Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı dosent Hafis Hacıyev Azərbaycanın beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətə çevrilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
UNEC-in Maliyyə və audit kafedrasının professoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü Elnur Sadıqov “Heydər Əliyev və müasir Azərbaycan iqtisadiyyatı” mövzusunda çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyini, onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığını diqqətə çatdırıb.
Tədbirdə tələbələr Həsən Həşimov “Dahi lider” və Fidan Şəfiyeva “Azərbaycanın lideri” mövzuları ilə çıxış ediblər, tələbə Rəvan Əliyev isə ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.