Parlamentin qərarı ilə ayrılmış 1 milyon manat vəsait hesabına xalq kitabxanaları üçün də xeyli kitab alınmışdı.

Tədqiqatçı alim A.Xələfovun apardığı araşdırmaya görə, Xalq Cümhuriyyəti dövründə ölkədə, təxminən, 50-yə qədər xalq kitabxanası-qiraətxanası olmuşdur. Bu dövrdə kitabxana işinin canlandırılması üçün atılan addımlardan biri isə ölkə parlamentinin  hökumətin təqdimatına əsasən təhsil müəssisələrinin kitabxanalarını kitabla təchiz etmək haqqında xüsusi qanun qəbul etməsi idi. Bu qanun öz demokratik prinsiplərinə görə böyük mədəni əhəmiyyət kəsb edirdi. Qanun bütün məktəb kitabxanalarının Azərbaycanda nəşr edilən kitab, jurnal, məcmuə və qəzetlərin məcburi nüsxələri ilə təchiz edilməsini, xarici ölkələrdən alınan kitabların  ilk növbədə kitabxanalara verilməsini, öz  fəaliyyətini dayandırmış məktəblərin, kitab mağazalarının anbarlarında saxlanılan ədəbiyyatın kitabxanalara paylanmasını, ayrı-ayrı şəxslərin, müəssisələrin və xeyriyyə cəmiyyətlərinin kitabxanalarının kitabla  təchiz olunmasına cəlb edilməsini vacib sayırdı.

Milli hökumət bilavasitə yaşlılara xidmət edən xalq kitabxana-qiraətxanalarına hər cür kömək etməyə çalışırdı. Bu tipdən olan kitabxanaların əksəriyyəti qeyri-dövlət təşkilatlarına, cəmiyyətlərə  və ayrı-ayrı şəxslərə məxsus idi. Xalq Maarif Nazirliyi  mətbuat vasitəsi ilə  kitabxanası olan bütün təşkilatlara, cəmiyyətlərə və şəxslərə müraciət etmişdi ki, özlərinin bu sahədəki fəaliyyətlərini davam etdirsinlər. Müraciətdə  kitabxanalara kömək göstərməyin vacibliyi bildirilirdi.  Hökumət də öz tərəfindən cəmiyyət kitabxana-qiraətxanalarına kitab və dövri mətbuat almaqda kömək edir,  onların işini əlaqələndirməyə çalışırdı.

Xalq Cümhuriyyəti dövründə ölkənin mədəni həyatında hələ əsrin əvvəllərində yaranmış “Nicat”, “Nəşri-maarif”, “Səfa” və s. kimi cəmiyyətlər mühüm rol oynayırdılar. Bu cəmiyyətlər öz mədəni-maarif müəssisələrinin, kitabxanalarının, dərnəklərinin işini canlandırır, Azərbaycan dili kursları təşkil edir, yoxsul əhaliyə köməklik göstərirdilər. Bu cəmiyyətlərin əsrin əvvəlində formalaşmış kitabxanaçılıq fəaliyyəti də genişlənmişdi. Onlar öz kitabxana-qiraətxanalarını yeni ədəbiyyatla zənginləşdirir, yeni-yeni qiraətxanalar təşkil edirdilər. A. Xələfovun yazdığına görə, cəmiyyətlərin kitabxana-qiraətxanalarında milli ədəbiyyatın toplanması və təbliğinə, kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilirdi.

1919-cu ilin əvvəllərində Bakı və onun rayonlarında mədəni-maarif cəmiyyətlərini birləşdirmək təşəbbüsü göstərilmişdi. Həmin cəmiyyətlərin konfransının çağırılması üçün təşkilat komitəsi yaradılmışdı. Komissiya tərəfindən  “Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi”  tərtib edilib təsdiq  üçün hökumətə təqdim olunmuşdu. Nizamnaməyə görə, Mədəni-maarif Cəmiyyətləri İttifaqının məqsədi Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək üçün şəhərin bütün mədəni qüvvələrini birləşdirmək idi. Bu cəmiyyətlərin fəaliyyətində əhaliyə kitabxana xidmətinin təşkili mühüm yer tuturdu. Onlar öz mədəni-kütləvi işlərini kitabxana-qiraətxanalarda təşkil etdiklərindən burada oxucular həmişə çox olurdu. Kitabxana işinə xüsusi qayğı ilə yanaşan, cəmiyyətdə kitabxanaların fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan hökuməti ölkə ərazisində mövcud olan bütün dövlət və ictimai kitabxanaların fəaliyyətlərini davam etdirməsi haqqında göstəriş vermişdi. Şəhərdə mövcud olan bütün kitabxanalar, o cümlədən cəmiyyət kitabxanaları, ayrı-ayrı milli azlıqlara aid kitabxanalar öz fəaliyyətlərini davam etdirirdilər.

1919-cu ildə hökumət Balaxanı-Sabunçu, Bibiheybət və Ağşəhərdə fəhlələrə xidmət etmək üçün kitabxana açmışdı. Bakıda ən böyük kitabxana şəbəkəsinə malik olan Neft Sənayeçiləri Quraltayı Şurasının kitabxanaları öz işlərini davam etdirirdilər. Kooperasiyalar ittifaqının kitabxanası əhaliyə xidmət etmək üçün şəhərin müxtəlif rayonlarında filiallarını açmışdı. Müstəqillik illərində respublikanın kitabxana işi həyatında yeni bir təşəbbüs - ayrı-ayrı nazirliklərin kitabxana şəbəkələrinin yaranması başlanmışdı. Dövlət bu işdə nazirliklərə yardım edirdi.  Belə ki, hökumət 1919-cu il iyunun 19-da kitabxana açmaq üçün Ədliyyə Nazirliyinə 50, Səhiyyə Nazirliyinə  isə 10 min manat vəsait  ayrılması haqqında qərar qəbul etmişdi. Respublikanın digər nazirliklərinin də kitabxanalar açmağa təşəbbüs göstərməsi haqqında o dövrün mətbuatında kifayət qədər məlumata rast gəlmək mümkündür.

Müstəqillik illərində hökumətin bilavasitə təşəbbüsü ilə ayrı-ayrı təşkilatların da kitabxanalar açması məlumdur. Məsələn, mənbələrdən aydın olur ki, 1918-ci ilin dekabr ayında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının mədəni-maarif şöbəsi Bakı şəhərində azərbaycanlı əhaliyə xidmət etmək məqsədi ilə ictimai xalq kitabxanası açmağı zəruri bilmişdi. Cəmiyyətin bu təşəbbüsü Xalq Maarif Nazirliyi tərəfindən bəyənilmiş və kömək  üçün öz fondundan xeyli kitab ayırmışdı. Göstərilən təşəbbüsə və görülən işlərə baxmayaraq, kitabxana açmaq çətin  idi. XX əsrin əvvəllərində ölkədə Azərbaycan dilində böyük tirajlarla kitab çap edən nəşriyyat olmadığından  kitab bazarı olduqca kasad idi. Buna baxmayaraq, qeyd olunan xalq kitabxanası 1919-cu ilin mart ayında açıldı. Oxucuların arzusu və İstehlak Cəmiyyəti İttifaqı İdarə Heyətinin qərarı ilə  kitabxanaya xalqımızın görkəmli satirik şairi M.Ə.Sabirin  adı verilmişdir.

Kitabxana yarandığı gündən respublikada milli kitabxana kimi tanınmış, bu statusu bütün fəaliyyəti boyu davam etdirmiş, Azərbaycan tarixinə, Azərbaycan dilinə, ədəbiyyatına, incəsənətinə, ümumiyyətlə, Azərbaycanşünaslığa dair ədəbiyyatın mərkəzi kimi formalaşmışdır.

Müstəqillik illərində respublikamızda yaranan kitabxanalardan biri də Bakı Dövlət Universitetinin Elmi Kitabxanası olmuşdur. Bakı Dövlət Universitetinin Kitabxanasının yaranması respublikanın təhsil, elm və mədəni həyatında böyük hadisə idi. Kitabxana öz statusuna görə universal, elmi və tədris kitabxanası xarakteri daşıdığından respublika əhəmiyyətinə malik idi. Məhz buna görədir ki, hökumət bu kitabxananın yaradılmasına böyük əhəmiyyət verirdi.

Təsadüfi deyildir ki, Parlament universitetin yaradılması haqqında 1 sentyabr 1918-ci il tarixli qanunda universiteti təşkil və təchiz etmək üçün 1919-1920-ci tədris ilində ayrılan 5 milyon manat  vəsaitin müəyyən hissəsi kitabxananın təşkili üçün nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin sərəncamları ilə tanışlıqdan məlum olur ki, o dövrdə Respublika Dövlət Kitabxanasının yaradılması da diqqət mərkəzində olub, bu məqsədlə təşəbbüslər göstərilib. Hətta hökumətin tapşırığı ilə kitabxananın yaradılması məsələsi Xalq Maarif Komissarlığında müzakirə edilib.

Yeri gəlmişkən qeyd edək ki, Bakıda ümumu bir kitabxananın açılması ziyalıların da arzusu idi və onlar öz qələm məhsulları ilə  bu təşəbbüsün baş tutmasına dəstək verirdilər. Məsələn, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli o dövrdə mətbuatda dərc etdirdiyi “Milli və mədəni işlərimiz” seriyasından “Ümumi kitabxana” adlı məqaləsində yazırdı: “Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq. Sonra bu məsələ unudulmuş kimi göründü. Halbuki kitabxananın bizim üçün o qədər əhəmiyyəti var ki, çoxdan bu yolda çalışmalıydıq. Kitabxana açmaq bir o qədər də çətin iş deyil. Təşəbbüs olunsa, pulsuz belə bir çox kitablar toplamaq olar. Ümumi kitabxana fikri birinci olaraq Kiyev “Müsavat” komitəsini düşündürürdü. İlyarım əqdəm komitə Bakıda ümumi kitabxana təsisinə qərar verdi və min cildə qədər kitab ələ gətirdi. Kitablar iqtisadi, siyasi, ictimai və başqa məsələlərə aiddir. Avropalıların islam və türk aleminə olan nəzəriyyatlarına dair bir çox kitablar var. Fikir bu idi ki, kitabxananın bir qismi islam məsələsinə sərf edilsin və islama dair nə qədər əsərlər yazılıbsa ələ gətirilsin. Təəssüf ki, inqilab bir çox maneələr təşkil etdi və kitabxanamız da Kiyevdə qaldı. Bakıya gətirə bilmədik. Bu gün bu məsələ yenə yönümüzdədir; gələcəkdə də bizdən əl çəkməyəcəkdir. Bu gün bu məsələnin həllinə çalışılmalıdır. Milli işlərimizdə hər şeyi hökumətdən gözləməməliyik. Xüsusi təşəbbüslər də lazımdır. Bu barədə zəhmətkeş 238 ziyalılar ittifaqı işə girişməlidi. “İttifaq” bütün səyini kitabxana məsələsinə həsr etsə, böyük iş görər. Kömək üçün hökumətə müraciət olunsa, hökumət müzayiqə etməz zənnindəyəm.”

Lakin çox təəssüf ki, bu dövrdə ölkənin siyasi, iqtisadi və ictimai həyatında baş verən çətinliklər, xüsusilə maliyyə çətinlikləri  bu təşəbbüsün həyata keçirilməsinə imkan vermədi.

Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan hökumətinin  mədəni quruculuq haqqında qəbul etdiyi sənədlərlə tanışlıqdan yəqin etmək olur ki,  bu sənədlərdə kitabxana işi  qırmızı xətlə keçmiş, əhaliyə kitabxana xidmətinin təşkilinə böyük qayğı ilə yanaşılmışdır.

Arzu MƏMMƏDOVA,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), baş biblioqraf

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay