A

"Xalq qəzeti"

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
Corc BUŞ
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin zəngin enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı-Tbilisi-Qars dəmir yolu, ­TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində ­mühüm rol oynayan əsas dövlətə çevrildi.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmiş, Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verən nəhəng quruculuq planları reallaşdırılmışdır.

Yaxın keçmişə nəzər salsaq görərik ki, 1988-1993-cü illər Azərbaycanın ictimai-siyasi həyatında əsl təlatümlər, çaxnaşmalar dövrü olmuş, cəbhədəki ağır məğlubiyyətlər, ölkədə baş alıb gedən anarxiya, xaos və vətəndaş müharibəsi həyatın bütün sahələrini iflic etmişdi. Belə bir təhlükəli məqamda ölkəni gözləyən ağır və dəhşətli fəlakətin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyununda Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlətini parçalanıb məhv olmaq təhlükəsindən xilas etdi.

Ulu öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində tezliklə ölkədə vətəndaş qarşıdurması dayandırıldı. Milli Ordumuzun döyüş qüdrətinin artırılması torpaqlarımızın işğalına son qoydu və atəşkəs əldə olundu. Həyata keçirilən zəruri tədbirlər nəticəsində respublikada iqtisadi geriləmənin qarşısı alındı və ictimai-siyasi sabitlik təmin edildi. Siyasi arenada dövlətimizin zədələnmiş beynəlxalq nüfuzu tədricən bərpa olunmağa başladı və Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı.

Heydər Əliyevin bilavasitə rəhbərliyi altında müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. Hərtərəfli düşünülmüş iqtisadi islahatlara start verildi və tarixə “Əsrin müqaviləsi” adı ilə düşən neft müqaviləsi imzalandı. Məhz bu müqavilədən sonra Azərbaycan Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu və keçmiş sovet respublikaları arasında ilk dəfə Qərbin iri neft şirkətləri ilə saziş bağlandı. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axınını sürətləndirdi və dünyanın nəhəng neft şirkətləri ilə yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin zəngin enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı-Tbilisi-Qars dəmir yolu, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan əsas dövlətə çevrildi.

XX əsrin əvvəllərində Alfred Nobelin “burada neft, qaz və siyasət çox sıx şəkildə bir-birinə qarışıb” - deyə xarakterizə etdiyi Azərbaycan artıq əsrin sonunda Heydər Əliyevin gərgin əməyi, müdrik siyasəti nəticəsində qan-qadadan uzaq, sabitliyin vəəmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrildi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini tamam dəyişdi.

Bu siyasi kursun dövrün tələblərinə uyğun olaraq ardıcıl və daha təkmil formada həyata keçirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. 2018-ci il may ayının 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin açılışı mərasimində dövlətimizin başçısı demişdir: “TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, 20 ildən sonra “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da, böyük və tarixi hadisədir”.

Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətinin uğurlarının bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə imzaladığı “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan əsas neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkildi, Xəzər dənizinin Azərbaycan sektorunda neçə-neçə neft yatağının dünyanın nəhəng neft şirkətləri ilə birgə istismarına başlanıldı. Ancaq bu uğurların təməl daşı məhz “Əsrin müqaviləsi” ilə qoyulmuşdur.

Dövlətimizin növbəti uğurlarından biri də, heç şübhəsiz, Azərbaycan qazını Avropaya çatdıracaq nəhəng infrastrukturun istifadəyə verilməsidir. Cənubi Qafqaz Boru Kəmərinin Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri dörd mərhələdə həyata keçiriləcək. İlk mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. 2023-cü ildə kəmərin buraxılış qabiliyyəti ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. TANAP və TAP layihələri çərçivəsində Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

“Cənub Qaz Dəhlizi” nəhəng infrastruktur layihəsidir. Onun icrasına 45 milyard dollardan çox sərmayə qoyulacaq. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu həcmdə kapital yönəldilməsi onun iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və geosiyasi baxımdan da nə dərəcədə önəmli olduğunu göstərir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır”.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda “Cənub Qaz Dəhlizi”ni ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığının “mühüm nailiyyəti” adlandırıb. O xüsusi vurğulayıb ki, Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir: “Sizin qaz hasilatınız Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcəkdir”.

Donald Tramp “Cənub Qaz Dəhlizi”nə Azərbaycanın xarici siyasət kursunun ümumi məzmunu kontekstində baxaraq məktubunun sonunda vurğulayır ki, həm ABŞ-la Azərbaycanın, həm də “Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə” Prezident İlham Əliyevlə birgə işləmək əzmindədir. ABŞ kimi qüdrətli dövlətin başçısı tərəfindən verilən bu yüksək qiymət bir daha göstərir ki, müstəqil Azərbaycan dövlətinin müasir dünya siyasətində, onun enerji təhlükəsizliyində mühüm yeri vardır. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünya birliyi dövlətləri tərəfindən hörmət və rəğbətlə qarşılanır. Regionda irimiqyaslı bütün layihələr Azərbaycanın iştirakı və razılığı ilə həyata keçirilir.

Azərbaycan dövləti qardaş Türkiyə ilə siyasi və iqtisadi əlaqələrin daha da genişləndirilməsinə, birgə meqalayihələrin reallaşdırılmasına xüsusi önəm verir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı mərasimində çıxışı zamanı demişdir: “Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir”.
“STAR” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodun tikintisinə 6,3 milyard dollar sərmayə yatırılmışdır. İldə10 milyon ton xam neft emalı gücünə malik müəssisənin əsas pay sahibi SOCAR-dır və Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək. Burada 1100 nəfər daimi işlə təmin olunacaq. Zavod həm də Azərbaycan iqtisadiyyatına dividend gətirəcək. 5 il müddətində müəssisənin fəaliyyəti nəticəsində hər il Azərbaycana 850 milyon dollardan çox vəsait daxil olacaq. Növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək.

Hesablamalara görə, “Star”a qoyulan vəsaiti SOCAR ən geci 10 ilə geri qaytara biləcək. Düzdür, burada qiymətlərin müəyyən təsiri olacaq. Amma ən aşağı hesablamalarla, kredit resurslarını da qaytarmaq şərtilə bu zavoddan ildə 500 milyon dollar mənfəət götürmək mümkün olacaq. Bu baxımdan, zavoda qoyulan investisiya kifayət qədər uğurlu sərmayədir.

“Şahdəniz” yatağının ikinci mərhələsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Bu mərhələ çərçivəsində hasil edilən “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayını da artıracaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası, “Şahdəniz” yatağının ikinci mərhələsi ilə əlaqədar Azərbaycan iqtisadiyyatına 25 milyard dollar həcmində investisiya yatırılacaq.

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyinə layiqli töhfəsini verir. Dünya birliyi, xüsusən də Qərb ölkələri enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu açıq şəkildə ortaya qoyub. İndi məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında söhbət gedir.

Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkənin iqtisadiyyatı təkcə neft gəlirlərindən asılı olmasın. Buna görə də qeyri-neft sektorunun inkişafını nəzərdə tutan layihələrin reallaşmasına daha çox diqqət yetirilir. Son illərdəölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, heç şübhəsiz, Azərbaycan ­Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir.

Dövlətimizin başçısı tərəfindən “Sənaye ili” elan olunmuş 2014-cü ildə Azərbaycanda reallaşdırılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən işlər qeyri-neft sektorunda, xüsusən də sənayenin qeyri-neft sahələrində böyük canlanmaya səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, son iki ildə ölkədə qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili istiqamətində mühüm işlər görülmüşdür. 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra digər mühüm sənaye obyektlərinin tikintisinə başlanılmışdır.

Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. Dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanı bu baxımdan mühüm sənəddir. Həmin sənədə əsasən, ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik sənaye məhəllələrinin yaradılması planlaşdırılır. Prezident İlham Əliyev bu məsələnin aktuallığını diqqətə çatdıraraq demişdir: “Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən dəfələrlə öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək”.

Ölkə başçısının tapşırığına uyğun olaraq artıq Sumqayıt və Mingəçevir Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək müəssisələr işə salınmışdır. Hazırda Azərbaycanda sənayenin, xüsusən də qeyri-neft sənayesinin inkişaf etdirilməsi getdikcə daha çox aktuallıq kəsb edir. Bölgələrdə iri sənaye istehsalı zonalarının yaradılması isə neft-qaz ölkəsi olan Azərbaycanı həm də yaxın gələcəkdə regionun inkişaf etmiş qeyri-neft sənayesi ölkəsinə çevirəcək.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi nəticəsində son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir və ölkəmizin ixrac strukturunda xüsusi çəkisini artırır.

Azərbaycan son illərdə dünyada baş verən iqtisadi və maliyyə böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, respublikamızda maaşlar və pensiyalar ilbəil artırılır. Bunun əsas səbəbi dövlətimizin başçısı tərəfindən vaxtında zəruri addımların atılmasıdır. Böhran başlayanda onu qabaqlamaq məqsədilə qeyri-neft sektorunun inkişafına böyük məbləğdə investisiya yatırıldı. Bu gün də qeyri-neft sektorunun bütün sahələrinə böyük həcmdə investisiya qoyulur, zəruri infrastruktur layihələri həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda inkişaf etmiş ölkələr səviyyəsində mükəmməl infrastruktura malikdir.

Azərbaycanda sosial məsələyə də mühüm önəm verilir. Prezident İlham Əliyev bu vacib sahənin inkişafı ilə bağlı demişdir: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”.

Ölkəmizdə son illərdə işsizlik probleminin həlli və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini vermiş, ümumi iqtisadi inkişaf da bu problemlərin həllini xeyli sürətləndirmişdir. Ölkədə yoxsulluğun 29,3 faizdən 4,9 faizə endirilməsi, işsizliyin 5 faizə yaxın səviyyədə qərarlaşması çox böyük uğurdur və Azərbaycanın sosial dövlət olduğunun əsas göstəricisidir.

Ölkə vətəndaşlarının maddi rifahının yüksəldil­məsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi altında respublikamızda müxtəlif sosial layihələr həyata keçirilmiş, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilinin təşkili, onların oxuduqları müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Bu mühüm sənəddə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinin genişləndirilməsi, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi və digər vacib quruculuq məsələləri öz əksini tapmışdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcək və dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacaq.

Arif Şəkərəliyev,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay