A

525-ci qəzet

Postindustrial əsri informasiya əldə etməkdə bizlərə böyük imkanlar yaratdı. Böyük əsərlərin oxucuları hələ də kitaba üstünlük verir, onun təbliğatçıları rolundan geri çəkilmirlər.  Böyük Argentina yazıçısı Xorxe Lyuis Borxes “Kitab” essesində yazırdı: “İnsanların istifadə etdiyi alətlər içərisində ən təəccüblüsü kitabdır. Yerdə qalanların hamısını onun fiziki davamçıları hesab etmək olar. Mikroskop və teleskop gözün davamı, telefon səsin, qılınc əlin, kitab isə tamam başqa məsələdir. Kitab yaddaş və qavrayışın davamıdır”. Borxes haqlıdır, böyük kitablar bizim keçmişimiz, indimiz və gələcəyimizdir. Zamanın fövqündə dayanan ədəbiyyat bu mürəkkəb zəmanədə özünü tapmaqda insana kömək edir.

Oxumaq - kommunikasiya vasitəsidir: kitab müəlliflə oxucu arasında dialoq yaradır və Sokratın təbiri ilə desək, həqiqəti axtrmağa yardımçı olur. Kitaba olan marağın azaldığı  kitabxanaların, kitab mağazalarının seyrəldiyi bir vaxtda görkəmli əsərlərin tərcüməsi üfüqdə dan ulduzu təsirini bağışlayır. Bütün dünyada elmin populyarlaşdırılması istiqamətində mükəmməl əsərlər çap olunur. Həsəd aparırsan. Elm sahələri üzrə ədəbiyyatların yazılması və tərcüməsi olduqca aktualdır. Bunu kim etməlidir? Əlbəttə ki, universitetlər və Elmlər Akademiyası. İnkişaf etmiş universitetlər həm də kitabxana barədə düşünürlər. Haqlıdırlar, çünki kitabxana reytinq cədvəllərində aparıcı kriteriyalardan biri olmaqla yanaşı, həm də intellektual tarixdir. Tələbə və müəllimlərin ixtiyarına nəyin bahasına olursa-olsun yeni ədəbiyyatlar verilməlidr, əks təqdirdə biz sənaye cəmiyyətinin təhsilində geridə qalmış oluruq.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu istiqamətdə də öndədir. UNEC Azərbaycana yeni kitabxana modeli təqdim edib: 7/24 kitabxana modeli. Bu ali təhsil ocağının rəhbərliyi kitabxananı universitet mədəniyyətinin tərkib hissəsi sayır. Kitabxana fondunun zənginləşməsi tələbə və müəllimlərin kitaba motivasiyasını artırır.

“İqtsad Universiteti” nəşriyyatının bu il Azərbaycan dilində nəşr etdiyi, müəllifi Klaus Şvab olan “Dördüncü sənaye inqilabı” kitabı son dərəcə əhəmiyyətli təqdimatlardan biridir. Bilindiyi kimi, professor Klaus Şvab Beynəlxalq İctimai-Özəl Əməkdaşlıq Təşkilatı olan Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədridir.

İqtisadiyyat sahəsində öz nəzəri və praktik zəkası ilə nüfuz sahibi olan dünya intellektuallarındandır.

Kitabın tərcüməçiləri - iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırov və Təhmasib Əlizadədir.

Tərcümənin elmi redaktoru UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur. Ön sözün müəllifi, İqtisadiyyat naziri Mikayıl Cabbarov kitabın çapının əhəmiyyətini yüksək qiymətləndirir: “Hesab edirəm ki, Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvabın qələmə aldığı “Dördüncü sənaye inqilabı” adlı bu kitabın Azərbaycan dilində oxuculara təqdim edilməsi ölkəmizdə müasir iqtisadi təfəkkürün formalaşması prosesinə verilən mühüm töhfədir”.

Kitabda müəllif tərəfindən buxar mühərriki, üç sənaye inqilabının yaratmış olduğu dəyərlər üzərində formalaşan, Dördüncü sənaye inqilabı adlandırılan dövrün süni intellekt, robortlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi komponentlərinin təsnifatı verilməklə yanaşı, yeni dövrün çağırışlarının xarakteri də təhlil olunub. Dördüncü sənaye inqilabının yalnız ağıllı, bir-birinə bağlanmış maşın və sistemlərlə əlaqəli olmadığı, genlərin düzülüşündən nanotexnologiyalara, bərpa olunan enerjilərdən kvant hesablamalarına qədər bir çox sahədə eyni vaxtda irəliləyiş dalğalarına yol açdığına diqqət yönəldən müəllif, onun digər inqilablardan köklü şəkildə fərqini də elə bu texnologiyaların bir-birilə sıx birləşməsi, fiziki, rəqəmsal və bioloji sahələrdə qarşılıqlı təsirdə olmasında görür. Məhz bu səbəbdən də əsaslandırır ki, başlıca texnoloji innovasiyalar bütün dünyada qaçılmaz şəkildə sürətli bir dəyişikliyi alovlandırmağa başlayıb.

Müəllif vurğulayır ki, rəqəmsallaşma avtomatlaşma deməkdir, bu isə şirkətlərin miqyasdan əldə etdikləri qazanclarının azalmaması və ya daha az azalması anlamına gəlir. Bu məqam Dördüncü sənaye inqilabı kontekstində kapitalın və miqyas effektinin rollarının dəyişməsinə səbəb olur. Nəticədə isə bizi süni intellekt, sürücüsüz avtomobil və dronlardan virtual asistentlərə və tərcümə proqramlarına qədər bir çox yeniliklər əhatə edir.

Klaus Şvab dördüncü sənaye inqilabının eyni dərəcədə böyük faydalar və böyük təhdidlər yaradacağını deyir, əsas narahatlıq mənbələrindən birinin kəskinləşən bərabərsizliklər olduğunu göstərərək, innovasiya və inqilabi dəyişikliklərin həyat standartlarımıza və rifahımıza müsbət və mənfi olmaqla, hər iki istiqamətdə təsir edəcəyini proqnozlaşdırır.

Dördüncü sənaye inqilabının yaratdığı təhdidlərin daha çox təklif tərəfində - əmək  və istehsal dünyasında olduğunu vurğulayan müəllif, buna sübut olaraq son bir neçə il ərzində ən inkişaf etmiş ölkələrin böyük əksəriyyətində əməyin Ümumi Daxil Məhsulda faiz nisbətinin ciddi şəkildə azalmasını göstərir. Şvaba görə, dördüncü sənaye inqilabında ən böyük faydanı intellektual və ya fiziki kapitalın təminatçıları olan innovatorlar, investorlar və səhmdarlar əldə edirlər. Bu isə əmək sahibləri ilə kapital sahibləri arasında getdikcə artan sərvət bərabərsizliyinin də mahiyyətini izah edir.

Qeyd etmək lazımdır ki, bütün yeni inkişaf prosesləri və texnologiyaların yalnız bir ortaq xüsusiyyəti mövcuddur: onlar rəqəmsallaşmanın və informasiya texnologiyalarının hər yerə yayılma gücünə söykənir. Klaus Şvab meqatrendləri müəyyən etmək və Dördüncü sənaye inqilabının texnoloji hərəkətverici qüvvələrinin geniş mənzərəsini vermək üçün təqdim etdiyi üç əsas klasterdən - fiziki, rəqəmsal və bioloji - ibarət olan siyahı üzərindən öz görüşlərini əhatəli şəkildə izah edir. Eyni zamanda Dünya İqtisadi Forumunun 2015-ci ilin sentyabr ayında nəşr edilən bir hesabatının müəyyənləşdirdiyi xüsusi texnoloji dəyişikliklərin cəmiyyətdəki əsas inkişaf trendləri ilə kəsişən 21 əsas dönüş nöqtəsinin gələcək rəqəmsal və hiper-qoşulmuş dünyanı formalaşdıracağını yazır.

Dördüncü sənaye inqilabının elmi-nəzəri açılışını əhatəli şəkildə ortaya qoyan müəllif köklü dəyişikliklərin potensialına dörd müxtəlif zəka növünü - konseptual (ağıl), emosional (qəlb), mənəvi (ruh) və fiziki (bədən) komponentlərin uyğunlaşdırlmasını zəruri sayır. Eyni zamanda, bu inqilabın bəşəriyyəti robotlaşdırma və beləliklə, işləmək, icma, ailə, kimlik kimi ənənəvi anlayış mənbələrimizdən güzəştə getmək potensialını daşıması barədə xəbərdar edir.

Kitabın ən başlıca məziyyətlərindən biri də, “Dərin Dəyişiklik- Texnologiyanın Dönüş Nöqtələri və Sosial Təsiri” adlı 2015-ci ildə nəşr edilmiş araşdırma hesabatında yer alan 21 texnoloji dəyişiklik və 2 əlavə texnoloji dəyişikliyə yer verilməsi, həmçinin bu texnologiyaların dönüş nöqtələri və bazara daxil olacaqları tarixlərin qeyd edilməsidir. Burada İmplantasiya oluna bilən texnologiyalar, Geyinilə bilən internet, Hər yerdə kompüterdən istifadə, Cibinizdəki super kompüter, Əşyaların interneti və əşyalar üçün internet, Ağıllı şəhərlər, Sürücüsüz avtomobillər, Süni intellekt və qərar vermə və digər bu kimi mühüm texnoloji dəyişiklər barədə bilgilər yer alır.

Dahilərdən birinin fikridir: Kitabxananın əsas keyfiyyətlərindən biri hansı kitabın yanında hansı kitabın dayanmasıdır. Bu kitab öz məzmunu və aktuallığına görə şəxsi kitabxanalarda da özünəməxsus yer tutacaq. Fikrimizcə, UNEC-in distant təhsilin tətbiqində öndə getdiyi bir zamanda belə bir kitabın tərcüməsini ərsəyə gətirməsi müəllim və tələbələrdə optimizmi artırır. Bilgi qazandıran belə nəşrlər, eyni zamanda ölkəmizdə hansı sahəyə aid ədəbiyyatın tərcüməsinin aktuallığı barədə düşünməyimizə də imkan yaradır.

Etibar ƏLİYEV, fəlsəfə üzrə fəlsəfə doktoru
Fazil MUSTAFA, fəlsəfə üzrə fəlsəfə doktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay