A

UNEC-in “Azərbaycan dili” kafedrasında Ümumi fənlərin tədrisinin təşkili departamenti ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva qeyd edib ki, ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamı çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən Sərəncam dahi şairin irsini müstəqil Azərbaycan dövlətinin idelları işığında Azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiq etməyə imkan vermiş oldu. G.Rzayeva bildirib ki, Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Onun parlaq dühasının  təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılıb və ona böyük şöhrət qazandırıb.

Daha sonra “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli çıxış edərək, bildirib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli  şəkildə qeyd edilməsi milli-mədəni dəyərlərin  qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, ölməz şairin 500 illiyi Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. T.Əbdülhəsənli vurğulayıb ki, Məhəmməd Füzuli mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəlib, Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirib və onun irsi dövlət başçısı İlham Əliyevin Sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılacaq.

Dəyirmi masada dosent Vəfa Allahverdiyeva “Füzuli irsinin tərənnümü”, dosent Günal Səfərli “Füzuli lirikası”, baş müəllim Könül İbrahimova “Anadilli ədəbiyyatımızın ən parlaq nümayəndəsi”, müəllim Elza Babayeva “Məhəmməd Füzulinin Azərbaycan dilinin inkişafında rolu”mövzularındada çıxış ediblər. 

TOP XƏBƏRLƏR