Texnogen problemlər texnogen fəlakətə gətirə bilər!

Texnogen fəlakət qəsdən və ya təsadüfən - məsələn, səhlənkarlıq halında - insan fəaliyyəti nəticəsində yaranan və çoxlu sayda insanın sağlamlığı və rifahı üçün ciddi təhlükələr yarada bilən fəlakətdir. Bu hadisələr adətən böyük iqtisadi itkilər, həyat itkiləri və sağlamlıq fövqəladə halları ilə nəticələnir.

Azərbaycan Respublikasında son onillikdə xeyli sayda sənaye müəssisələri işə salınmışdır. Neft və kimya emalı, energetika müəssisələri, metal emalı və maşınqayırma zavodları böyük miqdarda təbii ehtiyatlar xammal və materialları emal edir və məhsul istehsal edirlər. Bu müəssisələrdə nəhəng miqyaslarda texnogen mənşəli tullantılar yaranır.

Bir çox istehsalat prosesləri üçün çirklənmiş sular və maye tullantıların yaranmağı qaçılmazdır. Bizim ölkə neft və neft məhsullarının böyük istehsalçısı olduğundan ətraf mühiti çirkləndirən tullantıların sırasında neft emalı tullantıları ən geniş yayılmışdır.

Statistik və ekspert qiymətləndirmələrinə görə hazırda bizim ölkədə 3–5 mln  texnogen tullantılar toplanmışdır və onun yarıdan çoxu neft emalı zavodlarının tullantılarıdır. Bir qayda olaraq, neft emalı tullantıları, eləcə də çirklənmiş sular təmizləndikdən sonra alınan şlam heç bir istehsalata cəlb olunmur, onlar boş sahələrə daşınır, çox vaxt utilləşdirilmir və deməli, ətraf mühiti çirkləndirir.

Tullantıların daşınmasına böyük xərclər çəkilir, onların yerləşdirilməsi üçün torpaq sahələri ayrılır. Həmin sahələrdə və onun ətrafında böyük ərazilərdə flora və fauna məhv olur. Atmosfer yağıntıları ilə belə tullantılar və şlamlarda olan zərərli maddələr (toksinlər) torpağa nüfuz edir, sonra yeraltı sularla su hövzələrinə, çay və göllərə sızır.

Bundan başqa, tullantıların basdırılma sahələrində daim buxarlanma gedir və atmosfer zəhərlənir. Yay vaxtlarında birbaşa günəş şüaları və küləklər zərərli maddələri yaşayış məntəqələrinə, havası onsuz da ifrat “yüklənmiş” şəhərlərin üzərinə gətirir .

İsti yay günlərində uzun illər nəzarətsiz qalan belə “poliqonlarda” yanğın halları da olmuşdur. Bu zaman yaxın yerləşmiş şəhər və qəsəbələrin əhalisi boğucu tüstünün bir neçə həftə “əsiri” olurlar.

Bu problemin ciddiliyi texnogen tullantıların emalının rentabelli üsullarının və utilləşdirilməsinin ekoloji əsaslandırılmış metodlarının hələ də kifayət qədər işlənməməsi,  bu sahəyə diqqətin az olması, elmi əsaslandırılmış metod, vasitə, təklif və tövsiyələrin kifayət qədər əhatəli işlənməməsidir .

Belə ki, Bakı Neft Emalı zavodunda təmizləyici qurğuların cəmi bir il işləmə müddətində ilkin saxlama bunkeri tərkibində neft olan dib çöküntüləri ilə 70%-dək dolmuşdur. Avadanlıqların yuyulması və təmizlənməsindən sonra istehsalat tullantı suları, xammal çənlərinin buxarlandırılmaqla təmizlənməsi, zavodun işçi sahələrinin təmizlənməsindən alınan tullantılar, eləcə də yağış-sel suları da zavod ərazisindən ilkin təmizləyici-saxlanma və çökdürmə bunkerlərinə daxil olur. Əmələ gələn çökmüş şlam qatı saxlama bunkerinin işinin səmərəliliyini pisləşdirir və son nəticədə tullantı sularının təmizlənmə keyfiyyətini aşağı salır.

Bakı Neft Emalı zavodunda Lukoyl şirkətinin texnologiyası əsasında yeni tipli təmizlənmə qurğusunun işə salınmasınadək tutumların təmizlənməsi, avadanlığın yuyulması; qalıq və distilyat yağlarının kontakt təmizlənmə tullantıları, kokslaşdırma qurğularından sonra yaranan əlavə məhsullar, neftin ilkin emalı zamanı yaranan neft tərkibli tullantılar şlam yığıcı gölməçələrə daşınır.

Abşeron yarımadasında bir neçə ərazidə (Hövsan, Balaxanı, Böyük Şor, Qanlı göl və s.) belə gölməçələr yaranmışdır, onlar Bakının atmosferi, flora və faunasına mənfi təsir göstərirlər (artıq onların təmizlənmə prosesləri gedir). Belə su hövzələrində ekoloji cəhətdən təhlükəsiz olmayan milyonlarla ton şlamlar toplanıb qalmışdır, onlar açıq səma altında nəhəng sahələri tutur.

