Müasir şəraitdə regionların davamlı sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Çünki ölkənin iqtisadi təhlükəsizliyi, davamlı inkişafı və rəqabət qabilliyətinin artırılması regionların inkişafından çox asılıdır. Buna görə də regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, beynəlxalq standartlara cavab verən sosial rifah, təbii resusrlardan səmərəli istifadə, innovasiyalı iqtisadiyyatın modernləşdirilməsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşmasına imkan verir. Əlverişli mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olundu. Hazırda bu proqrama əsasən regionlarda genişmiqyaslı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan Respublikasında regionların davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmişdir ki, ölkənin regionlarında iqtisadi fəallığın daha da artırılması məqsədi ilə mövcud iş qüvvəsi, habelə bütün iqtisadi resurslar tam olaraq iqtisadi dövriyyəyə cəlb edilməli, regionların sürətli inkişafında insanların keyfiyyətli iqtisadi imkanlar və fiziki infrastruktur üzrə əlçatanlığı təmin olunmalıdır. Sənəddə bunun nəticəsi olaraq, regionların maliyyə-təsərüfat fəaliyyətinin yaxşılaşdırılması və milli gəlirdə onların payının artırılmasına nail olunacağı bir daha vurğulanır.
İqtisadi islahatlar şəraitində ölkədə regionların davamlı sosial-iqtisadi inkişafı dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub.
Prezident İlham Əliyev son 19 ildə sözügedən Dövlət Proqramından başqa respublikamızın regionlarının davamlı sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə proqram imzalayıb. Davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq, bölgələrin tərəqqisində önəmli rol oynayan regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından əvvəl bu istiqamətdə qəbul edilən (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) digər proqramların icrası dövründə ÜDM 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Bütün bu göstəricilər dövlətimizin başçısının Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşmasının məntiqi nəticəsidir. Bir az əvvəl vurğuladığım kimi, regional proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılıb. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması iş yerlərinin yaradılması prosesini sürətləndirib. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılıb, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsinə, sosial şəraitinin yaxşılaşmasına imkan verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiya dövründə Azərbaycanın bölgələrinin inkişafı istiqamətində atılan addımlar, reallaşdırılan layihələr xüsusi diqqət çəkir. Ötən müddət ərzində dövlətimizin başçısının rayonlara səfəri çərçivəsində sosial obyektlərin, yeni müəssisələrin açılış mərasimindəki çıxışları, imzaladığı sərəncamlar, müvafiq strukturların nümayəndələrinə verdiyi tapşırıq və tövsiyələr də mühüm önəm daşıyır. Ölkə rəhbərinin bu cür hərtərəfli qayğısı bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni imkanlar da açır, rayon mərkəzləri və kəndlərin tərəqqisi üçün yeni vəzifələr müəyyənləşdirir. Ümumiyyətlə, son 19 ildə respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdan mühüm önəm daşıyan həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılıb. 2021-ci ilin noyabr ayında dövlətimizin başçısının iştirakı ilə İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun istifadəyə verilməsi də bunun əyani ifadəsidir. Davamlı olaraq, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb. İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu müasir səviyyədə yenidən qurulub.
Ümumiyyətlə, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf sürətlənir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur. İsmayıllı və Şamaxı rayonlarının timsalında deyə bilərik ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Azərbaycanda regional proqramların uğurla icrası aqrar sektorun inkişafını sürətləndirib. Bununla bərabər, prezident tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən üzümçülüyün inkişafı istiqamətində görülən tədbirlər, həmçinin istehsalçılara subsidiyaların verilməsi haqqında qəbul edilən qərarlar istehsal və ixrac potensialının artırılmasını, məşğulluq səviyyəsinin yüksəlməsini şərtləndirib. Belə ki, dövlətimizin başçısının Şamaxıya səfəri çərçivəsində Üzüm Tingçilik Mərkəzinin istifadəyə verilməsi də kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Üzüm Tingçilik Mərkəzinin açılışında dövlətimizin başçısına və birinci xanıma bu təsərrüfat obyekti barədə məlumat verilərək, bildirilib ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Burada dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokseraya davamlı ağaclıqlar da yetişdiriləcək. Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Mərkəzdə istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzindədir.
Məlumdur ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Bunlara misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3,1 faiz çoxdur. Bunun nəticəsində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) təsdiq edildiyi vaxtdan ötən 18 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm uğurlar əldə olunub, iqtisadiyyatın bütün sahələrində dinamik artım qeydə alınıb. Təkcə birinci proqramın əhatə etdiyi 5 ildə 27,5 mindən çox yeni müəssisə açılıb, 547,5 min daimi yeni iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz yüksəlib, əhalinin gəlirləri 4 dəfə çoxalıb. Bu dövrdə həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Reallaşdırılan genişmiqyaslı layihələr sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına önəmli təsir göstərib.
Birinci regional proqramın icrası dövründə ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilib, qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılıb. Bu müddət ərzində 8 rayona qaz verilib, 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikası qazla təmin olunub. Eyni zamanda, kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılıb. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlanılıb. Meliorasiya tədbirlərinə diqqət artırılıb, suvarılan torpaqların sahəsi genişləndirilib. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.
Hacıyev Fazil Şöhlət oğlu, i.e.d, professor,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Maliyyə və audit” kafedrası