UNEC CLUBRARY-nin növbəti görüşü yazıçı Dilşad Talıbova ilə olub.
Görüş UNEC 24/7 Kitabxanada KİM rəhbərliyi, kitabsevərlər klubunun üzvləri, tələbə və əməkdaşların iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva müəllifin yeni çapdan çıxmış əsəri barədə fikirlərini bölüşüb. O, əsərin sadə və oxunaqlı dili ilə seçildiyini, dünya klassikləri və mütəfəkkirlərinin fikirlərinə istinad edən faydalı məzmun təqdim etdiyini vurğulayıb. Bildirib ki, müəllif əsərində insanın daxili dünyası, ifadə olunmayan hisslər və sosial münasibətlərdəki boşluqları ön plana çəkir ki, bu da xüsusilə gənc oxucular üçün əhəmiyyətlidir.
UNEC CLUBRARY-nin prezidenti, tələbə Ziyad Ağayev yazıçı Dilşad Talıbovanın həyatı, elmi-pedaqoji və yaradıcı fəaliyyəti haqqında iştirakçılara qısa məlumat verib.
Daha sonra müəllif “Tənha adamlar küçəsi” kitabını təqdim edərək əsərin ideyası, yaranma səbəbləri və oxucular tərəfindən maraqla qarşılanması barədə danışıb. Yazıçı qeyd edib ki, əsər sənət, tənhalıq və sevginin kəsişdiyi nöqtədə formalaşan real hekayədir.
“TEAS Press” nəşriyyat evinin rəsmi nümayəndəsi Rəşad İsmixanlı çıxışında bildirib ki, nəşriyyat tərəfindən Dilşad Talıbovanın artıq dördüncü kitabı yüksək tərtibatla çap olunub və oxucular tərəfindən böyük maraqla qarşılanıb. O, nəşriyyatın fəaliyyət istiqamətləri, təhsil müəssisələri, o cümlədən UNEC ilə əməkdaşlığı və gələcəkdə belə görüşlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində 24/7 Kitabxananın müdiri Arzu Məmmədova qonağa kitabxananın fəaliyyəti, layihələri və xidmətləri barədə məlumat verib. Əsaslı Kitabxananın müdiri Yusif Musayev isə qonağı kitabxana ilə tanış edərək zəngin kitab fondu və oxucular tərəfindən daha çox müraciət olunan nəşrlər haqqında danışıb.
Sonda yazıçı kitablarını imzalayaraq iştirakçılara hədiyyə edib, xatirə fotoları çəkdirilib.