Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi qarşısında
Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı müstəqillik qazanmış milli dövlətimizin inkişafına yeni nəfəs verdi. Demək olar ki, cəmiyyətin bütün sferalarında inqilabi dəyişikliklər baş verdi. Ölkə iqtisadiyyatı ulu öndər Heydər Əliyevin qayğısı sayəsində yaxın keçmişdə əldə etdiyi şöhrətini bərpa etdi.
1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. 1996-cı ildən əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş- miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etdi.
1993-cü ildə Azərbaycan istehsal imkanının, demək olar ki, üçdə ikisini itirmişdi və milli gəlirin qazanılması sıfır dərəcəsində idi. Ölkə üzrə emal sahələrinin böyük bir hissəsinin sıradan çıxması, başqa sferaların isə xammal qıtlığı və satış bazarları problemi ilə üzləşməsi iqtisadiyyatı dağılma həddinə çatdırmışdı. Bu dövrdə iqtisadi nizamsızlıq sosial böhranı dərinləşdirirdi, işsizlik səviyyəsi çoxalmışdı və ölkəni işsizlik təhlükəsi gözləyirdi. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı və bütün bunlar ondan xəbər verirdi ki, ölkə iqtisadiyyatı idarəedilməz duruma düşmüşdü. 1993-cü ilə kimi ölkədə sahibkarlıq sahəsi istiqamətində ciddi islahatların aparılmaması və sistemsiz epizodik tədbirlər bazar iqtisadiyyatının mühüm komponentlərindən sayılanı sahibkarlıq institutunun tərəqqisini ləngidirdi.
Bunlardan əlavə, bazar iqtisadiyyatının digər mühüm sektorlarının, misal üçün, satış mərkəzi, xidmət, nəqliyyat, vasitəçi-təchizat və bank fəaliyyətinin yaranması prosesi kortəbii və rəsmi xarakter daşıyırdı. Xarici ticari fəaliyyət, eyni zamanda, vacib təşkilati-hüquqi baza yaradılması sahəsində təcrübəsizlik ona gətirib çıxardı ki, şirkətlər, xüsusilə yeni yaranmış bazar strukturları, bir qayda olaraq, qazanc üçün 100 milyonlarla dollarlıq neft məhsullarını, alüminiumu, pambığı və digər strateji məhsulları dünya qiymətlərindən aşağı məbləğə ixrac edirdilər.
Bunların hamısı istehsal vasitələri bazarını formalaşdıran mühüm faktorlardan biri kimi çıxış edən ixrac potensialından səmərəli istifadə əmsalının çox aşağı olduğunu, bir sözlə, arxa plana keçirildiyini göstərirdi. Bazar əlaqələrinin təşəkkülü və bu münasibətlərə əsaslanan istehsal mexanizmləri bazarının tərəqqisi üçün vacib sayılan ilkin şərtlərin ərsəyə gətirilməsi sahəsində ciddi problemlər özünü göstərirdi. Ötən əsrin 80-ci illərinin sonlarına yaxın keçmiş SSRİ-də gedən ictimai-siyasi proseslər Azərbaycanda da iqtisadiyyatın bütün sahələrinə, o cümlədən, neft sənayesinə də öz mənfi təsirini göstərmişdi. Neft hasilatı 1987-ci ildəki 13,8 milyon tondan 1993-cü ildə 10,3 milyon tona enmişdi.
Göründüyü kimi, milli iqtisadiyyatın başqa sektorları kimi, neft sənayesində də tənəzzül prosesi xeyli intensivləşmiş, hasilat getdikcə aşağı düşmüş, neftçilərin sosial-iqtisadi durumu son dərəcə ağırlaşmışdı. Neft məhsulları və avadanlıqlarının emalı sahəsində böhranlı vəziyyət yaranmış, bu sahə üzrə ixtisaslaşmış zavodlar hakimiyyətdə yüksək vəzifələr tutmuş şəxslərin qiyməti milyon dollarla ölçülən korrupsiya və mənimsəmə obyektinə çevrilmişdi. Bundan başqa, maliyyə vəsaitinin məhdudluğu xarici müəssisələrin və investorların cəlb edilməsini strateji zərurətə çevirsə də, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi.
Beləliklə, qeyd etmək olar ki, böyük siyasət dahisi Heydər Əliyevin sosial-iqtisadi strategiyasının tətbiqi nəticəsində 1995-ci ildən etibarən ölkədə inkişafın yeni mərhələsi– bərpa və dinamik tərəqqi dövrü başlanmışdır. 1995–2003-cü illərdə ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Nəticədə, siyasi və makroiqtisadi nöqteyi-nəzərdən dəyişməz, mütəmadi və dayanıqlı iqtisadi tərəqqiyə malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın indiki uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Ulu öndərin ən sadiq davamçısı Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır”.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır və qalib gəlir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Azərbaycanda 1993-cü ildən başlayaraq əsası Heydər Əliyev tərəfindən qoyulan və həyata keçirilən enerji siyasəti çox maraqlı mərhələləri keçib. 2018-ci ilin may ayının 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminə Prezident İlham Əliyev vurğulayıb: “TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, 20 ildən sonra “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da, böyük və tarixi hadisədir”.
Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 45 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada, şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Belə ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.
TANAP layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan beynəlxalq bir layihədir.
TANAP layihəsinin Gürcüstan–Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə –Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Eyni zamanda, bir neçə xarici dövlətin bu layihəyə qoşulması üçün münbit şərait yaratdı. İndi Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan və Albaniya layihənin iştirakçılarıdırlar. Hazırda bu tərkibin genişlənəcəyi gözlənilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı–Tbilisi–Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Azərbaycan və Türkiyənin mühüm birgə meqalayihələri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib: “Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir”. “STAR”-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.
Zavodda 1100 nəfər daimi işlə təmin olunacaq. Belə ki, 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Prezident İlham Əliyevin dediyi kimi, növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək. Hesablamalara görə, “Star”a qoyulan vəsaiti SOCAR uzağı 10 ilə geri qaytara biləcək: “Düzdür, burada qiymətlərin müəyyən təsiri olacaq. Amm ən aşağı hesablamalarla bu zavoddan ildə 500 milyon dollar mənfəət götürmək mümkün olacaq – kredit resurslarını da qaytarmaq şərtilə. Bu baxımdan, zavoda investisiya kifayət qədər uğurlu sərmayədir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də, dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər–Qara dəniz–Aralıq–Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.
Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq ölkə Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Prezident İlham Əliyev “Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”, – deyə bəyan edərək, bunu dövlətin qarşısında strateji məqsəd kimi müəyyən edib. “2003-2005-ci illər üçün Azərbaycan respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə Prezident cənab İlham Əliyev tərəfindən “2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilib.
Milli iqtisadiyyatın son 18 il ərzində 3,2 dəfə, o cümlədən, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bundan başqa, qeyri-neft ixracı 4,7 dəfə artıb. Əməkhaqlarının, təxminən, 7 dəfə, minimum əməkhaqqının 23 dəfə, pensiyaların 9 dəfə artdığı, 3,1min məktəbin, 640-dan şox xəstəxananın, eyni zamanda çoxsaylı sosial obyektlərin tikilərək istifadəyə verildiyi , 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 18 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb.
Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq, təxminən, 50 faizdən 5,1 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2018-ci illərdə Azərbaycanda 1,5 milyonu daimi olmaqla, 2 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub.
Ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi prosesləri, sosial firavanlığın təminatı istiqamətində atılan mühüm addımlar yoxsulluğa qarşı mübarizə sahəsində qarşıdakı dövrdə də mühüm uğurların qazanılmasına imkan verəcəkdir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görmüşdür.
Son illər ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. Dövlətimizin başçısı tərəfindən “Sənaye ili” elan olunmuş 2014-cü ildə Azərbaycanda reallaşdırılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən işlər qeyri-neft sektorunda, xüsusən də, sənayenin qeyri-neft sahələrində böyük bir canlanmaya səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 2 ildə ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili istiqamətində mühüm işlər görülmüş, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra digər mühüm sənaye obyektlərinin tikintisinə başlanılmışdır.
Azərbaycanda sosial məsələyə mühüm önəm verilir. Prezident İlham Əliyev iclasda bununla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar”.
Azərbaycan iqtisadi və maliyyə böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, 2018-ci ildə respublikamızda maaşlar və pensiyalar 10 faiz artırılıb. Bu da nadir hadisələrdən biridir. Adətən, hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır.
Bunun nəticəsidir ki, Azərbaycan hazırda inkişaf etmiş ölkələr səviyyəsində mükəmməl infrastruktura malikdir. Buna paralel olaraq qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, turizm, tikinti, nəqliyyat və digər sahələrinin inkişafı istiqamətində də böyük işlər görülür. Bunun üçün dövlət hər il təkcə sahibkarlara milyonlarla manat güzəştli kreditlər verir. Elə neftin qiymətinin bir il ərzində dörd dəfə ucuzlaşmasına baxmayaraq, ölkədə iqtisadi inkişafın davam etməsi bunun göstəricisidir. Bu gün respublikamızın valyuta ehtiyatları 46 milyard dollardır.
Belə ki, bütün bunlar qeyri-neft ixracının göstəricilərində də əksini tapır. Belə ki, son 3 il ərzindən qeyri-neft ixracı, ümumilikdə, 38,5 faiz artaraq 1,7 milyard ABŞ dolları təşkil edib. 167 yeni növ məhsulun ixracına başlanıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb. Bundan sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatının səmərəliliyinin təmin edilməsidir– fikrini Prezident İlham Əliyev heç də təsadüfən qeyd etməmişdir. Bu baxımdan, çox illərdə həyata keçirilən liberallaşma tədbirləri, xüsusilə də institisional islahatlar ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi qiymətləndirilmişdir.
Respublikamızın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiyada qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və loqistika infrastrukturunun təkmilləşdirilməsi, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli social müdafiə sisteminin qurulması, ətraf mühütün mühafizəsi və s. məsələləri əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə ölkəmizdə sosial-iiqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə “2019-2023-cü illərdə sosial-iqtisadi inkişafın Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramında dayanıqlı iqtisadi artımını təmin edilməsi, iqtisadiyyatın daha da şaxələndirilməsi, investisiyaların cəlbi, ölkə əhalisinin maddi rifahının yaxşılaşdırılması və s. məsələlər öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, aparılan beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirirlər. Görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının “DOİNG BUSİNESS” hesabatında ölkəmizin reytinqi daim yüksəlir. Artıq Azərbaycan bu reytinqdə 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib.
Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial şanlı ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi.Ölkəmiz özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030:sosial-iqtisadiinkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Növbəti onillikdə dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inkluziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi milli prioritetlərin həyata keçrilməsi nəzərdə tutulmuşdur.
2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Belə ki, ölkə ərazisinin 20 faizinin uzun illər işğal altında qalmasına son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Azərbaycanın tarixi torpaqlara olan Qarabağın işğalından azad edilməsi respublikamızın qarşısında tamamilə yeni persepktivlər açıb. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib: “Şanlı qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayişi etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözumuzlə əməlimiz arasında heç bir fərq yoxdur... bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünkü Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtisadi birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilmişdir. Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Bu davamlı, yüksək sürətli inkişafın əsas sirri siyasət, iqtisadiyyat və sosial sahələrdə islahatların paralel və əlaqəli aparılması, müasir layihələrin icrası və ən mühümü isə insan amilinin həmişə diqqət mərkəzində saxlanılmasıdır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcəkdir. Bütün bunlar isə bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli və sürətlə inkişaf edən dövlətlərindən birinə çevriləcəkdir.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru, professor,
Əməkdar elm xadimi