A

UNEC-də  keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans çərçivəsində “Süni intellekt idarəetməsi: Etik məsuliyyət, alqoritmik şəffaflıq və informasiya təhlükəsizliyi” mövzusunda panel müzakirəsi təşkil olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə baş tutan paneldə Qazi Universiteti-nin professoru, Dr. Çetin Elmas-ın moderatorluğu ilə keçirilib. Müzakirələrdə “TransEuroCom” MMC-nin baş direktoru, texnika üzrə fəlsəfə doktoru Qismət İbrahimov və “Delta Telecom”un kibertəhlükəsizlik üzrə mütəxəssisi Novruz Bəhramov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir rəqəmsal iqtisadiyyatın əsasını təşkil edən etimad, effektivlik və sabitlik prinsipləri süni intellektin idarə olunmasında həlledici rol oynayır. Bildirilib ki, bazarın etik məsuliyyət üzərində qurulması və insan mərkəzli alqoritmlərin tətbiqi uzunmüddətli iqtisadi dəyərin və istehlakçı etibarının formalaşmasına şərait yaradır.

Panel zamanı rəqəmsal iqtisadiyyatda şəffaflığın rəqabət qabiliyyətinə təsiri, həmçinin “yeni neft” kimi xarakterizə olunan məlumatların təhlükəsizliyinin qorunmasının strateji əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, süni intellektin idarə olunmasında zəifliklər kibertəhdidlərin və məlumat sızmalarının artmasına səbəb olaraq rəqəmsal ticarət və maliyyə sistemlərinin dayanıqlığını risk altına sala bilər.

Ekspertlər bildiriblər ki, etik normalara əsaslanan alqoritmik audit mexanizmləri rəqəmsal iqtisadiyyatda bərabərsizliyin azaldılmasına və inklüziv inkişafın təmin olunmasına xidmət edir. Eyni zamanda vurğulanıb ki, rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, həm də şəffaf və təhlükəsiz idarəetmə standartları ilə müşayiət olunan kompleks iqtisadi keçiddir.

Sonda qeyd olunub ki, məlumatların konfidensiallığının qorunması qlobal rəqəmsal bazarlarda milli iqtisadiyyatın suverenliyi və nüfuzunun təmin olunmasında mühüm rol oynayır. Panelin yekun nəticəsi olaraq bildirilib ki, rəqəmsal gələcəyin uğuru etik məsuliyyət, alqoritmik şəffaflıq və informasiya təhlükəsizliyinin balanslı şəkildə təmin edilməsindən birbaşa asılıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay