A

"Xalq qəzeti"

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 2 onillikdə Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır.

Azərbaycan hərtərəfli yeniləşmə və tərəqqinin bu yüksək mərhələsinə Ümummilli lider Heydər Əliyevin yarat­dığı məqsədyönlü və fundamental əsas­lar üzərində gəlib çatmışdır. Ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə ger­çəkləşdirilmiş strateji proqramlar respub­likamıza əsrə bərabər inkişaf və tarixi nailiyyətlər qazandırmışdır. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əli­yev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artma­sında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır”. 

Dövlət başçısı son 20 ildə Ulu öndə­rin qurduğu təməl üzərində Azərbaycanın dövlət kimi dayaqlarını daha da möhkəm­ləndirmiş, inkişaf perspektivlərini yeni keyfiyyət və kəmiyyət platformasına yük­səltmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri Prezident İlham Əliyevin 2003-cü ildən bəri imzala­dığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmış­dır. Bu dövrdə respublikamızda iqtisadi quruculuq yeni strateji proses kimi ger­çəkləşdirildi. Nəticədə, ölkəmiz regionun ən güclü dövlətinə çevrildi. Bunun nəticə­si olaraq insanların maddi rifahı və həyat səviyyəsi xeyli yaxşılaşdı. 

Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq ölkənin sosial-iqtisadi cəhətdən inkişafını təmin etdi. Azərbaycanın regi­onda lider dövləti kimi bölgədəki yeni re­allıqların əsas müəllifi, iqtisadi-siyasi pro­seslərin başlıca iştirakçısı oldu. Ölkəyə rəhbərlik estafetini Ulu öndərdən qədul etmiş İlham Əliyev 2003-cü ildə bildirmiş­di: “İnsanların həyat səviyyəsini yaxşılaş­dırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanı­mız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”. 20 il öncə həyata keçirilməyə başlayan bu uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırası­na çıxarmışdır. 

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk dövrdə ölkənin inkişaf prio­ritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişa­fın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzaladı, daha sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldil­miş Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqra­mı”nı (2004–2008-ci illər) təsdiq etdi.

2003–2005-ci illər üçün “Azərbaycan respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”­nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə 2008–2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı in­kişaf üzrə Dövlət Proqramı” hazırlanıb qəbul edildi. Uğurla icra olunan bu dövlət proqramları, eləcə də digər vacib sənəd­lər, aparılan məqsədyönlü dövlət siyasəti respublikada uzunmüddətli sosial-iqtisadi inkişafı təmin etdi.

Prezident İlham Əliyev ölkədə neft gəlirlərinin artdığı və inflyasiya potensi­alının yarana biləcəyini nəzərə alaraq imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında ” 31 may 2005-ci il tarixində fər­manda neft bumundan milli iqtisadiyyatın qorunması, dövlət büdcəsi xərclərinə nə­zarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi məsələlərinə geniş yer verilmişdi.

Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisa­di sabitliyin təmin edilməsi, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlan­ması, qeyri-neft sektorunun stimullaşdı­rılması, əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, neft-qaz gəlirlə­rinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbulu zərurətə çevrilmiş­di. Bu məqsədlə Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005–2025) təsdiq etdi. Burada neft və qaz gəlirlərindən istifadənin əsas prinsipləri və ortamüddətli xərclər siyasətini müəy­yənləşdirdi.

2003–2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisa­diyyatı üçün olduqca üğurlu olmuşdur. Belə ki, bu uğurlar ilk növbədə dövlət başçısının siyasi iradəsi və qətiyyətli ad­dımları, ictimai-siyasi sabitliyin qorunub saxlanması, dövlət idarəçiliyinin səmərəli təşkili, iqtisadi inkişafda əsas hədəflərin düzgün müəyyən edilməsi, islahatların davamlı olması, cəmiyyətin real ehti­yaclarının ödənilməsinə yönəlmiş dövlət proqramlarının reallaşdırılması təmin edilmişdir. Bu isə sonda ölkə vətəndaşla­rının maddi rifahının yaxşılaşmasında və həyat səviyyəsinin yüksəlməsində özünü daha qabarıq göstərmişdir.

Hazırda ölkəmizdə islahatların tex­nologiyası davamlı olaraq təkmilləşdirilir. Prezident İlham Əliyev göstərir ki: “İqti­sadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-si­yasi vəziyyətə də müsbət təsir göstərir”. Respublikamız göstərilən istiqamətlərdə son 20 ildə həyata keçirilən islahatlar nə­ticəsində Dünya Bankının qiymətləndir­mələrinə görə, yuxarı orta gəlirli ölkələr qrupuna daxil oldu. Bu müddət ərzində ümumi daxili məhsul 6,2 milyard dollar­dan 78,7 milyard dollara çatdı, ÜDM-un həcmi 4 dəfə artdı. 

Adambaşına düşən ÜDM 769 dollar­dan 7 min 798 dollara çatdı. Qeyri-neft-qaz ÜDM-u 4,1 milyard dollardan 41,1 milyard dollara çatdı. Respublikamızın xarici ticarət dövriyyəsi 3,8 milyard dollar­dan 52,7 milyard dollara yüksəldi. İxracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara, qeyri-neft ixracı isə 0,26 milyard dollardan 3,05 milyard dollara qalxdı. 20 il ərzində kənd təsərrüfatı istehsalı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artdı. Respub­likamızın valyuta ehtiyatı isə satronimik səviyyəyə – 1,4 milyard dollardan 58,5 milyard dollara çatdı. Ölkəmizdə yoxsul­luğun səviyyəsi son 20 ildə 46,7 faizdən 5,5 faizə endi.

Ötən dövrdə iqtisadiyyatın şaxələn­dirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının sti­mullaşdırılması, daxili tələbatın yerli is­tehsal hesabına təmin edilməsi istiqamə­tində kompleks və ardıcıl işlər görülüb. Bu baxımdan, iqtisadiyyatın neftdən asılı­lığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafı iqtisadi siyasətin mərkə­zində duran əsas hədəflərdəndir.

Qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meylləri, ölkənin valyuta ehtiyatlarının həcmi və onunla müqayisədə xarici dövlət borcunun mini­mal səviyyəsi, nəqliyyat enerji layihələri­nin həyata keçirilməsi ölkənin milli və iq­tisadi təhlükəsizliyi üçün möhkəm zəmin yaradır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi məsələsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. 

Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məh­sulunun ümumi həcmində özəl sektorun payı isə 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. Bundan əlavə 2002-2022-ci illərdə ölkə­nin qeyri-neft qaz sənayesində istehsalçı həcmi 1,6 milyard manatdan 17,7 milyard manata yüksəlib. 

Hazırda Azərbaycanda 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Min­gəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl sənaye parkları və 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Sənaye zonalarında 10,23 milyard manatlıq məhsul istehsal edilib və onun 3,35 milyard manatlıq his­səsi xarici ölkələrə ixrac edilib. 2023-cü ilin birinci yarısında bu müəssisələrin sat­dığı 1,4 milyard manat dəyərində məhsu­lun 33,2 faizi, yəni 470,6 milyon manat ix­rac edilib. Sənaye zonalarının qeyri-neft sektorunun xüsusi çəkisi 16,5 faiz, qey­ri-neft sənaye məhsulunun ixracında isə 20,7 faiz olub. 

Milli iqtisadiyyatın inkişaf strategiyası da prioritet istiqamətlərdən biri kimi ixti­saslaşmış turizmin müəyyənləşdirilmə­si, inkişafı istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycan Respublikasının cəlbedici məkan kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq. Bu, eyni zamanda, qarşılıqlı əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə etməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycan­da turizm xidmətləri üzrə keyfiyyətin yük­səlməsinə gətirib çıxaracaqdır. 

Dünya ölkələri, xüsusilə Avropa İt­tifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişləni, Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri və Bakı–Tbili­si–Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasın­da müstəsna rol oynayır. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz 2” layihəsi üzrə qərarının im­zalanması xüsusi qeyd edilməlidir.

Son 20 ildə ölkəmizdə biznes və in­vestisiya mühiti, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, mühüm tranzit mərkəzi olması məsələləri investisiya cəlbediciliyi baxımından çox əlverişli olmuşdur. Bu baxımdan Azər­baycan beynəlxalq öhdəliklərə vaxtında əməl edir və transmilli layihələrin, o cüm­lədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bütün bunlar isə ölkəmizə qoyulan in­vestisiyaların həcminin artmasına səbəb olmuşdur. 

Ötən dövrdə ölkə iqtisadiyyatına qo­yulmuş 300 milyard ABŞ dolları inves­tisiyaların 200 milyard dollardan çoxu ölkənin qeyri-neft-qaz sektoruna yönəl­dilmişdir. İnvestisiyaların həcminin belə sürətlə artmasının mühüm səbəblərin­dən biri ölkədəki sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəyliyin olma­sı, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsidir. Ölkənin inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiya­ları yönəldilib. 

Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusi­ya və İran istiqamətində ölkə ərazisin­dən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Baki Beynəlxalq Dəniz ti­carət limanının tikintisi, Şərq-Qərb və Şi­mal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla ya­naşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 

Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmiş­dir. Respublikamız Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-loqistika mərkəzinə çevrilmişdir. Azərbaycan son 5–8 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.

2013-cü ildə ilk peykin buraxılmasın­dan sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Bu isə dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. 

Ölkə Prezident İlham Əliyevin müəy­yənləşdirdiyi sosial-iqtisadi inkişaf si­yasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qey­ri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliyinin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Res­publikamızda qeyri-neft sektorunun inki­şafında mühüm rol oynayan aqroparkla­rın yaradılması istiqamətində önəmli iş görülmüşdür. Bu isə regionlarda yeni iş yerlərinin açılması və məşğulluğun tə­min olunması ilə yanaşı, ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Respublikada 51 aqroparkın yaradılması ilə bağlı addımlar atılır. Artıq 30-dan çox aqropark fəaliyyətdədir. 

Bundan sonra bizim qarşımızda du­ran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatının səmərəliliyinin təmin edilməsidir - fikrini Prezident İlham Əliyev heç də təsadüfən qeyd etməmiş­dir. Bu baxımdan çox illərdə həyata ke­çirilən liberallaşma tədbirləri, xüsusilə də institusional islahatlar ölkə iqtisadiyyatın­da ciddi keyfiyyət dəyişiklikləri kimi qiy­mətləndirilmişdir.

Respublikamızın sosial-iqtisadi in­kişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişa­fa dair Milli Prioritetlər qəbul edilmişdir. Bu mühüm sənəddə qeyri-neft sektoru­nun inkişafı, nəqliyyat, tranzit və loqisti­ka infrastrukturunun təkmilləşdirilməsi, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qu­rulması, ətraf mühitin mühafizəsi azad edilmiş ərazilərin bərpası və s. məsələləri əhatə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə ölkəmizdə sosial-iiqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə “2019–2023-cü illərdə sosi­al-iqtisadi inkişafın Dövlət Proqramı” qə­bul edilib. Dövlət Proqramında dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiy­yatın daha da şaxələndirilməsi, investisi­yaların cəlbi, ölkə əhalisinin maddi rifahı­nın yaxşılaşdırılması və s. məsələlər öz əksini tapmışdır. Artıq bu Dövlət Proqra­mı da uğurla icra edilmişdir. 

Qeyd etmək lazımdır ki, tədqiqat apa­ran beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir­lər. Görülən tədbirlərin nəticəsidir ki, Dün­ya Bankının “DOİNG BUSİNESS” hesa­batında ölkəmizin reytinqi daim yüksəlir. Artıq Azərbaycan bu reytinqdə 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni za­manda ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib.

Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünül­müş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial Şanlı Ordumuzun düş­mən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi.

Artıq işğaldan azad edilmiş ərazilər­də böyük quruculuq işləri həyata keçrilir. Tarixi qələbədən sonra Qarabağın bər­pası və dirçəldilməsi sahəsində böyük işlərə Prezidentimiz özü rəhbərlik edir. Prezidentimiz İlham Əliyev, Birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva öz istirahət günlərini də Qarabağın tikinti meydançalarında keçirirlər. Bütün bunlar isə xalqın onlara olan sevgi və ehtiramını artırır. Prezident “Azərbaycan Respubli­kasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramın­nı təsdiq etmişdir. Dövlət Proqramına uy­ğun olaraq, bütün ərazilərin və şəhərlərin bərpası, torpaq və su ehtiyaclarından səmərəli istifadə, yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması, ətraf mühitin qorun­ması, yaşıl iqtisadiyyat, infrastrukturun və ekosistemin bərpası və s. istiqamətlərdə layihələr həyata keçrilir. 

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizədə öz töhfəsini verir. Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq­ların bərpası və artırılması, su ehtiyatla­rından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi sahə­sində böyük işlər görülür. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngə­zur, eləcə də Naxçıvan Muxtar Respub­likası yaşıl enerji zonası elan edilmişdir.

Ölkə Prezidenti 2024-cü ili “Yaşıl dün­ya naminə həmrəylik ili” elan etmişdir. Aparılımış tədqiqatlar göstərir ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mə­nimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi gücü müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstə­rişlərin önündə bu gün məhz ölkədə in­formasiya-kommunikasiya texnologiyala­rının tutduğu yer və onun inkişafı dayanır. Bu baxımdan Azərbaycan dünya üzrə ekoloji mübarizənin ön cəbhəsinə çevri­lib. COP29-un ölkəmizdə keçirilməsi bu gerçəyin mötəbər təsdiqidir .

Azərbaycan son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib, bütün sahələr üzrə qarşıya qoyulan və­zifələr yüksək səviyyədə həyata keçi­rilib. Gerçəkləşdirilən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlo­bal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcək.

Arif ŞƏKƏRƏLİYEV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay