UNEC-də YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı tərəfindən Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
UNEC-in prorektoru, İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində apardığı uğurlu islahatlardan söz acaraq, bu dahi şəxsiyyətin uzaqgörən siyasətinin hazırda ölkənin tərəqqisinə xidmət etdiyini bildirib. Ş.Əsgərov UNEC-də Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini və universitetin inkişaf strategiyasının da məhz Ümummilli Liderin elmin və təhsilin inkişafı istiqamətində verdiyi tövsiyələrə əsaslandığını diqqətə çatdırıb.
Şaiq Əsgərov tədbir iştirakçılarına ərazi partiya təşkilatının həyata keçirdiyi tədbirlər, eləcə də təşkilatın mövcud vəziyyəti barədə də məlumat verib.
Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlardan, ölkəmizin inkişafı naminə ərazi partiya təşkilatının üzvlərinin üzərinə düşən vəzifələrdən söz açıb. O, partiya üzvlərini ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.
Tədbir “Humanitar fənlər” kafedrasının professoru Afaq Məmmədovanın “Heydər Əliyev və Azərbaycanda təhsil quruculuğu məsələləri”, “Azərbaycan dili” kafedrasının baş müəllimi Könül İbrahimovanın “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu siyasəti” mövzularında maraqlı təqdimatları ilə davam edib.
Sonda YAP-a yeni qəbul olmuş UNEC-in əməkdaş və tələbələrinə üzvlük biletləri təqdim edilib.