Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri Böyük Britaniyanın De Montfort Universitetində və Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) müasir pedaqoji yanaşmalardan biri olan Layihə Əsaslı Öyrənmə (PBL) və Çevrilmiş Təhsil ( Flipped Learning) metodu üzrə ixtisasartırma təlimlərinə qatılacaqlar. Bu məqsədlə UNEC-in rektoru, professor Ədalət Muradov təlim iştirakçıları ilə görüş keçirib.
Görüş zamanı professor Ədalət Muradov bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbəyönümlü təhsil mühitinin formalaşdırılması universitetin əsas strateji prioritetlərindəndir. O, pedaqoji heyətin bu istiqamətdə daim inkişafı və beynəlxalq təcrübələrin mənimsənilməsinin mühüm rol oynadığını vurğulayıb.
Rektor yeni metodlar üzrə təşkil edilən bu təlimlərin əsas məqsədinin UNEC müəllimlərinin innovativ tədris yanaşmalarına yiyələnməsi, tələbələrin tənqidi düşünmə, problem həlletmə və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş metodikaların praktiki tətbiqini öyrənmələri olduğunu deyib. Belə təlimlərin UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyinin güclənməsində və məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin artmasında xüsusi əhəmiyyət daşıyacağını bildirib.
Sonda rektor UNEC əməkdaşlarına yeni tədris ilində uğurlar arzulayıb, təlim müddətində əldə ediləcək bilik və bacarıqların universitetin təhsil mühitinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.