Göstərilən dib çöküntüləri özlüyündə qara rəngli, yağlı, mazutaoxşar ağır çəkili, müxtəlif karbohidrogen tərkibli kütlədən ibarətdir. Tərkibdə 40%-dək suyun olması bu şlamların sonrakı emalı və utilləşdirilməsi üçün bir sıra çətinliklər törədir. Çünki əksər texnoloji proseslərdə tərkibdə belə böyük miqdar suyun olması yol verilən deyil. Suyun ayrılması isə əməli cəhətdən çətin və enerji tutumlu bir prosesdir.

Mövcud vəziyyətdən daha məqsədəuyğun çıxış yolu ətraf mühit üçün ekoloji təhlükəsizliyi azaltmağa imkan verən neft şlamların zərərsizləşdirilmə  texnologiyasının yaradılması və tullantıların səmərəli və əlverişli istifadə sahələrinin müəyyən edilməsidir.

Bu zaman ilk növbədə texnogen tullantıların digər istehsalat sahələrində istifadə imkanlarını araşdırmaq lazımdır.

Məlumdur ki, tökmə istehsalatında qəlib və içlik qarışıqlarında yanıq əleyhinə əlavələr qismində karbon tərkibli materiallar, o cümlədən, mazut, neft kəpəyi, kub qalıqlar və s. töküklərdə yanıqla mübarizə üçün istifadə olunur.

Yanıq (və ya yanıb yapışma) – töküklərin səthində çox ciddi bir qüsurdur, yanıq təkcə metalın yonqar itkisinə və qəlib materiallarının əlavə sərflərinə səbəb olunmur, eləcə də tökmə sexlərinin təmizləmə şöbələrində işləyən insanların ciyərində peşə xəstəliklərinin (silikoz) yaranmasına rəvac verir.

Lakin sadalanan materiallardan əksəriyyəti ya bahalıdır, yaxud nəqledilmədə rahat deyillər, ya da digər istehsalatlar üçün xammal qismində istifadə oluna bilər. Bununla əlaqədar olaraq, yuxarıda adı çəkilən neft şlamlarını və digər texnogen tullantıları töküklərin səthinin keyfiyyətini yaxşılaşdırmaq üçün qəlib və içlik qarışıqlarında əlavələr qismində tədqiq etmək təklifi elmi məsələdi.

Beləliklə, yuxarıda şərh olunanlara əsasən qeyd etmək olar ki, bu texnogen tullantıların    utilləşdirilməsi və təkrar emalı ekoloji problemlərin həlli üçün tökmə istehsalatında yararlı ola bilər. Ona görə də  neft tərkibli şlamların və digər texnogen tullantıların istifadəsi və ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinin aradan qaldırılması üzrə əməli tədbirlər və texniki həllər işlənməlidir.

Qoyulmuş məqsədə nail olmaq üçün  aşağıdakı məsələlərin həlli zəruridir. Əvvəla, neft emalı və digər texnogen tullantıların kimyəvi tərkibləri öyrənilməlidir. Bununla yanaşı, texnogen tullantıların toksikoloji və radiasiya təhlükəliliyinin qiymətləndirilməsi mühüm bir vəzifə kimi yerinə yetirilməlidir. Bundan sonra texnogen tullantıların komponent tərkibinin müəyyən edilməsi üçün müasir metodikalar tətbiq edilməlidir. Sonraki mərhələlərdə isə metal-qəlib kontakt zonasında “parlaq karbon” çıxışının miqdarını hesablamaq lazımdır.

Tullantıların metallurgiya sənayəsində tətbiqini nəzərdə tutaraq yüksək temperaturlarda tədqiqat obyektlərində baş verən istilik-fiziki proseslərin öyrənilməsi vacibdir.

Texnogen tullatıların tökmə istehsalında qəlib materialı qismində istifadə edilməsi məqsədi ilə aşağıdaki ümdə vəzifələri həyata keçirmək lazımdır:

  • neft emalı tullantılarını istifadə etməklə yanıq əleyhinə əlavələri olan qəlib və içlik qarışıqlarının optimal tərkiblərinin işlənməsi;
  • digər texnogen tullantıların metallurgiya istehsalında tətbiq imkanlarının araşdırılması;
  • işlənmiş təklif və tövsiyələrin sənaye sınaqlarının aparılması;
  • tökmə sexində işçi atmosfer havasının qaz analizinin aparılması;
  • neft şlamları və texnogen tullantıların utilləşdirilməsi üzrə təkliflərin ekoloji-iqtisadi səmərəsinin qiymətləndirilməsi.

Nəticə. Texnogen tullantıların metallurgiya sənayəsində, o cümlədən, tökmə, istehsalatında istifadəsi problemi aktual elmi-texniki məsələdir və həllini gözləyir.  Neft və neft məhsulları istehsal edən ölkəmiz üçün bu problemin həlli böyuk texniki iqtisadi, ekoloji və sosial səmərə verə bilər. Odur ki, sənaye mütəxəssisləri və tədqiqatçıların bu məsələyə daha çox diqqət yetirməsi zəruridir.

 

UNEC-in Mühəndislik fakültəsinin “Maşın mühəndisliyi”

ixtisasının tələbəsi Həsən Əlizadə 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay