Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayevin bu yaxınlarda Moskva şəhərində “Rusiya mittelşpil: iqtisadiyyat, texnogenez, geostrategiya” mövzusuna həsr olunmuş konfransın plenar iclasında “Qlobal çağırışlar konteksındə iqtisad elmlərinin təsnifatı və iqtisadi nəzəriyyənin tədrisi” adlı geniş məruzə ilə çıxış etdiyi, həmçinin bu məruzənin konfransada iştirak edən Rusiyadan, Azərbaycandan, Qazağıstandan, Belarusdan, Polşadan, Çindən və Ukraynadan olan alimlərin böyük marağına səbəb olduğu haqda məlumat vermişdik.
Qeyd edək ki, professor Əlican Babayev öz elmi fəaliyyətilə Azərbaycan sərhədlərindən kənarda, o cümlədən Rusiyada yaxşı tanınan alimlərimizdəndir. Həm də yalnız konfranslardakı çıxıları ilə deyil, eyni zamanda elmi əsərləri, monoqrafiyaları ilə tanınınır.
“AzPolitika. info”nun məlumatına görə, bu günlərdə Moskvada UNEC profesorunun iştirakı ilə yazılmış daha bir kitab işıq üzü görüb. Kitabın digər müəllifləri Rusiyanın tanınmış alimləridir.
Belə ki, sözügedən kitabın kitabın müəllifləri xeyli vaxtdır ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsinin “Siyasi iqtisad” kafedrasının təkrar istehsal və iqtisadi artım problemlərini öyrənən yaradıcı kollektivində birgə araşdırmalarla məşğuldurlar.
Onlar bu nəşrin səhifələrində oxucunu MDB məkanına daxil olan ölkələr timsalında ümummilli ictimai və regional təkrar istehsal sahəsində ümumnəzəri və konkret-iqtisadi tədqiqatların nəticələri ilə tanış edirlər.
Kitabda K. Marksın şah əsərinin – I cildinin çapdan çıxmasının 150 illiyi 2017-ci ildə tamam olmuş “Kapital”ın metodoloji və nəzəri potensialı, postcovet məkanında bazar-kapitalist iqtisadiyyatının təkamülünün təhlilində bu potensialdan istifadə etməyin mümkünlüyü məsələləri müzakirə edilir. Müəlliflər vahid təkrar istehsal kompleksinin və SSRİ dağılandan sonra MDB məkanında onun fəaliyyət mexanizminin formalaşması yolları, sənayeləşmənin yeni mərhələsinin məzmunu, maşınqayırmanın xüsusi rolu və ixtisaslaşmış iş qüvvəsinin təkrar istehsalı, ümumdövlət strateji planlaşdırma sisteminin yaradılması və iqtisadi inkişafın yeni modelinə keçid haqqında mülahizələrini bölüşürlər.
Kitabın «Материальное производство и сфера услуг в единой системе воспроизводственного процесса» («Vahid təkrar istehsal prosesi sistemində maddi istehsal və xidmət sahəsi») adlı bölümündə professor Əlican Babayevin geniş məqaləsi yerləşdirilib. UNEC professorunun məqaləsi muasir iqtisadiyyatda XX əsrin ortalarından başlayaraq xidmət sferasının rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə həsr olunub.
Məqalədə xidmətlərin mahiyyəti və onların sosial-iqtisadi inkişafın müasir mərhələsində rolunun dəyişməsinə baxılır və xidmət sferasının çoxsaylı sahələrinin maddi istehsaldan fərqli xarakterik xüsusiyyətləri təhlil olunur. Professorun məqaləsində göstərilmişdir ki, ictimai təkrar istehsalın başqa sferalarından və struktur bölmələrindən fərqli olaraq xidmət sahəsi vahid tam kimi keyfiyyət əlamətləri sisteminə malikdir. Bu sahədə yaradılan xidmətlərin müxtəlifliyinə baxmayaraq, onlar arasında bir ümumilik var ki, bu onları bir sahə daxilində birləşdirir və maddi istehsaldan fərqləndirir.
Müəllif məqaləsində iqtisadiyyatın quruluşunu daha dəqiq əks etirmək məqsədi ilə onun sektorlara ayrılmasının modelini təklif edir.
Məqalədə müasir iqtisadiyyatda xidmət sferasının təkrar iqstehsalda mühüm rolu, onun həm kefiyyəti, həm də kəmiyyətinə təsirinin nəticələri ümumiləşdirilir. Müasir elmi-texniki inqilab şəraitində və onun təsiri altında maddi və qeyri-maddi istehsalın inteqrasiyası prosesinin əsas formaları nəzərdən keçirilir. Bildirilir ki, bu proses, bir tərəfdən, maddi istehsalda mənəvi-yaradıcılıq fəaliyyəti elementlərinin artması tendensiyası şəklində, digər tərəfdən-maddi istehsal sahəsinin funksiyalarının xidmət sahəsinə nüfuz etməsi formasında təzahür edir. Lakin mənəvi elementlərin, elmin, biliyin istehsalda rolunun güclənməsi o demək deyil ki, maddi istehsalla xidmət sahəsi və onların nəticələri arasında sərhədlər pozulur.
Məqalədə həmçinin, iqtisadiyyatda xidmətlər sahəsinin xüsusi çəkisinin artması və maddi istehsalın payının azalması qeyd edilir. Müəllif bu fenomenin səbəbini anlamaq üçün klassik nəzəriyyənin nümayəndələrinin “xidmət” və “maddi məhsul” anlayışlarının nisbətinə baxışlarının analitik icmalını təqdim edir. Eyni zamanda, xidmətlər sahəsinin və maddi istehsalın nisbətinin dəyişməsinə texniki tərəqqi, təhsil səviyyəsinin artması, iqtisadi münasibətlərin təkamülü və başqa amillərin təsiri nəzərdən keçirilir. Göstərilir ki, inkişaf etmiş ölkələrdə maddi istehsalda əmək məhsuldarlığının artması ilə əlaqədar sərbəstləşmiş işçilər xidmət sahəsinə keçir və bu halda maddi istehsal artmaqda davam edirir.
Məqalədə postsənaye cəmiyyəti, informasiya cəmiyyəti, biliklər cəmiyyəti və yeni sənaye cəmiyyəti nəzəriyyələri müasir iqtisadiyyatın formalaşmasında xidmətlər sahəsinin yeri və rolu baxımından təhlil edilir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının strukturunda irəliləmələr və xidmətlər sahəsində əsas meyllər araşdırılır.
Məqalədə, texnoloji proseslərin sürətlənməsi və robotlaşdırma nəticəsində xidmətlər sahəsində məşğulluğun perspektivləri tədqiq olunur. Müəllifin gəldiyi əsas nəticə ondan ibarətdir ki, xidmət sahəsi iş qüvvəsinin təkrar istehsalında, ÜDM-in artırılmasında və bütövlükdə iqtisadiyyatda mühüm rol oynayır. Qeyd olunur ki, hazırda bilik tutumlu sahələr ən perspektivli məşğulluq sferalarıdır. Ona görə də məhz bu sahələrin inkişaf etdirilməsi zəruridir.
Qeyd edək ki, bundan əvvəl də professor Əlican Babayevin əsərləri Moskvada nəşr olunan kitablara daxil edilib.
Elman
AzPolitika.info