A

Real TV

Ali məktəblərdə təhlükəsizlik tədbirləri necə həyata keçirilir?!

Eksperimentimizə ilk olaraq terror hadisəsinin törədildiyi təhsil ocağından başladıq. Təbii ki, qapalı yerlərdə icazəsiz çəkiliş aparılmasını nəzərə alaraq operatorumuz çöldə idi. Bir yerə qədər rahat keçdim. Və keçə bildiyimə qətiyyən sevinmirdim, hətta ələ keçməyimi istəyirdim. Binaya bələd olmadığımdan pilləkənların yanında dayandım. Mühafizə əməkdaşı yaxınlaşdı və...

Düşünə bilərsiz ki, dəlinin yadına daş salırıq. Amma bu sınağı da etməliydik ki, yadına daş düşən dəlilərə iynə ucu boyda belə şərait yaranmasın. Özlüyümdə bu qələbəlikdə fürsətdən istifadə etməyi düşünürdüm. Hətta binaya bələd olsam belə hər mərtəbədə mühafizə əməkdaşlarının olduğunu dedilər.

Bununla belə uniformada olmayan təhlükəsizlik əməkdaşlarının da nəzərindən qaçmamışdım. Amma 1-cə metr də içəri daxil olandan sonra bu gecikən reaksiyalar fonunda Allah eləməmiş çox şey etmək olar. Mən isə pilləkənlərə sarı 5 metr adlamışdım.

Növbəti sınağımızı Slavyan Universitetində etdik. Lap kinolardakı kimi əminliklə giriş qapısına doğru irəlilədim.

Ağlıma da gəlməzdi ki, burada turnaketlər quraşdırılıb.

Gəlmə məqsədimizi açıqlayandan sonra universitetin məsul şəxsləri ilə görüşdük. Bizi hələ avtomobildən düşəndə müşahidə etdiklərini dedilər. Universitetin ərazisinin daxildən və xaricdən müşahidə kameraları ilə təmin olunması nəzarət mexanizminin rəvan işləməsini asanlaşdırır. Bununla belə mühafizə şirkətinin əməkdaşları ilə yanaşı polis işçisi də fəaliyyət göstərirdi.

Bakı Slavyan Universiteti ilk baxışdan təhlükəsizlik xidmətinin operativ işləməsiylə yadda qalsa da, jurnalist gözüylə çatışmayan tərəfləri qeyd etdik ki, mühafizə xidməti əməkdaşlarının başının altına yastıq qoymayaq. Onsuz da hər yer kamera idi.
Növbəti sınağımızı İqtisad Universitetində etdik. Burada qapıdan içəri girəndə hələ həyətdə ikən mühafizə xidmətinin əməkdaşları sorğu-sual etdilər. Dekanlığa gəldiyimi dedim. Dəqiqləşdirmə zamanı əsl məqsədimizi açıqladım.

Kənardan müşahidə edən zaman da tələbələrin tələbə biletini göstərərək keçməsini gördük. Təhsil ocaqlarının təhlükəsizlik fəaliyyəti ümumilikdə qənaətbəxş təsir bağışlasa da heç nədən sığortalanmaq olmaz. Düşünürəm bütün universitetlərdə mühafizə şirkəti əməkdaşları ilə yanaşı polis işçilərinin olması, müşahifə kameralarının, turniketlərin olması da mütləqdir. Ən azı təhlükəsizlik tədbirləri zamanı vaxt udmağa əlavə zəmin yaradır. Noveç kimi sabit ölkədə 2011-ci ildə baş verən terror hadisəsi bir daha sübut etdi ki, dünyanın ən inkişaf etmiş ölkələri də terrordan, kütləvi qətllərdən sığortalanmayıb. Amerika Birləşmiş ştatlarında isə məktəblərdə, kolleclərdə baş verən qətlləri demək olar ki, hər ay xəbərlərdə izləyirik. Amma bura nə amerikadır, nə də biz evi və əli silahlı soyuqqanlı amerikalı.

Orxan Məmmədli
Real TV

TOP XƏBƏRLƏR