28 avqust - 9 sentyabr tarixləri arasında UNEC müəllimləri Böyük Britaniyanın De Monfort Universitetində və Türkiyənin Orta Doğu Texniki Universitetində ixtisasartırma təlimlərində iştirak ediblər.
Səfərin ümumi nəticələrini müzakirə məqsədilə UNEC rektoru, professor Ədalət Muradov və rektorun təhsil innovasiyaları üzrə İsrailli müşaviri Danny Freifieldlə birlikdə təlim iştirakçıları ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan professor Ədalət Muradov çıxışında ali təhsil müəssisələrinin sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşması üçün yeni tədris metodlarının tətbiqinin vacib olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, UNEC LMS sisteminin təkmilləşdirilməsi, PBL və çevrilmiş təhsil modellərinin tətbiqi tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayacaq və onların aktiv öyrənmə prosesinə cəlb edilməsini təmin edəcək.
Sonra rektor iştirakçıların səfər çərçivəsində PBL və Çevrilmiş Tədris metodlarının tətbiqi, interaktiv dərs texnologiyaları, rəqəmsal tədris mühiti və qiymətləndirmə mexanizmləri ilə bağlı əldə etdikləri təcrübələrini dinləyib.
PBL və Flipped Learning (Çevrilmiş Tədris) metodlarının tətbiqi prosesində metodoloji məsələlər üzrə koordinatoru Sənubər Səfiyeva, təlimin nəticələri barədə təqdimatla çıxış edib. Təqdimatdan sonra UNEC LMS sisteminin təkmilləşdirilməsi, Süni intellektin tətbiqi, tətbiq ediləcək yeniliklərin mahiyyətini və gözləntiləri tələbə və müəllimlərə çatdırılması, sənaye ilə əməkdaşlığın və sosial işin təhsil prosesinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, eləcə də tələbələrin biliyinin qiymətləndirilməsinin yeni formaları və digər vacib məsələləri barədə danışıb.
Təlim iştirakçıları da çıxış edərək əldə etdikləri yeni bilik və bacarıqlardan danışıb, bu biliklərin UNEC-də tətbiqinin universitetin tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər. Müzakirələr zamanı PBL və Çevrilmiş Tədris metodlarının universitetdə tətbiqinin tələbələrin biliklərinin daha dərindən mənimsənilməsinə, praktik bacarıqların inkişafına və müəllim-tələbə əməkdaşlığının güclənməsinə şərait yaradacağını vurğulayıblar.