A

15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə UNEC Türk dünyası iqtisad fakültəsində “15 iyul Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü" adlı konfrans təşkil edilib.

Konfrans Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin anılması və iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra 2016-cı il iyulun 15-də baş verən hadisələrlə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Mehmet Yüce Türk millətinin iradəsinin nümunəsi olan həmin hadisələr zamanı şəhid olanlara Allahdan rəhmət diləyib.

Dövlət çevrilişinə cəhdin qarşısının alınmasında millət kimi bütövlüyün vacibliyini diqqətə çatdıran Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Türk xalqı hər zaman dövlətlə millətin sarsılmaz birliyinin tərəfdarı olub. "Məhz xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə küçələrə axışaraq, tankların qarşısına əliyalın çıxaraq qanı, canı bahasına bu xain cəhdin qarşısını qətiyyətlə alması bunun bariz sübutudur. Hadisələr zamanı şəhid olan hər bir vətən övladının xatirəsi türk millətinin qəlbində daim yaşayacaq”, - deyə Cahit Bağçı əlavə edib.

Konfransda çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır bildirib ki, bundan əvvəl də Türkiyədə həmin terrorçu qruplaşma bir neçə dəfə bu cür mənfur niyyətlər güdən, dövləti zəiflətmək məqsədi daşıyan cəhdlər göstərmiş, lakin hər dəfədə bu dırnaqarası güc məhv edilmişdir. M. Çakır dövlət çevrilişinə cəhd zamanı 250-dən çox insanın həlak olduğunu, 2735 nəfərin yaralandığını xatırladıb.

Çıxışdan sonra Türkiyədə müxtəlif illərdə baş vermiş çevrilişə cəhdlər və ölkənin hazırkı vəziyyəti ilə bağlı “Türkiye geçilmez” adlı videoçarx nümayiş olunub.

Xəzər Universitetinin Türk İslam Araşdırmaları Mərkəzi müdiri Telman Nüsrətoğlu Fətullah Gülən şəbəkəsinin daha çox təhsili az, elmi-dini biliyi kasad olan şəxsləri öz tərəfinə çəkməyə cəhd göstərdiyini, təəssüf ki, bu cəhdlərin bir çox hallarda uğurla nəticələndiyini deyib. "Bu gün Azərbaycanda və Türkiyədə bu təşkilatın üzvlərini, şəbəkəsini ifşa etmək istiqamətində uğurlu işlər aparılır. Ancaq Qərbdəki təhsil müəssisələri FETÖ tərəfdarları ilə işbirliyi həyata keçirir. Ona görə də biz öz ölkələrimizdə daha keyfiyyətli, Qərb təmayüllü təhsil verərək bu riskin qarşısını ala bilərik”,- deyə o əlavə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay