A

"Respublika" qəzeti

Ölkədə iqtisadiyyatın və təhsilin strategiyalarının tələblərinə rəğmən həyata keçirilən infrastruktur dəyişikliklər və aparılan islahatlar yeni istiqamətlər üzrə mütəxəssis hazırlığının vacibliyini diqqətdə saxlamağı və ona nail olunmasını tələb edir.

Hər bir ali məktəbin əsas strateji məqsədi və onun müvafiq inkişaf istiqamətləri müəyyənləşdirilməklə bərabər, indiki dövrün çevik islahat hədəfləri və onun icra mexanizmi - xüsusi təşkilati işlər və tədbirlər görməkdən bilavasitə asılıdır.

Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) yüksək standartlara cavab verən tədrisin təşkili üçün maddi-texniki bazanın yaradılması, müasir İKT imkanlarının elm-təhsil prosesində geniş tətbiqi, inkişaf etmiş motivasiya sisteminin qurulması, xarici ölkələrdə fəaliyyət göstərən filialı və dörd dildə təhsil sistemi qurmağı bacaran, həm güclü məzun-tələbə və elmi-pedaqoji potensialının mövcudluğu, həmçinin UNEC-in xarici ölkələrin ali təhsil müəssisələri ilə ikitərəfli əlaqələrinin genişlənməsi - qarşıya yeni hədəflər və strateji istiqamətlər qoyur və daha yüksək reytinq uğrunda mübarizə aparmağa imkan verir. Göründüyü kimi, universitetdə aparılmış fundamental struktur dəyişiklikləri, kadr yenilənmələri müasir tipli yeni bir təhsil müəssisəsinin yaranmasına səbəb olmuşdur. Daha çox diqqəti cəlb edən cəhətlər və yeniliklər mövcud ixtisasların, fakültələrin, kafedraların, tədris laboratoriyalarının, təhsilalma formalarının və onların tələbatına uyğun maddi-texniki bazanın yaradılmasıdır. Bu dediklərimiz də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na dair 2013-cü il 24 oktyabr tarixli Sərəncamının,  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının və 2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramlarının universitetdə uğurlu icrası hesabına baş vermişdir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) həyata keçirilən çox vacib bir ixtisas yeniliyi nəzər-diqqəti cəlb edir.

Fikrimizcə, kadr hazırlığının strategiyası - ölkə iqtisadiyyatının müasir strukturuna adekvat olmalı və dinamik inkişafı təmin etməyə qadir olmalıdır.

Dinamik və dayanıqlı inkişaf edən Azərbaycan iqtisadiyyatı minilliyin çağırışlarına vaxtında və adekvat reaksiya vermək iqtidarındadır. Bu baxımdan, əlbəttə təhsilin qarşısında olduqca ciddi vəzifələr durur. Ölkənin əmək bazarında  innovasiyalara açıq, kreativ təfəkkürlü gənc kadrlara ehtiyac özünü iqtisadiyyatın rəqəmsal sektorunda daha çox göstərir. Təhsilin  innovativliyi və qloballığı rəqəmsal texnologiyaların tətbiqi olmadan mümkün deyildir. Mütəxəssis özünə tələb yaratmaq üçün daim inkişaf etməli, innovasiyalara həssas olmalıdır. Bütün bunlar, təbii ki, universitetlərin inkişaf strategiyalarında öz əksini tapmaqdadır.

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün sistemli və davamlı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” uğurla həyata keçirilir. Proqramın icrası sayəsində dayanıqlı inkişaf məqsədləri baxımından  xüsusi əhəmiyyətə malik aşağıdakı nəticələrin əldə edilməsi nəzərdə tutulur: kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi-tədqiqatlar və onların nəticələrinin tətbiqinin genişləndirilməsi; yüksək texnologiyalar sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensialın gücləndirilməsi; distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər fəaliyyət formalarının tətbiqinin genişləndirilməsi və s.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Rəqəmsal mühit istənilən məqsədyönlü fəaliyyətə yeni tələblər qoyur. Gənc nəslin bu tələblərə vaxtında və adekvat reaksiya verə bilməsi, onların təhsili ilə bilavasitə əlaqədardır. Müasir dünyada baş verən mütərəqqi dəyişikliklər təhsil sistemindən yan keçə bilməz. Müasir reallıqda təhsilin təkmilləşdirilməsi distant təhsil texnologiyalarından fəal istifadəni tələb edir. Azərbaycanda distant təhsilin əhatə dairəsinin genişlənməsi və mövcud texnologiyalardan yaradıcı istifadə istiqamətində həyata keçirilən tədbirlər pandemiya şəraitində daha da sürətlənmişdir. Bu ilin mart ayından başlayaraq universitet cəmi bir ay ərzində ölkədə ilk dəfə olaraq bütün universitet üzrə onlayn təhsil sistemini qura bilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə görülən işlər, təhsildə rəqəmsallaşmanın bir çox aspektini sınaqdan çıxarmağa imkan vermişdir. Əldə edilən nəticələr müsbət olmaqla yanaşı, yaxın perspektivdə istifadə baxımından diqqətəlayiqdir.

Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün iqtisadi, sosial,  o cümlədən təhsil sahələrində kompleks yanaşma həyata keçirilir. Milli iqtisadiyyatın qeyri-neft sektorunun yüksək inkişaf tempini dəstəkləməklə, ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini yüksəltmək üçün rəqabət qabiliyyətli yüksəkixtisaslı mütəxəssislər hazırlanmalıdır.

Ölkə başçısı rəqəmsal ödəniş infrastrukturunun formalaşdırılmasının prioritet istiqamətlərini müəyyən etmiş, regionlarda maliyyə inklüzivliyinin artırılmasının zəruri olduğunu göstərmişdir. Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun formalaşması və inkişafı ilə bağlı mühüm işlər görülmüşdür. Lakin rəqəmsal cəmiyyət quruculuğunun hazırkı mərhələsində yaranan yeni çağırışlara cavab verə bilmək üçün bu istiqamətdə tədbirlərin kadr təminatı gücləndirilməlidir. Odur ki,  cari ildən Azərbaycan Dövlət İqtisad Universitetində rəqəmsal iqtisadiyyat üzrə mütəxəssislərin hazırlanması üçün hazırlıq işləri başa çatdırılmış, qəbul həyata keçirilmişdir.

Bununla bərabər lazımsız ixtisasların ya

vaş-yavaş tam yenilənməsi və ya ləğvi, yeni 4-cü sənaye inqilabının tələblərini nəzərə alan, rəqəmsal dünyaya  keçid üçün zəruri olan ixtisaslar üzrə kadr hazırlığına artıq dünyanın qabaqcıl universitetlərində çoxdan başlanılmışdır. Belə ixtisaslardan ən mühümü Data sayəntistlərin hazırlığı artıq Qərb universitetlərində bir neçə ildir ki,  fəaliyyət göstərir. Proqnozlar göstərir ki, iqtisadi-sosial proseslərin rəqəmsallaşdırılması ilə bu ixtisaslara tələbat hər ildə dəfələrlə artır. Rəqəmsallaşmanın sürətlə həyata keçirildiyi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın və sosial-siyasi proseslərin bütün sahələri üzrə data sayəntistlərə tələbat hər ildə 3-4 dəfə artır. Yeni ixtisasların açılması tədris planlarının kökündən dəyişdirilməsini, yeni elmlərin, məsələn, Süni intellekt, Data sayəns, Biq data, Data analitics, Fintech, Maliyyə mühəndisliyi, Elektron maliyyə, E-mühasibat, E-vergi kimi bir sıra yeni dərslərin tədris planlarına salınmasını tələb edir.

Hazırkı dövrdə iqtisadi biliklər hazırda hər kəsə lazımdır. Ölkəmizdə formalaşmış sivil bazar münasibətləri işgüzar fəallığı artırır və iqtisadi fəaliyyətin elmi əsaslarla təşkili zərurətini gündəliyə çıxarır. İqtisadiyyat sahəsində yeni çağırışlar və texnologiyalar barədə hər kəsdə təsəvvürün olması, nəinki iş adamlarının, hətta   milli iqtisadiyyatın rəqabət qabiliyyəti və iqtisadi təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir.

Müasir dövrdə intellektual kapitaldan istifadə prioritet istiqamətdir. Bunu şərtləndirən amillərdən biri rəqəmsal innovasiyalı fəaliyyətin rəqabət qabiliyyətinin təmin olunması zəruriliyidir. Rəqəmsal innovasiyalar, bu gün innovasiyalı inkişafın mühüm istiqamətidir. Hazırda demək olar ki, rəqəmsal iqtisadiyyatda innovativlik rəqabətliliyin yeganə amilinə çevrilməkdədir. İntellektual kapitaldan fəal istifadə və bu prosesin idarə edilməsi ənənəvi çərçivələrdə özünü doğrultmur. Eyni zamanda intellektual kapitalın idarə edilməsində kadr təminatının texnoloji təminatdakı təkmilləşdirmələri qabaqlaması obyektiv zərurətə çevrilir. 

İstənilən iqtisadi proseslərdə baş verdiyi kimi rəqəmsal iqtisadiyyatda da imkanlar və nəticələr müqayisəli qiymətləndirilməli və bunun üçün keyfiyyət dəyişiklikləri kəmiyyətcə ölçülə bilməlidir. Əlbəttə, bu mürəkkəb prosesdir  və  heç də həmişə asan deyildir. Bununla belə, keyfiyyətin kəmiyyətcə ifadəsi üçün göstərilən rəqəmsal cəhdlər, nə qədər vaxt və vəsait tələb etsə də zənnimizcə gec-tez özünü doğrulda biləcəkdir. Bunun üçün kadr hazırlığında müvafiq istiqamətdə fəaliyyətlər xüsusi olaraq təşviq edilməlidir.

Mütərəqqi təhsil sistemində motivasiya həlledici amildir. Gənclərin təhsil almaq motivasiyasında mücərrədliyin aradan qaldırılmasında rəqəmsallaşmanın mühüm rol oynayacağı şübhəsizdir. Aldığı bilikləri karyera qurmaqda səmərəli istifadə baxımından rəqəmsal iqtisadiyyat üzrə mütəxəssisin perspektivləri böyükdür.  Hazırda rəqəmsal iqtisadiyyatın necə sürətlə yayıldığı və rəqəmsal texnologiyaların get-gedə daha böyük arealda istifadə olunduğu danılmaz faktdır.  Eyni zamanda, milli, sahə və müəssisə səviyyəsində rəqəmsallaşmanın stimullaşdırılması üçün iqtisadiyyatın rəqəmsal sektorunun inkişaf perspektivlərinin ölkənin tələblərinə uyğunluğu dərəcəsinin qiymətləndirilməsi məsələləri aktuallaşır. Bunun üçün isə yüksəkixtisaslı mütəxəssislərə xüsusi ehtiyac vardır. 

Cari reallığın rəqəmsal xarakteristikasında işçi heyətin istehsal və idarəetmə vərdişləri xüsusi yer tutur. Məsələ ondadır ki, eyni nəzəri bilikləri əldə etmiş və eyni mühitdə əmək təcrübəsi qazanmış insanlar arasında bacarıq səviyyəsində ciddi fərqlərə rast gəlinir. Bütün istək və cəhdlərə baxmayaraq, bir çox hallarda yüksək təcrübi vərdişləri həmişə digər insanlara ötürmək olmur. Rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşmış ali təhsilli mütəxəssislər olmadan haqqında danışılan problemi həll etmək, demək olar ki, mümkün deyildir. 

Rəqəmsallaşma iqtisadi həyatda dinamizmi kəskin surətdə artırır. Ənənəvi rakursda müəssisə modelinin ətalətliliyi rəqəmsal mühitin yaratdığı genişlənən müxtəlifliyə adekvat reaksiya verə bilmir. Bu, xüsusilə rəqabət mübarizəsində özünü daha aşkar şəkildə göstərir. Belə ki, rəqəmsal mühitdə, obrazlı desək bütün iqtisadi agentlər bir-birinə rəqibdir. Rəqabət mübarizəsində məqsəd informasiya bərabərsizliyi amilindən istifadə edərək informasiya rentasını əldə etməkdir. Rəqəmsal iqtisadi mühitdə iqtisadi agentin informasiya məkanında əldə etdiyi üstünlük, ona vaxt məsrəflərini azaltmaqla mənfəəti artırmağa imkan verir. Rəqəmsal iqtisadiyyatın reallaşmasının əhatə dairəsi görünməmiş sürətlə genişlənir və iqtisadi fəaliyyətin bütün sahələrinə fərqli templərlə nüfuz edir. Bununla belə, gözlənildiyi kimi, elektron biznes və internet bankçılıq inkişaf tempinə görə irəlidədir. Bu və digər səbəblərə görə də müvafiq ixtisasın məhz Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) açılması məqsəduyğundur. Müsbət haldır ki, UNEC-də Rəqəmsal İqtisadiyyat fakültəsinin yaradılması universitetdə zəruri hazırlıq və infrastruktur tədbirlərinin məntiqi nəticəsi olmuşdur. Belə ki, Distant Təhsil Tədqiqat İnstitutunun, Rəqəmsal Könüllülər Təşkilatının yaradılması və digər analoji addımlar rəqəmsal iqtisadiyyat sahəsində mütəxəssis hazırlığına başlamaq üçün əlverişli mühit formalaşdırır. Artıq neçə illərdir ki, universitetdə Rəqəmsal iqtisadiyyat və İKT kafedrası səmərəli fəaliyyət göstərir.

İqtisadi inkişafın strateji istiqaməti kimi rəqəmsallaşma qlobal prosesdir, onun reallaşdırılmasına, səmərəliliyin təmin edilməsinə və tənzimlənməsinə yanaşmalar, gözlənildiyi kimi müxtəlif ölkələrdə fərqlidir. Bu fərqlərin yaxın və uzaq perspektivdə də qalacağı ehtimalı kifayət qədər yüksəkdir. Başqa sözlə, rəqəmsallaşma prosesləri nə qədər qlobal olsa da, milli iqtisadi sərhədləri və iqtisadi himayədarlıq zərurətini aradan qaldırmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin 9 ayının yekunlarına dair iqtisadi müşavirədə söylədiyi kimi “fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir”. Tam əminliklə demək olar ki, insanların istedadını və qabiliyyətini reallaşdırmağa xidmət edən hüquqi və demokratik Azərbaycanda  minilliyin çağırışları xalqımızın rifahını yüksəldəcəkdir. 

Mirdaməd SADIQOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Strateji inkişaf üzrə prorektoru, iqtisad elmləri doktoru,  professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay