A

UNEC-də keçirilən “Elm Günləri” çərçivəsində sonuncu tədbir Nobel mükafatı laureatlarına həsr olunmuş müzakirələrlə yadda qalıb. Tədbirin əsas məqsədi elmin populyarlaşdırılması və onun cəmiyyətə daha anlaşılan formada çatdırılması olub.

Tədbirdə elm adamları, ictimaiyyət nümayəndələri, eləcə də UNEC-in professor-müəllim heyəti iştirak edib.

Müzakirələr zamanı 2025-ci il üzrə fizika, kimya, iqtisadiyyat və digər sahələr üzrə Nobel Mükafatı laureatlarının elmi fəaliyyəti, onların bəşəriyyətə verdiyi töhfələr və elmə baxışları geniş təhlil olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında elmin populyarlaşdırılmasının cəmiyyət üçün əhəmiyyətinnə diqqət çəkərək, bu sahənin universitetin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: “Elmın populyarlaşdırılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu məqsədlə artıq bir neçə ildir ki, “Elmin populyarlaşdırılması” və “Elm gözəldir - məktəbdən elmə” təşəbbüsləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ali təhsil müəssisələri və məktəblərində görüşlər keçiririk. Məqsədimiz elmi məktəb yaşlarından gənclərə sevdirmək və onların gələcəkdə elmi fəaliyyətə yönləndirilməkdir”. Rektor, həmçinin qızların elmə marağının artırılmasına yönəlmiş yeni layihə üzərində də işlərin aparıldığını diqqətə çatdırıb: “Bu layihənin məqsədi qız şagirdlərin elmi fəaliyyətlərə daha çox cəlb olunmasına şərait yaratmaqdır.”

Ədalət Muradov Nobel mükafatçıları ilə bağlı müzakirələrin əhəmiyyətinə də toxunaraq bildirib ki, bu kimi tədbirlər yalnız elmi deyil, həm də milli və qlobal düşüncə baxımından vacibdir: “Bu gün biz yalnız lokal çərçivədə deyil, qlobal məkanda düşünməyi bacarmalıyıq. Öz potensialımıza düzgün qiymət vermək və öz gücümüzü tanımaq inkişafın əsas şərtidir.”- deyə o bildirib.

Tədbirdə çıxış edən UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev mərkəzin fəaliyyət istiqamətlərindən bəhs edib. O qeyd edib ki, əsas məqsəd elmi bilikləri geniş ictimaiyyət üçün daha əlçatan və anlaşılan etməkdir: “Bu mərkəzin yaradılması təşəbbüsünün əsas xüsusiyyəti onun dinamik və məqsədyönlü xarakter daşımasıdır. Elmin populyarlaşdırılması yalnız məlumat vermək deyil, həm də düşüncə formalaşdırmaqdır.”

Etibar Əliyev çıxışında Nobel mükafatı laureatlarının yalnız elmi kəşfləri ilə deyil, həm də elmin təbliği istiqamətində gördükləri işlərlə seçildiyini vurğulayıb. O qeyd edib ki, bu alimlərin elm və təhsil haqqında fikirləri bu gün də aktuallığını qoruyur və gənclər üçün mühüm motivasiya mənbəyidir.

Eyni zamanda, o, elmin yalnız texnologiya və bilikdən ibarət olmadığını, onun mənəvi dəyərlərlə vəhdətdə inkişaf etməsinin vacibliyini xüsusi vurğulayıb: “Əgər gələcəkdə elm mənəviyyatdan uzaqlaşarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Buna görə də elmlə insani dəyərləri arasında balans qorunmalıdır.”

Tədbirdə iştirak edən yazıçı Aqşin Yenisey elmin daha geniş auditoriyaya, xüsusilə də gənc nəslə anlaşılan formada çatdırılması üçün Nobel mükafatçılarının, alimlərin müsahibələrini Süni İntellektin imkanlarından istifadə edərək canlandırmağı və rəqəmsal platformalarda paylaşmağı təklif edib.

Müzakirələr zamanı elmi ədəbiyyatlarının keyfiyyəti məsələsi də önə çəkilib. Qeyd olunub ki, Azərbaycan dilinə tərcümə olunan elmi kitabların peşəkar səviyyədə hazırlanması, terminoloji və dil baxımından yüksək standartlara cavab verməsi vacibdir. Bu məqsədlə kitabların nəşrdən əvvəl müvafiq ekspertiza və dil baxımından yoxlanılması təklif edilib. Vurğulanıb ki, fundamental elmi əsərlərin Azərbaycan dilinə tərcüməsi gənclərin biliklərə çıxış imkanlarını genişləndirir və onların elmi inkişafına mühüm töhfə verir.

Tədbirdə həmçinin qeyd olunub ki, elmin populyarlaşdırılması yalnız akademik mühitlə məhdudlaşmamalı, məktəbdən başlayaraq cəmiyyətin bütün təbəqələrini əhatə edən vahid yanaşma kimi inkişaf etdirilməlidir.

Sonda Etibar Əliyev UNEC-ə şəxsi kitabxanasından Nobel mükafatçılarından bəhs edən  kitablar hədiyyə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay