A

"Respublika" qəzeti PDF

"Respublika" qəzeti

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə iyunun 4-də İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq elmi konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunmuşdu.

Konfransda iqtisadiyyat naziri, təhsil naziri, dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, özəl sektorun rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və alimlər iştirak etdilər.

Konfransın açılışı Nizami yurdu olan Gəncə şəhərində baş tutdu. Konfransdan öncə ulu öndər Heydər Əliyevin Gəncədə ucaldılan abidəsi, Nizami Gəncəvinin məqbərəsi və Şəhidlər Xiyabanı ziyarət edildi.

Tədbir iştirakçıları UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanış oldular.

Sevindirici haldır ki, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan magistrant və doktorantlar üçün təşkil etdiyimiz bu konfrans artıq ənənəyə çevrilməkdədir. Sayca üçüncü olan konfransımız Azərbaycanın ali məktəbləri və elm müəssisələrini təmsil edən gənc tədqiqatçılarımıza elmi mübadilə və tədqiqat təcrübəsini paylaşmaq üçün ən müasir platformanı təklif edir.

Konfransın hazırlıq işlərinə ötən ildən etibarən başlanılmışdı. Konfrans CONAL Conference Alerts, İnternational Conference Alerts, World Conference Alerts, WorldCat kimi dünyanın nüfuzlu elmi konfrans platformalarının üzvüdür. Bundan əlavə, konfransa göndərilmiş məruzələrdən seçilmiş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaqdır. Seçilmiş məruzələrin bəziləri isə elmi redaktorlu kitab halında beynəlxalq nəşriyyatda dərc olunacaq və həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard Universiteti, Oksford Universiteti, Yale Universiteti, Stanford Universiteti, Princeton Universiteti, Kolumbiya Universiteti, Toronto Universiteti, Çikaqo Universiteti, Royal Danish Library, Duke Universiteti, British Library, Halle Wittenberg Universiteti, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulub.

Dünyanın müxtəlif ölkələrinin universitetlərini və tədqiqat mərkəzlərini təmsil edən tədqiqatçıların konfransımıza marağının artması isə bizi xüsusilə sevindirir. Konfransın əhatə dairəsinin genişlənməsi və onun təşkilinə peşəkar yanaşma keyfiyyətcə daha yüksək mərhələyə keçid üçün böyük imkanlar yaratmışdır.

Konfransın elm və təşkilat komitəsində 17 ölkəni təmsil edən alimlər fəaliyyət göstərirdi. Bu konfransı əvvəlki iki konfransdan fərqləndirən cəhətlərdən biri də seçilmiş ən yaxşı tədqiqatların 30-dan çox nüfuzlu akademik platformalarda indekslənən beynəlxalq elmi jurnalda nəşr olunması imkanını yaratmasıdır.

Ümid edirəm ki, Azərbaycanın gənc tədqiqatçılarının beynəlxalq elmi platformalara çıxmaq imkanlarının artırılması istiqmətində atılmış bu addım gələcəkdə daha da inkişaf etdiriləcək, konfrans materiallarının nüfuzlu elmi platformalarda indekslənməsi təmin ediləcək.

Şərq fəlsəfəsinin parlaq incilərindən olan Nizami yaradıcılığına Qərb fəlsəfəsi ruhunda təhsil almış tədqiqatçıların, xüsusilə ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin və Corc Vashington Universitetinin Təhsil və Bəşəri İnkişaf fakültəsinin dekanı, professor Maykl Feyerin videoməruzələri konfransda xüsusi maraq doğurdu.

4 gün davam edən konfransda 35 ölkədən olan 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdırmanın nəticələrinin onlayn rejimdə müzakirəsi təşkil olundu. Məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 “workshop”, 26 xarici tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin bir-birindən aktual və ciddi iqtisadi mövzuları əhatə edən məruzələri onlayn rejimdə canlı yayımlanaraq müzakirə edildi.

Müzakirələrdə müasir dünyanın və ölkəmizin dayanıqlı inkişaf problemlərinə Nizami irsinin prizmasından yanaşmalara xüsusi yer verildi.

Təşkil edilmiş konfrans “Nizami Gəncəvi və davamlı inkişaf “ mövzusuna həsr edilmişdi. Dayanıqlı inkişaf probleminin elmi aktuallığı ötən əsrin ortalarından meydana gəlməyə başlamışdır. Müasir insan elmin sürətli inkişafı ilə maddi nemətlərin istehsalında misilsiz inkişafa nail olmuş, ən müxtəlif tələbatların ödənilməsi imkanlarını xeyli genişləndirmişdir. Lakin insanın maddi aləmində baş verən sıçrayışı, inkişafla onun mənəvi dünyasının nisbi sabitliyi arasında yaranan təzadlar bəşəriyyət qarşısında tamamilə yeni və elmi yanaşmanı tələb edən problemləri qarşıya çıxarır.

Cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşma Nizami yaradıcılığında xüsusi yer tutur. Fikrimcə, Nizaminin əsərlərinin məhz bu cəhəti onun daimi müasirliyini, böyük elmi və mənəvi əhəmiyyətini daha yaxşı əks etdirir. Nizaminin cəmiyyətdə tutduğu mövqelərinə, ideologiyalarına və həyata baxışlarına görə biri-birindən kəskin şəkildə fərqlənən insanların mənəvi dünyasına baxışları xalqımızın multikultural dəyərlərinin nə qədər qədim və dərin köklərə malik olmasının parlaq nümayişidir.

Şübhəsiz ki, Nizami dövründə hələ iqtisad elmi mövcud deyildi, ancaq iqtisadi həyat o zaman da var idi və digər mütəfəkkirlər kimi Nizami də əsərlərində iqtisadi həyatın bu və ya digər tərəflərinə toxunur, iqtisadi fikir və baxışlarını irəli sürürdü. Dahi Nizaminin əsərlərinə baxdıqda cəmiyyətin ictimai-iqtisadi quruluşu, əmək bölgüsü, sərvət və onun mənbələri, mübadilə, istehlak, ticarət, qiymət, pul və s. məsələlər üzrə dəyərli fikirlərə rast gəlmək mümkündür.

Düşünürəm ki, Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqi iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə bilər.

Nizami Gəncəvi yaradıcılığında dayanıqlı inkişafla bağlı da çox dəyərli fikirlərə rast gəlmək mümkündür. Hər şeydən əvvəl o, cəmiyyətin maddi və mənəvi sərvətini artıran əsas mənbəyin əmək olduğunu düşünürdü.

N.Gəncəvi dünyada ticarətin inkişaf üçün əhəmiyyətini vurğulayaraq “Dünya alış-veriş siyasətilə çiçəklənməyə başlamışdır” fikrini irəli sürmüşdür. Onun iqtisadi baxışlarında mühüm məsələlərdən biri də ixtisaslaşma və əmək bölgüsüdür. Nizami bu məsələyə sərvətin və bolluğun əsas amili kimi yanaşır. Eyni zamanda bu məsələdə hər kəsin öz peşəsi üzrə ixtisaslaşmasının vacibliyini vurğulayır: “O vaxt ki, hər kəs öz peşəsindən əl çəkər, cahanda abadlıq heçə uğrayar”. Buna görə də Nizami məsləhət görürdü ki, “hər kəsin hünərinə görə iş verilməlidir.” O deyirdi: “Halına, bacarığına görə o peşəni seç ki, gördüyün işdən xəcalət çəkməyəsən”. Bunun əksinə olduqda isə adamlar öz peşəsindən əl çəkib, başqa təsadüfi işlərlə məşğul olmağa başlayırlar və bunun nəticəsində ölkə iqtisadiyyatının nizamı pozulur, hərc-mərclik və yoxsulluq başlayır.

N.Gəncəvi yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavramış, mövcud quruluşdakı ədalətsizliklərlə razılaşmamış, cəmiyyətdəki sosial ədalətsizliyin aradan qaldırılması və cəmiyyətin yenidən qurulması üçün yollar axtarmışdır. Cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər onun əsərlərində əsas yer tutur. Onun bu sahədəki fikirləri ictimai-iqtisadi fikir tariximizin qiymətli inciləri sayıla bilər.

Bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir. Bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Təsadfi deyil ki, Azərbaycan BMT-nin 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirən ölkələr sırasındadır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalamışdır. Eyni zamanda Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Ermənistanın işğalı altında olan Qarabağ işğaldan azad edildi. Xalqımızın Vətən Müharibəsində qazandığı möhtəşəm zəfər regionumuzda tamamilə yeni reallıqları yaratmaqla yanaşı, Azərbaycanın və bütövlükdə regionumuzun dayanıqlı inkişafı üçün yeni perspektivlər də açır. Ölkə iqtisadiyyatının 1/5-nin milli iqtisadi dövriyyəyə daxil olması və regional iqtisadi əməkdaşlıq üçün yaranan yeni imkanlar bunu deməyə əsas verir. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin işlənməsi və reallaşdırılması, yaşıl enerji və müasir enerjiyə qənaət texnologiyalarından istifadə, təbii resursların istehsal proseslərinə cəlb olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni nəqliyyat dəhlizlərinin açılması kimi strateji məsələlərin elmi cəhətləri də bu gün Azərbaycan iqtisadçılarının gündəmində olan əsas mövzulardandır. Təşkil olunan müzakirələrdə bu məsələlərə də geniş yer verildi, həm elmi, həm də praktiki əhəmiyyət kəsb edən nəticələr canlı yayımlanaraq, geniş ictimaiyyətə, elm cameəsinə təqdim olundu.

Burada təqdim edilən elmi məruzələr, gənc tədqiqatçıların peşəkar inkişafına xidmət etməklə yanaşı, iqtisadi siyasət tövsiyələri baxımından da ölkəmiz üçün çox faydalı olacaq.

Bütün bu göstərilənlər rəqəmsal və innovasiyalı iqtisadiyyatımızın özəllikləri nəzərə alınmaqla, konfransda əsas müzakirə mövzuları sırasında özünə yer tutmuşdu. Bu özəlliklər isə sənaye inqilabları, idarəetmədə informasiya texnologiyalarından geniş istifadə, ağıllı şəhər (kənd) və yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin formalaşması, risklər və onların xüsusiyyətləri, korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri, elektron ticarət və süni intellektin imkanları qismində ciddi müzakirə obyekti olublar.

Konfrans hələ də davam edən pandemiya şəraitində keçirildi. Bu gün dünyada baş verən pandemiya və onun yaratdığı sosial-iqtisadi problemlər, bir daha dayanıqlı inkişaf konsepsiyasının aktuallığını sübut edir və bu istiqamətdə axtarışları intensivləşdirir. Bütün bu fərqliliklər III beynəlxalq konfransda müzakirə mövzularının da seçilməsini şərtləndirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağın bərpası ilə bağlı verdiyi tövsiyələr, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” kimi yeni inkişaf modellərini nəzərə alaraq, konfransı təşkil etdik. Seminarlar “Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye inqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” kimi mövzuların müzakirəsinə həsr edilmişdi.

Konfrans günlərində təşkil olunan müzakirələrdə gələcəyin dünyasında mühüm rola sahib olan “ağıllı şəhərlər”in əhəmiyyəti, onların perspektivləri, Azərbaycanda tətbiq istiqamətlərinin müzakirəsi ilə başlayan “workshop”lar çərçivəsində şanlı ordumuzun zəfəri ilə yekunlaşan 44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə işğaldan azad olunmuş bölgələrdə məşğulluq və investisiya məsələləri müzakirə olundu, təkliflər səsləndirildi, eləcə də dövlətin bu istiqamətdəki siyasəti təhlil edildi. Daha sonra regional inkişafda, turizm və iqtisadi potensialın artırılmasında mühim rola sahib olan şəhərlərin brendləşməsinə Gəncə şəhəri nümunəsində baxılmış, Azərbaycanda şəhər brendləşməsi və Gəncənin gələcək inkişafı üçün mühüm təkliflər səsləndirildi. Müasir dünyamızın ən aktual mövzularından biri olan rəqəmsal iqtisadiyyat, onun günümüzdə təsirləri, istifadə istiqamətləri və ölkəmizdə tətbiqi ilə bağlı müzakirələr aparıldı və təkliflər səsləndirildi. Bununla yanaşı, rəqəmsallaşmanın yaratdığı imkanlardan biri də blokçeyn texnologiyasının tətbiqi və istifadə sahəsinin böyüməsi, rəqəmsal valyuta bazarlarının genişlənməsi mövzusu da əsas müzakirə mövzularından oldu. Bu gün bütün dünyanı öz cənginə alan pandemiya şəraiti bütün iqtisadi bazarlara, o cümlədən daşınmaz əmlak bazarına da təsirsiz ötüşmədi. Pandemiyanın daşınmaz əmlak bazarlarına təsirləri ABŞ, Hong Kong, Niderland və Azərbaycandan olan investisiya mütəxəssislərinin iştirakı ilə müzakirə olundu, postpandemiya dövrü üçün investisiya mühiti ilə bağlı təhlillər aparıldı və fikirlər səsləndirildi. Ölkəmizdə zaman keçdikcə daha da inkişaf etdirilən istiqamətlərdən biri də sosial sahibkarlıq və sosial biznesdir. Sosial biznes və sosial sahibkarlıq haqqında “workshop”da bu sahədə tədqiqatçı, mütəxəssis və sosial biznes təşəbbüskarı olan xanımların iştirakı ilə müzakirələr aparıldı. IV sənaye inqilabı, bu inqilabın maliyyə və real sektor üçün nələri vəd etdiyi, gündəlik məişət həyatımıza təsiri ilə bağlı xarici və yerli tədqiqatçılarının iştirakı barədə geniş məlumat verildi. Bundan əlavə, “yaşıl şəhər” layihələri, bu şəhərlərin gələcək dünyamız üçün önəmi, inkişaf perspektivləri və yaşıl şəhərlərlə bağlı ölkələr tərəfindən atılması lazım olan addımlar haqqında BMT, UNEP, Dünya Bankı, Yaponiyanın TEPSCO şirkətinin nümayəndələrinin iştirakı ilə maraqlı müzakirələr təşkil olundu. Konfransın son günündə isə Nizami Gəncəvi əsərlərində iqtisadiyyat və idarəetmə ilə bağlı fikirlər təhlil olunaraq, şairin əsərlərinə iqtisadi prizmadan yanaşma göstərildi. Konfransın son “workshop”unda tədqiqat metodları, elmi tədqiqatların keyfiyyətinin artırılması, doktorantura təhsilində dissertasiya mövzusunun seçilməsi, nüfuzlu elmi jurnallarda tədqiqatların çap olunması ilə bağlı xarici professorlar tərəfindən gənc tədqiqatçılara tövsiyə xarakterli məlumatlar verildi.

Bu il Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini işğaldan azad edilmiş Ağdamdan ünvanladı və Ağdamın Baş Planını Ağdamdan olan ziyalılarla müzakirə və təsdiq etdi. Ağdamın Baş Planı Ağdamı dünyada bənzəri olmayan şəhərə çevirəcək. Bu Baş Planda Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulmuşdur. Bununla bağlı konfransda təklifimiz səsləndirildi.

Ağdamda yaradılacaq Qarabağ Universitetini IV sənaye inqilabının tələblərini nəzərə alaraq, gələcəyin Azərbaycanını, yəni rəqəmsal Azərbaycanı quracaq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edə bilən insan kapitalı formalaşdıracaq universitet kimi görürük.

Magistr və doktorantların növbəti IV beynəlxalq konfransın Ağdamda, “Smart universitet”, rəqəmsal təhsil rəqəmsal elm kimi mövzulara həsr edilməsi yaxşı olardı.

Fariz Əhmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay