A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru, “Əməkdar müəllim” Məzahir Fərzəliyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov yubilyarı təbrik edib. Rektor çıxışında professor Məzahir Fərzəliyevin zəngin həyat yolu, uzunmüddətli elmi-pedaqoji fəaliyyəti və qazandığı uğurları barədə ətraflı məlumat verib. Qeyd edib ki, 80 illik ömür yolunun böyük bir hissəsini elmə və təhsilə həsr edən professor Məzahir Fərzəliyev UNEC-də mühüm iz qoymuş görkəmli ziyalılardandır.

Tədbirdə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professorları Vəkil Hüseynov və Fazil Vəliyev, kafedranın baş müəllimi Esmira Mustafayeva, Bakı Dövlət Universitetinin “Genetika” kafedrasının professoru Məcnun Babayev, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov və Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək, professor Məzahir Fərzəliyevin elmi və pedaqoji fəaliyyətindən bəhs ediblər, onun gənc nəslin yetişməsində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.

Çıxış edənlər professor Məzahir Fərzəliyevin elm və təhsildə yüksək insani keyfiyyətləri ilə seçildiyini, tələbələrə daim qayğıkeş münasibət göstərdiyini, peşəkarlığı və səmimiyyəti ilə hər zaman hörmət qazandığını vurğulayıblar. Onun təkcə bir müəllim deyil, həm də əsl ziyalı, elm fədaisi kimi UNEC-in formalaşmasında əvəzsiz rol oynadığı bildirilib.

Tədbir UNEC-in xalq çalğı alətləri ansamblının çıxışı ilə davam edib.

Yubiley münasibətilə professor Məzahir Fərzəliyevə UNEC rəhbərliyi və kollektiv adından xatirə hədiyyələri təqdim olunub.

Sonda professor Məzahir Fərzəliyev göstərilən diqqət və ehtirama, ünvanına deyilən xoş sözlərə görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR