Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
31 MART SOYQIRIMI
“Soyqırımın törətdiyi acı nəticələr (1918)”
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Belə ki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Hökumətin iclasında Xarici işlər naziri M. H. Hacinski bu məsələ barəsində çıxışında qeyd etdi ki, 4 aydır ki, erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhval-ruhiyyə yaradılır. Buna görə də belə bir təşkilatın yaradılmasına böyük ehtiyac hiss olunur. Həmin təşkilat Fövqəladə Komissiya xarakteri daşımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır. Vəkil Ələkbər bəy Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə Palatasının sədri olmuşdur) Təhqiqat Komissiyasının sədri təyin edildi. Bir neçə ay ərzində Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü.
Zərərçəkmiş yüzlərlə vətəndaş və şahid dindirildi, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı. Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi və Müvəqqəti hökumət təşkil edildi. Müvəqqəti hökumət Rusiya xalqlarına müraciətində elan etdi ki, birinci dünya müharibəsi başa çatandan sonra xalqların öz müqəddəratını həll etməsi məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorakı yolla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boşa çıxartdı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar.
Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı. Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üçdörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür, şikəst edirdilər. Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksutyun” partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi. Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırmışlar. Bu qırğınlarda təkcə Azərbaycan müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları ziyan çəkmiş oldu. “İsmailiyyə”də Bakı müsəlman xeyriyyə cəmiyyəti, Qafqaz müsəlman komitələri yerləşirdi, burada həmin təşkilatlara məxsus pul və sənədlər saxlanılır, müsəlmanların yığıncaq və qurultayları keçirilirdi. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.
Nəhayət, Ü. Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bugünkü vəzifəmiz o, qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.