A

Sputnik.az

"Bu prosesdə 2 əsas amil rol oynamalıdır: Biznes proseslərinin sürətlənməsi və biznes proseslərinin şəffaflığı"

 "Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək".

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev açıqlama verib. Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq. Maraqlıdır, sahibkarlar üçün yaradılan bu yeniliyin idxal-ixrac prosesinə, bazar qiymətlərinə nə kimi təsirləri olacaq? Sputnik Azərbaycan bu sualla ekspertlərə müraciət edib, onların fikrini öyrənib.

İqtisadçı-ekspert Vüqar Bayramov bunu müsbət yenilik kimi qiymətləndirib: "Bu, xüsusən sahibkarların daha tez məlumat əldə etməsi baxımından çox vacibdir. Həmçinin sahibkarlara, məhz vergi ödənişlərini həyata keçirməklə bağlı məlumatlılıq və şəffaflıq baxımından vacibdir. Çünki sahibkara rəsmi SMS gəlir və buna əsasən ödəniş edilir. Nəticə etibarı ilə gömrükdə sahibkardan artıq vəsaitin tələb edilməsi mümkün olmur".

"Bu da şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Çünki bəzi hallarda rəsmi hesablanandan daha çox vəsaitin tələb edilməsi halları baş verirdi. Bu da heç bir halda arzuolunan deyildi. Daimi prosedurun avtomatlaşdırılması həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Bu, daha şəffaf mexanizmin yaradılmasına xidmət edir. Amma daha məqsədəuyğun olan odur ki, optimal gömrük dərəcələrinin tətbiqi həyata keçirilsin" — iqtisadçı əlavə edib.

Bayramovun fikrincə, idxalın şəffaflaşması onun həcminin artmasına gətirib çıxara bilər: "Nəticə etibarı ilə nə qədər proseduraların sayı azalırsa, sahibkarlar da o qədər idxalla, eyni zamanda, ixracla məşğul olmaqda maraqlı olurlar".

Ekspert bunun qiymətlərə təsir edəcəyini isə güman etmir: "Çünki burada söhbət vergi dərəcələrinin azaldılmasından yox, ödəyəcəyi gömrük rüsumunun məbləği ilə bağlı sadəcə sahibkarın məlumatlandırılmasından gedir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da bunu mütərəqqi addım kimi qiymətləndirib: "Ümumiyyətlə, tədricən informasiya-kommunikasiya texnologiyalarının sahibkarlıq fəaliyyətində tətbiqi sürətləndirilməli, intensivləşməlidir. Bu, bir tərəfdən biznes mühitində əks olunan proseslərin sürətlənməsinə, digər tərəfdən də şəffaflığa xidmət edən məsələdir. Ona görə bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları, xüsusilə də Dövlət Gömrük Komitəsi tərəfindən son həftələrdə atılan addımlar təqdirəlayiqdir".

Professorun fikrincə, ümumilikdə bu prosesdə 2 əsas amil rol oynamalıdır: "Birincisi, biznes proseslərinin sürətlənməsi, ikincisi isə biznes proseslərinin şəffaflığı. Amma bu addımların atılması ölkədə həyata keçirilən idxalın əvəz olunmasına, yerli qeyri-neft real sektorunun inkişafı ilə bağlı siyasətə zərər vurmamalıdır. Yəni başlıca məqsəd universal makroiqtisadi göstəricilərin, tədiyyə balansının sabit vəziyyətdə saxlanılmasından ibarət olmalıdır".

Məmmədovun qənaətincə, buna paralel olaraq biznes fəallığının stimullaşdırılması üçün müəyyən addımlar atılmalıdır: "Ümumiyyətlə, idxaldan da tamamilə azad olmaq mümkün deyil. Bununla bərabər, o sahələrdə ki, idxalın əvəzolunması qeyri-mümkündür, aidiyyatı qurumlar tərəfindən idxalla bağlı stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Amma ümumilikdə daha çox sferalarda idxalın əvəzolunması siyasəti davam etdirilməlidir".

Xalid Məmmədov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay